Ötən il AzTV-nin zərəri 3 dəfədən çox artıb

İllüstrasiya ChatGPT ilə hazırlanıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2025-ci ili 4,2 milyon manat zərərlə başa vurub.

AzTV-nin 2025-ci il üzrə maliyyə hesabatına görə, şirkətin zərəri əvvəlki illə müqayisədə 3 dəfədən çox artıb. Belə ki, 2024-cü ildə bu göstərici 1,36 milyon manat təşkil edib.

Ümumilikdə, hesabatın təhlili göstərir ki, dövlət teleradio şirkətinin maliyyə göstəriciləri ötən il mənfi dinamika ilə müşayiət olunub.

Belə ki, QSC-nin 2025-ci ilin sonuna ümumi kapitalı 27 milyon 602 min manat təşkil edib. Əvvəlki ilin sonu ilə müqayisədə dövlət televiziyasının kapitalı 13,3 faiz və ya 4 milyon 221 min manat azalıb.

Kapitaldakı daralmanın əsas səbəbi illik zərərin artmasıdır.

Hesabata görə, AzTV-nin nizamnamə kapitalı dəyişməz olaraq qalıb – 10 milyon 725,8 min manat. Bölüşdürülməmiş mənfəət isə 23 faiz azalaraq 13 milyon 282 min manata düşüb.

Maliyyə sənədində dövlət teleradiosunun kreditor borclarının və öhdəliklərinin əhəmiyyətli dərəcədə artdığı görünür.

Dövlət televiziyasının qısamüddətli öhdəlikləri bir il ərzində 2,3 milyon manatdan 8 milyon 61 min manata yüksəlib. Bunun əsas səbəbi ticarət və digər kreditor borclarının 3 dəfə böyüməsidir. Yəni AzTV-nin bu istiqamətdəki borcları bir il ərzində 1,87 milyon manatdan 5,6 milyon manata çatıb.

Bundan əlavə, sənəddə 2025-ci ilin sonuna 1,86 milyon manat məbləğində “gələcək dövrlərin gəlirləri” öhdəliyi qeyd olunur. Halbuki, 2024-cü ilin rəqəmlərində bu bölmə üzrə hər hansı bir məbləğ göstərilməyib. Hesabatda isə gələcəkdə nə kimi gəlir gözləntilərinin olmasına dair izahat təqdim edilməyib. Müqayisə üçün qeyd edək ki, hesabatda cəmi 67 min manatlıq debitor borclarından, yəni müxtəlif təşkilat və qurumların QSC-yə olan borclarından bəhs edilir.

Bununla belə, AzTV-nin müqavilə öhdəlikləri bir ildə 17,2 dəfə artıb. Maliyyə sənədində sözügedən öhdəliklərin il ərzində 10,3 min manatdan 172,8 min manata yüksəldiyi qeyd edilir.

“Digər öhdəliklər” isə nisbətən azalaraq 429,1 min manat təşkil edib.

Hesabatda AzTV-nin 2025-ci il üzrə cəmi aktivlərinin əvvəlki illə müqayisədə 4,4 faiz artaraq 35,7 milyon manata yaxınlaşdığı qeyd edilir. Əsas artım bank hesablarındakı pul vəsaitlərində, qeyri-maddi aktivlərdə və debitor borclarında müşahidə olunur.

Ümumilikdə isə uzunmüddətli aktivlər 30 milyon manatdan 29,6 milyon manata enib. Bunun əsas səbəblərindən biri televiziyanın balansında olan inventarların dəyərinin azalmasıdır. Belə ki, avadanlıqların köhnəlməsi və yenilənməməsi QSC-nin inventarlarının ilkin dəyərinin azalmasına, real balans dəyərinin aşağı düşməsinə gətirib çıxarıb.

QSC-nin torpaq, tikili və avadanlıqlarının ümumi balans dəyəri bir il ərzində təxminən 1,57 milyon manat azalaraq 16,7 milyon manatdan 15,1 milyon manata düşüb.

Maliyyə hesabatına görə, AzTV-nin torpaq, tikili və avadanlıqlarının ilkin dəyəri 2025-ci ildə 84,8 milyon manat olub. Halbuki, 2024-cü ildə bu göstərici 85,4 milyon manat təşkil edib.

Beləliklə, 2025-ci il ərzində 1,2 milyon manatlıq maşın və avadanlıq dövlət kanalının inventarından silinib. Eyni zamanda, istehsalat alətləri və təsərrüfat inventarları kateqoriyası üzrə də 32,5 min manatlıq silinmə həyata keçirilib.

Bundan əlavə, aktivlərin köhnəlməsi xərcləri 2024-cü ildə 2,5 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 2,24 milyon manata enib.

Dövlət televiziyasının cari aktivləri isə, əksinə, 48 faiz artıb. Ötən il AzTV-nin cari aktivləri 4 milyon manatdan 6 milyon manata yüksəlib. Hesabata görə, bunun səbəbi bank hesablarındakı pul vəsaitlərinin kəskin artmasıdır. Bir il ərzində telekanalın bank hesablarındakı vəsaitin həcmi 31,2 min manatdan təxminən 2 milyon manata yüksəlib.

Audit rəyində qeyd edilir ki, QSC-yə məxsus əmlaka və ya onun əməliyyatları ilə əlaqədar dəyə biləcək zərərin qarşılanması üçün tam sığorta təminatı yoxdur:

“Cəmiyyət adekvat sığorta təminatını əldə edənədək, müəyyən aktivlərin itirilməsi və ya məhv olmasının Cəmiyyətin fəaliyyətinə və maliyyə vəziyyətinə ciddi mənfi təsir göstərəcəyi riski mövcuddur”.

Dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 2024-cü ildə 42,5 milyon manat, 2025-ci ildə isə 42,6 milyon manat vəsait ayrılıb.

2026-cı ilin dövlət büdcəsində isə bu istiqamət üzrə təxminən 42,3 milyon manat xərc nəzərdə tutulub.

Ana səhifə ▸ İqtisadiyyat ▸ Ötən il AzTV-nin zərəri 3 dəfədən çox artıb