İlkin nəticələrə görə, nə baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok, nə də Qadi Ayzenkotun müxalifət bloku parlamentdə çoxluq əldə edə bilib.
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərindən sonra ölkədə siyasi qeyri-müəyyənlik yaranıb. Baş nazir Benyamin Netanyahu və onun əsas rəqibi Qadi Ayzenkot yeni hökuməti formalaşdırmaq niyyətlərini açıqlayıblar.
“Reuters”in oktyabrın 28-də yaydığı məlumata görə, İsrailin “Kan 11” və “Channel 13” telekanallarının exit-pollarında hər iki siyasi blokun 51 mandat qazandığı göstərilir. “Channel 12” isə Netanyahunun rəhbərlik etdiyi bloka 52, müxalifətə 49 mandat proqnozlaşdırır.
120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.
Netanyahu tərəfdarları qarşısında çıxış edərək güclü sağçı hökumət qurmağa çağırıb. O, ABŞ Prezidenti Donald Trampla birlikdə İrana qarşı yenidən hərbi addımlar atılmasının mümkünlüyünə də işarə edib.
Ayzenkot isə seçicilərin Netanyahunun hakimiyyətdə qalmasını istəmədiyini bildirərək onu siyasətdən getməyə çağırıb. O, baş naziri ölkənin təhlükəsizliyindən siyasi məqsədlərlə istifadə etməməyə səsləyib.
Seçkilərdə ərəb partiyalarının qazana biləcəyi mandatlar hökumətin formalaşdırılmasında mühüm rol oynaya bilər. Lakin Ayzenkot həmin partiyalarla koalisiya qurmaq ehtimalını faktiki olaraq istisna edib.
Seçici fəallığı 77,7 faiz təşkil edib. Bu, son 20 ildən artıq müddətdə qeydə alınan ən yüksək göstəricidir.
Yekun nəticələrin oktyabrın 29–30-da açıqlanacağı gözlənilir. Tərəflərdən heç biri koalisiya qura bilməsə, İsraildə yenidən seçkilər keçirilə bilər.
Bu halda Netanyahu yeni hökumət formalaşanadək müvəqqəti baş nazir kimi vəzifəsini davam etdirə bilər.