Prezident Administrasiyasının sabiq rəhbəri dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, çirkli pulların yuyulması və rüşvət almaqda təqsirli bilinib. Lakin yaşı və səhhəti nəzərə alınaraq həbsxanaya göndərilməyəcək.
Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Lakin cəza şərti tətbiq olunub.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hökm oktyabrın 22-də çıxarılıb. Məhkəmə Ramiz Mehdiyevi Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib.
Lakin 88 yaşlı Mehdiyevin yaşı və mövcud xəstəlikləri nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi əsasında 14 illik həbs cəzasının şərti tətbiq edilməsinə qərar verilib.
Məhkəmə həmçinin Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə xüsusi müsadirə tətbiq edib.
Hansı daşınmaz əmlakların, şirkət paylarının və digər aktivlərin müsadirə qərarına daxil edildiyi, onların ümumi dəyəri barədə məlumat açıqlanmayıb.
Hökmdə Mehdiyevin dövlət təltiflərindən məhrum olunması məsələsinə baxılması üçün təqdimat göndərilməsi də nəzərdə tutulub.
Ramiz Mehdiyev nədə ittiham olunurdu?
Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Sonradan bu müddət bir neçə dəfə uzadılıb.
DTX-nin 2026-cı il fevralın 12-də yaydığı açıqlamada iddia olunurdu ki, Mehdiyev və bir sıra başqa şəxslər xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda hakimiyyəti zorla dəyişdirməyə çalışıblar.
İstintaq orqanının versiyasına görə, Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb. Sənədin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə çatdırıldığı, daha sonra xarici dövlətin xüsusi xidmət orqanlarının nümayəndələrinə göndərildiyi iddia edilirdi.
DTX həmçinin Mehdiyevi 17 milyon manatdan artıq cinayət yolu ilə əldə edildiyi iddia olunan vəsaiti leqallaşdırmaqda ittiham edirdi.
2026-cı ilin sentyabrında ona rüşvət alma maddəsi ilə də ittiham irəli sürüldüyü məlum olub.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də hakim Murad Aslanovun sədrliyi ilə keçirilib. Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da həmin iş üzrə təqsirləndirilən şəxsdir. Onun barəsində yekun qərara dair məlumat açıqlanmayıb.