Məhkəmə səhhəti ağırlaşan Aynur Elgünəşi ev dustaqlığına buraxmadı

Aynur Elgünəş- Foto: Chatgpt

Vəkil: “Aynurun səhhəti gündən-günə pisləşir, təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan baş redaktor Aynur Elgünəşin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkilin sözlərinə görə, Aynur Elgünəşin səhhəti gündən-günə pisləşir və onun təcili cərrahi əməliyyata ehtiyacı var. Lakin xəstəxana əvvəlcə kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasını tələb edir.

“Təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır. Bildirir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”, – Elçin Sadıqov bildirib.

Vəkil jurnalistin səhhətində yaranmış ciddi problemləri nəzərə alaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Lakin məhkəmə vəsatəti rədd edib.

Aynur Elgünəşin səhhəti son həftələrdə daha da ağırlaşıb.

Oktyabrın 18-də o, vəziyyətinin pisləşməsi səbəbindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Jurnalistin vəkillərinin daha əvvəl yaydığı məlumata görə, müayinələr zamanı onun böyrəyində 18 millimetrlik daş aşkarlanıb və təcili əməliyyat tövsiyə edilib. Vəkillər həmçinin Elgünəşin sinəsində şişlərin aşkarlandığını bildiriblər.

Digər vəkili Zibeydə Sadıqova jurnalistin indiyədək 17 dəfə əməliyyat keçirdiyini, həbs olunmazdan əvvəl də növbəti əməliyyata hazırlaşdığını açıqlayıb.

Aynur Elgünəş II qrup əlilliyi olan şəxsdir. Onun çanaq nahiyəsində endoprotez var və hərəkət etməkdə çətinlik çəkir.

Oktyabrın 21-də Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) da jurnalistin səhhəti ilə bağlı narahatlığını ifadə edib. Təşkilat onun həbsdə lazımi tibbi yardımdan məhrum edildiyini bildirərək tibbi əsaslarla azadlığa buraxılmasını tələb edib. RSF jurnalistin sağlamlığına dəyə biləcək geri dönməz zərərə görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayıb.

Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Həmin gün Meydan TV-nin digər əməkdaşları da həbs olunublar. Sonrakı aylarda iş üzrə saxlanılanların sayı 12 nəfərə çatıb.

Onlara qarşı əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülüb. 2025-ci ilin avqustunda ittihamlar ağırlaşdırılıb. Jurnalistlər qaçaqmalçılıqla yanaşı, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər cinayətlərdə ittiham olunurlar.

Onlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Hazırda “Meydan TV işi” üzrə məhkəmə prosesləri davam edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Məhkəmə səhhəti ağırlaşan Aynur Elgünəşi ev dustaqlığına buraxmadı