Göyərtəsində üç Azərbaycan vətəndaşının olduğu “Xorıv” ticarət gəmisi Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında batıb.
Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər xilas edilib. İlkin məlumatlara görə, gəmi dron hücumuna məruz qalıb.
Rumıniya Dəniz Administrasiyasının məlumatına görə, Komor adalarının bayrağı altında üzən gəmi oktyabrın 23-də Konstansa limanından təxminən 13 dəniz mili (24 kilometr) aralıda, Rumıniyanın ərazi sularından kənarda kömək siqnalı verib. Dron zərbəsindən sonra gəminin göyərtəsində yanğın baş verdiyi bildirilir. Lakin hadisənin səbəbi hələ rəsmi şəkildə təsdiqlənməyib.
Gəminin göyərtəsində 10 Ukrayna və üç Azərbaycan vətəndaşı olmaqla 13 nəfər olub. İtkin düşən üç dənizçinin axtarışı üçün hadisə bölgəsinə xilasetmə gəmiləri göndərilib. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirib.
Məlumata görə, filiz və neft daşıyan gəmi oktyabrın 21-də Türkiyənin Ereğli limanından yola çıxaraq Sulina istiqamətində hərəkət edirmiş.
Rumıniya Prezidenti Nikuşor Dan hadisəyə görə Rusiyanı ittiham edib. O, dron hücumunu Rusiyanın NATO-nun şərq cinahında gərginliyi artırmasının bir hissəsi kimi qiymətləndirib.
Rusiya “Xorıv” gəmisinə hücumla bağlı ittihamlara dair açıqlama verməyib.
Son həftələrdə Qara dənizin qərb hissəsində ticarət gəmilərinə qarşı bir neçə dron hücumu olub.
Bolqarıstanın Qara dəniz sahillərində iki gəmiyə dron hücumu olub və onlardan biri batıb. Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi gecə saatlarında üç dronun hücumuna məruz qalaraq zədələnib. Gəminin 7 ukraynalı və 8 azərbaycanlıdan ibarət heyəti xilas edilib. Ciddi xəsarət alan olmasa da, beş heyət üzvünə tibbi yardım göstərilib.
Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Röyad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumunda gəminin kapitanı Azərbaycan vətəndaşı həlak olub. 24 yaşlı daha bir Azərbaycan vətəndaşı isə itkin düşüb.
Sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb. Hücum nəticəsində iki Azərbaycan vətəndaşının həlak olub, daha ikisi isə xəsarət alıb.
İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Həmin vaxt göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu, kapitan istisna olmaqla, digər heyət üzvlərinin Odessada sahilə çıxarıldığı bildirilmişdi. Sonradan azərbaycanlı gəmi kapitanının həlak olduğu məlum olmuş və onun nəşi tapılmışdı.
İyun ayında Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumları nəticəsində heyətlərdəki 25 Azərbaycan vətəndaşından dördü həlak olub, dördü isə yaralanıb.