Əfqan Sadıqovun işi üzrə ilk məhkəmə iclası keçirilib

Jurnalist Əfqan Sadıqov

Əfqan Sadıqovun işi üzrə ilk məhkəmə iclası keçirilib

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

İclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Növbəti məhkəmə iclası noyabrın 3-nə təyin olunub.

Əfqan Sadıqov kimdir?

Əfqan Sadıqov “Azel TV” onlayn xəbər saytının və eyniadlı “Youtube” kanalının təsisçisi və baş redaktorudur. O, Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir. Materiallarında əsasən korrupsiya halları, sosial problemlər və məmurların fəaliyyəti ilə bağlı tənqidi süjetlər yayımlayırdı.

Əfqan Sadıqov 2020-ci ilin mayında saxlanılaraq hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Həbsindən iki il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Azad olunduqdan sonra fəaliyyətini davam etdirən jurnalist, təzyiqlər səbəbindən 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb.

2024-cü ilin mayında Azərbaycanda ona qarşı yenidən hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanıb. O, həmin ilin avqustunda Azərbaycanın göndərdiyi ekstradisiya sorğusu əsasında Gürcüstanda saxlanılsa da, Avropa İnsan Hüquqları Məhkəməsinin qadağası ilə 2025-ci ilin aprelində girov müqabilində sərbəst buraxılıb.

Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də Əfqan Sadıqov barəsindəki cinayət işinin icraatını dayandırıb. Avropa İnsan Hüquqları Məhkəməsinin ekstradisiya qadağası qərarı səbəbindən jurnalisti birbaşa Azərbaycana təhvil verə bilməyən Gürcüstan hakimiyyəti isə alternativ hüquqi yola əl atıb. Bundan dərhal sonra, aprelin 4-də jurnalist Tbilisidə Gürcüstan polisi tərəfindən “polis əməkdaşını təhqir etmə” ittihamı bəhanə edilərək inzibati qaydada saxlanılıb və məhkəmə qərarı ilə aprelin 5-də Azərbaycana deportasiya edilib.

Azərbaycana qaytarıldıqdan bir müddət sonra Əfqan Sadıqov barəsində 2024-cü ildə açılmış köhnə hədə-qorxu ilə tələb etmə işi üzrə istintaq bərpa edilib və məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Jurnalist özü bu ittihamları qəbul etmir, həbsin qurama və siyasi motivli bir repressiya olduğunu bildirir.

Yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Beynəlxalq təşkilatlar bu həbsləri tənqidçiləri susdurmağa yönəlmiş qisas tendensiyası adlandırır və onların azad olunmasını tələb edir. Rəsmi Bakı isə ölkədə siyasi məhbus olmadığını, həmin şəxslərin konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bildirir.

Ana səhifə ▸ Siyasi işlər ▸ Əfqan Sadıqovun işi üzrə ilk məhkəmə iclası keçirilib