Naxçıvan Nazirlər Kabineti iki ildə eyni şirkətdən 673 min manatlıq avtomobil alıb

Kollaj: Chatgpt

Son iki ildə keçirilən üç tenderin qalibi  də “Toyota Abşeron Center” MMC olub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xidməti minik avtomobillərinin alınması üçün növbəti tenderinin qalibi “Toyota Abşeron Center” MMC olub. 

Dövlət satınalmalarının vahid internet portalında açıqlanan məlumata görə, “Toyota Abşeron Center” MMC 234 min manatlıq tenderi qazanıb.

Qurum şirkətdən üç ədəd xidməti minik avtomobili alacaq. Beləliklə, bir avtomobilin qiyməti 78 min manata başa gələcək.

Satınalma şərtlərinə əsasən, avtomobillər 2026-cı il istehsalı, qara rəngli və sedan tipli olmalıdır. Onların benzin-hibrid mühərriklə təchiz edilməsi, mühərrik həcminin isə 2400–2998 kubsantimetr arasında olması tələb olunur.

Naxçıvan Nazirlər Kabineti son iki ildə eyni şirkətdən avtomobillərin alınması üçün ümumilikdə 673 min 200 manatlıq üç tender keçirib.

Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, 2025-ci il aprelin 3-də qurumun 236 min 700 manatlıq, avqustun 1-də isə 202 min 500 manatlıq avtomobil tenderlərinin də qalibi “Toyota Abşeron Center” MMC olub.

Beləliklə, Naxçıvan Nazirlər Kabinetinin təkcə 2025-ci ildə bu şirkətdən avtomobil alınması üzrə iki tenderinin ümumi dəyəri 439 min 200 manat təşkil edib. 2026-cı il oktyabrın 22-də yekunlaşan sonuncu tenderlə birlikdə məbləğ 673 min 200 manata çatıb.

“Toyota Abşeron Center” MMC 2015-ci il yanvarın 10-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 6-cı kilometrində yerləşir. Şirkətin qanuni təmsilçisi Rəcəb Feyzullayevdir.

Meydan TV daha əvvəl də bu şirkətin dövlət qurumlarına avtomobil satması barədə məlumat yayıb. Xəbərdə şirkətin Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmova məxsus olması barədə mediada yayılan iddialara da yer verilmişdi. Lakin bu iddiaları təsdiqləyən mülkiyyət sənədi açıqlanmayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Naxçıvan Nazirlər Kabineti iki ildə eyni şirkətdən 673 min manatlıq avtomobil alıb