“Məclis.info” rəhbərinə 12, ictimai fəala 11 il həbs istənilib

İmran Əliyev və Elgiz Qəhrəman – Foto: Chatgpt

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə dövlət ittihamçısı İmran Əliyevin 12 il, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses zamanı təqsirləndirilən Tamella Musayevanın səhhəti pisləşib. Bu səbəbdən dövlət ittihamçısı çıxışını başa çatdıra bilməyib.

Növbəti məhkəmə iclası noyabrın 3-nə təyin olunub.

İmran Əliyev 2024-cü il aprelin 19-da saxlanılıb. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıblar. Onlar barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlara qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma və sənədlərlə bağlı müxtəlif cinayətlərdə ittiham irəli sürülüb.

İmran Əliyev ittihamları qəbul etmir. O, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “Məclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını bildirir.

Ana səhifə ▸ Siyasi işlər ▸ “Məclis.info” rəhbərinə 12, ictimai fəala 11 il həbs istənilib