Vəkil Nazim Musayev hicabla bağlı Xəzər Rayon Polis İdarəsində saxlanılan şəxsə hüquqi yardım göstərmək üçün təqdim etdiyi sənədlərin qəbul edilmədiyini bildirir.
Müvəkkilinin ailəsi ilə müqavilə bağladığını deyən vəkil bu barədə sosial media hesabında yazıb. Onun sözlərinə görə, hüquqi yardım göstərmək üçün zəruri sənədləri müstəntiqə təqdim etsə də, müstəntiq onları qəbul etməyib.
Musayev bildirib ki, müstəntiq məsələni həll etmək əvəzinə onu yola verməyə çalışıb.
“‘Nə şiş yansın, nə kabab” deyərək mənə yol göstərməklə çalışdı məni yola versin, alınmadı”, – vəkil yazıb.
Nazim Musayev daha sonra 102 xidmətinə zəng etdiyini, lakin bu müraciətindən də nəticə əldə etmədiyini qeyd edib. Ardınca Xəzər Rayon Prokurorluğuna gedərək məsələni prokuror müavininə izah etdiyini bildirib.
Vəkilin sözlərinə görə, prokuror müavini onu İstintaq Şöbəsinin rəisinin yanına göndərib, şöbə rəisi isə qəbul etməkdən imtina edib.
“Sonra deyirik ki, bizdə bütün hüquqlar təmin olunur”, – Musayev paylaşımında yazıb.
Oktyabrın 12-dən etibarən Azərbaycanın müxtəlif məktəblərində hicablı şagird və müəllimlərin dərsə buraxılmaması etirazlara səbəb olub. Bir sıra məktəblərin qarşısında müəllim və şagirdlər dərsləri açıq havada keçirməklə buna etiraz ediblər.
Oktyabrın 13-də Daxili İşlər Nazirliyi etirazlarla əlaqədar 37 nəfərin saxlanıldığını açıqlayıb. Fəallar isə saxlanılanların sayının 200-dən çox olduğunu bildiriblər.