Avropa Məhkəməsi həbsdə olan fəalla bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Elmir Abbasov – Foto: Meydan Tv

Avropa İnsan Hüquqları Məhkəməsi “ToplumTV işi” üzrə 12 il həbs cəzası almış ictimai fəal Elmir Abbasovun daha əvvəl aldığı inzibati həbs cəzası ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib.

Məhkəmə fəalın saxlanılarkən pis rəftara məruz qalması, şikayətlərinin araşdırılmaması və ifadə azadlığının pozulması barədə iddialarına aydınlıq gətirilməsini istəyib.

Elmir Abbasov Avropa Məhkəməsinə müraciətində 2021-ci ildə narkotik ittihamı ilə bir ay müddətinə həbs edilməsinin əsl səbəbinin sosial şəbəkədə Prezident İlham Əliyevi korrupsiya ilə bağlı tənqid etməsi olduğunu bildirib. O, saxlanılarkən polis əməkdaşlarının ona qarşı zorakılıq etdiyini və narkotikin cibinə atıldığını iddia edib.

Fəalın sözlərinə görə, polis əməkdaşlarının davranışı ilə bağlı prokurorluğa şikayət etsə də, nəticə olmayıb. İnzibati həbs qərarından verdiyi apellyasiya şikayəti də təmin edilməyib.

Abbasov ərizəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və hüquq və azadlıqların məhdudlaşdırılmasının məqsədləri ilə bağlı müddəalarının pozulduğunun tanınmasını istəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə həmin vaxt fəalın polis tərəfindən döyülməsi və cibinə narkotik atılması barədə iddialarını təkzib edib, bunları özünümüdafiə məqsədilə irəli sürülən iddialar adlandırıb.

Elmir Abbasov 2021-ci il fevralın 19-da Sumqayıtda saxlanılıb. Həmin vaxt onun oğurluq şübhəsi ilə saxlanıldığı bildirilsə də, sonradan barəsində narkotiklə bağlı inzibati protokol tərtib olunub və məhkəmə onu bir ay müddətinə həbs edib.

Fəal 2024-cü il martın 6-da “ToplumTV işi” üzrə yenidən saxlanılıb. Ona və digər təqsirləndirilən şəxslərə qaçaqmalçılıq ittihamı irəli sürülüb. Abbasov istintaq və məhkəmə dövründə azadlıqda qalıb. 2026-cı il iyulun 27-də “ToplumTV işi” üzrə hökm elan edilərkən məhkəmə zalında həbs olunub və 12 il azadlıqdan məhrum edilib.

Abbasov irəli sürülən ittihamları qəbul etmir və təqibinin ictimai fəaliyyətinə görə siyasi motivli olduğunu bildirir.

Ana səhifə ▸ Siyasət ▸ Avropa Məhkəməsi həbsdə olan fəalla bağlı Azərbaycan hökumətinə sorğu göndərib