Həbsdə olan iqtisadçı Fazil Qasımov Azərbaycan hakimiyyətini konstitusion hüquq və azadlıqlarına hörmət etməməkdə, məhkəmə prosesində müdafiə hüququnu pozmaqda və ona qarşı ayrı-seçkiliyə yol verməkdə ittiham edir.
Meydan TV-yə daxil olan müraciətində Qasımov Azərbaycan Konstitusiyasının bərabərlik, azadlıq, təqsirsizlik prezumpsiyası, müdafiə, mülkiyyət, məhkəməyə müraciət, təhsil və akademik azadlıq hüquqlarını təmin edən müddəalarının pozulduğunu qeyd edib.
“Bərabərlik hüququm kobud şəkildə pozulub”
Fazil Qasımov Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnun pozulduğunu bildirir. Onun sözlərinə görə, 29 sentyabr 2026-cı ildə iqtisadçı Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan məhdudiyyət götürülsə də, ona qarşı cinayət təqibi davam etdirilir və özü həbsdə saxlanılır.
“Barəmdə cinayət təqibinin davam etdirilməsi və həbsdə saxlanılmağım bərabərlik hüququmun kobud pozuntusudur”, – deyə Qasımov müraciətdə yazıb.
O, vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə bərabərlik hüququnu pozmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2-ci maddəsi ilə məsuliyyət yaratdığını qeyd edib. Qasımov bu məsələ ilə bağlı oktyabrın 7-də və 8-də Ombudsmana müraciət etdiyini bildirib.
Cinayət işindəki görüntülərin araşdırılmadığını deyir
Qasımov Konstitusiyanın 28-ci maddəsində təsbit edilmiş azadlıq hüququnun və 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasının pozulduğunu da iddia edir.
Onun sözlərinə görə, TŞ1-081 nömrəli kameranın 17 iyul 2023-cü il tarixində saat 17:37 radələrində qeydə aldığı görüntülər Anar Şahismayıl oğlu Əliyevin istintaqa bilərəkdən yalan məlumat verdiyini, Qubad İbadoğluna və ona böhtan atdığını təsdiqləyir.
Qasımov həmin görüntülər araşdırılmadan 231900516 nömrəli cinayət işinin məhkəməyə göndərildiyini, barəsində ittiham hökmü çıxarıldığını və apellyasiya şikayətinin təmin edilmədiyini bildirir.
Müdafiə hüququnun pozulduğunu iddia edir
İqtisadçı Konstitusiyanın 61-ci maddəsində təsbit edilmiş müdafiə hüququnun da pozulduğunu deyir.
O, cinayət işi üzrə maddi sübut kimi tanınmış kamera görüntüləri ilə 21 sentyabr 2026-cı il tarixinədək tanış olmasına şərait yaradılmadığını bildirib.
Qasımovun sözlərinə görə, müdafiəçiləri Eldar Qədimi və Araz Allahverdiyev ibtidai istintaq zamanı saxta ərizə əsasında cinayət prosesindən kənarlaşdırılıblar.
O, həmçinin müstəntiq Yusif Yusifovun 15 avqust 2023-cü il tarixində dörd ekspert rəyi ilə tanış olduğuna dair saxta protokollar tərtib etdiyini iddia edir.
Telefonu, pasportu və kitabları ailəsinə qaytarılmayıb
Fazil Qasımov Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun da pozulduğunu bildirir.
Onun sözlərinə görə, 7 avqust 2023-cü ildə “iPhone 14 Pro Max” markalı mobil telefonu və ümumvətəndaş pasportu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən götürülüb. Bundan əlavə, 22 mart 2025-ci ildə ingilis və türk dillərində olan kitabları Umbakı Penitensiar Müəssisəsinin rəis müavini Ramin Əkbərov tərəfindən götürülüb.
Qasımov əşyalarının ailəsinə qaytarılmadığını qeyd edib. O, bu məsələ ilə bağlı məlumatların vəkili Şamil Nəcəfovun kassasiya şikayətində də yer aldığını bildirib.
Üç ildir elmi fəaliyyətini davam etdirə bilmir
Qasımov məhkəməyə müraciət hüququnun da pozulduğunu deyir. Onun sözlərinə görə, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlər əsassız olaraq icraata götürülmür.
İqtisadçı həbsdə saxlanılmasına görə İstanbul Universitetində elmi fəaliyyətini davam etdirə bilmədiyini, bununla da Konstitusiyanın 42-ci maddəsində nəzərdə tutulan təhsil hüququnun və 51-ci maddəsində təsbit edilmiş yaradıcılıq azadlığının pozulduğunu bildirir.
O, Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli qətnaməsinə də istinad edib. Qasımovun sözlərinə görə, qətnamədə onun həbsinin ədalətsiz və əsassız olduğu qeyd olunub, Azərbaycanda akademik azadlıqlara hörmət edilməməsi ilə bağlı narahatlıq ifadə edilib.
Fazil Qasımov müraciətində hüquq pozuntularının əsas səbəblərindən biri kimi vəzifəli şəxslərin hüquqi savadsızlığını göstərib.
“Vəzifəli şəxslərin hüquqi savadsızlığı özbaşınalığa və kobud insan hüquqları pozuntularına səbəb olur”, – deyə o yazıb.
Qasımov Azərbaycan hakimiyyətinin hüquqi savadsızlığına və insan hüquqlarının pozulmasına etiraz etdiyini bildirib.
Fazil Qasımov iqtisadçı Qubad İbadoğlu barəsində başlanmış cinayət işinin istintaqı çərçivəsində 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
O, Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya xarici valyutanı əldə etmə və ya satma əməllərinin mütəşəkkil dəstə tərəfindən törədilməsi) maddəsi ilə ittiham olunub. Qasımov ittihamı qəbul etmir, heç bir cinayət törətmədiyini və saxta pul ittihamının əsassız olduğunu bildirir.
2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan Anar Əliyevə 5 il həbs cəzası verilib.
Fazil Qasımov istintaq və məhkəmə prosesi zamanı dəfələrlə ona qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, iş üzrə sübutlarla tanış olmaq imkanlarının məhdudlaşdırıldığını və istintaq zamanı pozuntulara yol verildiyini bildirib. 2026-cı ildə o, istintaq sənədlərində imzasının saxtalaşdırıldığını iddia edərək Baş Prokurorluğa da müraciət edib.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs olunub. 2024-cü il aprelin 22-də onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. İbadoğlu da ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. 2026-cı il sentyabrın 29-da onun ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb və o, müayinə və müalicə məqsədilə Almaniyaya gedib. Ona qarşı cinayət işi isə davam edir.