Prezident İlham Əliyev oktyabrın 19-da Anar Məhərrəm oğlu Bayramovun səhiyyə naziri təyin edilməsi barədə sərəncam imzalayıb.
Anar Bayramov 2026-cı il aprelin 14-dən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsində çalışırdı.
Prezidentin imzaladığı digər sərəncamla Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
Teymur Musayev 2022-ci ilin yanvarından səhiyyə naziri vəzifəsində çalışırdı.
Prezidentin eyni gündə imzaladığı digər fərmanla ölkənin səhiyyə sistemində struktur dəyişikliyi də edilib. Belə ki, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin sədri və müavinləri səhiyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər.
Sənəddə TƏBİB-in hüquq və öhdəliklərinin, eləcə də əmlakının nazirliyin tabeliyində fəaliyyət göstərəcək quruma ötürülməsi nəzərdə tutulur. Nazirlər Kabinetinə üç ay müddətində müvafiq qanunvericilik dəyişiklikləri və TƏBİB-in yeni nizamnaməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Beləliklə, Anar Bayramov səhiyyə naziri olmaqla yanaşı, son altı ayda rəhbərlik etdiyi TƏBİB-in də tabeliyində olacağı nazirliyə başçılıq edəcək.
Yeni səhiyyə naziri Anar Bayramov kimdir?
Anar Bayramov Azərbaycan Tibb Universitetini, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə magistratura pilləsini bitirib. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 1998-ci ildə “MediClub” klinikasında həkim kimi başlayıb. 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub.
2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində işləyib. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
2025-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bir il sonra, 2026-cı ilin aprelində isə TƏBİB-in rəhbərliyinə gətirilib.
Bayramov müxtəlif illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinə, Xəzər-Avropa Maliyyə Klubuna və Xəzər-Avropa Klubunun Sığorta Komitəsinə də rəhbərlik edib.