Aynur Elgünəş müalicə müəssisəsinə köçürülüb

Aynur Elgünəş – İllüstrasiya: Chatgpt

Meydan TV-nin iki ilə yaxındır həbsdə olan baş redaktoru Aynur Elgünəş vəziyyətinin pisləşməsi səbəbilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə oktyabrın 18-də vəkil Zibeydə Sadıqova məlumat yayıb. O xatırladıb ki, jurnalistin səhhətində ciddi problemlər var, hazırda isə ən böyük təhlükə böyrəyində formalaşıb.

“Aynur Elgünəşin səhhətində ciddi problemlər var, o, 17 dəfə əməliyyat olunub. Həbsdən əvvəl də növbəti əməliyyata hazırlaşırdı. Hazırda ən böyük təhlükə isə böyrəyində formalaşıb”, – Zibeydə Sadıqova qeyd edib.

Aynur Elgünəşin yaxınlarının daha öncə yaydığı məlumata görə, oktyabrın 14-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında jurnalistin vəziyyəti daha da pisləşib. Onun arterial təzyiqinin əvvəlcə 150/80-ə yüksəldiyi, üzünün rənginin saraldığı, diafraqma nahiyəsində sıxılma yarandığı və nəfəs almaqda çətinlik çəkdiyi bildirilirdi.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar. Sonradan Meydan TV-nin redaktoru Şəmşad Ağa həbs olunub. Daha sonra jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.

Ana səhifə ▸ Meydan TV işi ▸ Aynur Elgünəş müalicə müəssisəsinə köçürülüb