Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmət keçən 19 yaşlı Orxan Şabanovun ölümü ilə bağlı iki hərbi qulluqçunun həbs edildiyi bildirilir.
Yerli mətbuatın oktyabrın 19-da yaydığı məlumata görə, hadisə ilə bağlı DSX-nin iki hərbi qulluqçusu şübhəli bilinərək saxlanılıb və istintaqa təhvil verilib. Bildirilir ki, faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan hərbçilərin adları və onlara hansı maddə ilə ittiham verildiyi açıqlanmayıb.
Orxan Şabanov oktyabrın 13-də Şəmkirdə yerləşən “N” saylı hərbi hissədə güllə yarasından həyatını itirib. O, bir gün sonra Lənkəranda dəfn olunub.
Meydan TV daha əvvəl əsgərin ailəsi ilə danışmışdı. Yaxınlarının sözlərinə görə, Şabanov ölümündən üç-dörd gün əvvəl anasına zəng edərək hərbi xidmətdə təzyiq və təhqirlərlə üzləşdiyini deyib. Ailə üzvü onun həm özünə, həm də anasına qarşı təhqirlər səsləndirildiyini bildirdiyini, lakin baş verənlər barədə ətraflı danışmadığını söyləyib.
Ailəyə ilkin olaraq Orxan Şabanovun özünə atəş açdığı bildirilib. Yaxınları isə hadisənin bu versiya ilə məhdudlaşdırılmamasını, əsgərin ölümündən əvvəl şikayət etdiyi təzyiq, təhqir və mümkün zorakılığın, eləcə də başqa şəxslərin müdaxiləsi ehtimalının araşdırılmasını tələb ediblər.
“Məqsədimiz kimisə sübut olmadan ittiham etmək deyil. Həqiqətin üzə çıxmasını, məsuliyyəti olan şəxslər varsa, qanun qarşısında cavab verməsini istəyirik. Heç bir əsgər ölümü cavabsız suallarla qalmamalıdır”, – ailə üzvü Meydan TV-yə demişdi.
Meydan TV-nin əvvəlki məlumatında DSX-nin Orxan Şabanovun ölümü və ailənin səsləndirdiyi iddialarla bağlı açıqlama vermədiyi qeyd olunurdu.