İctimai fəal İlkin Hüseynovun 30 sutkalıq inzibati həbs cəzasına məhkum edildiyi bildirilir. Hüseynov məktəblərdə hicabla bağlı məhdudiyyətlər fonunda təhsildən kənarda qalmaq təhlükəsi ilə üzləşən şagirdlərə dəstək məqsədilə yaradılmış “Leylini qoy məktəbə getsin” təşəbbüsünün müəllifidir.
İlkin Hüseynovun İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmama ilə bağlı müddəası əsasında təqsirli bilinərək 30 sutka müddətinə inzibati həbs olunduğu bildirilir.
Bu barədə məlumatı fəalın yaxınları yayıblar. Lakin onun hansı məhkəmənin qərarı ilə həbs edildiyi və işin digər təfərrüatları barədə rəsmi məlumat əldə etmək mümkün olmayıb.
Hüseynovun saxlanılması ilə bağlı xəbərlər oktyabrın 14-də yayılmağa başlayıb. İctimai fəal Cavid Ağa həmin gün sosial şəbəkə hesabında İlkin Hüseynovla əlaqə saxlamağın mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, saat 16:00 radələrində Bakının İzzət Nəbiyev küçəsində yaşayan Hüseynovun evinə naməlum şəxslər gəliblər. Fəal onlarla birlikdə evdən çıxıb və bundan sonra telefonu sönülü olub.
Cavid Ağa, həmçinin Hüseynova Facebook Messenger vasitəsilə mesaj yazdıqdan sonra onun yazışmaya yeni cihaz əlavə etməsi barədə bildiriş aldığını bildirib. Bu, fəalın sosial şəbəkə hesabına başqa şəxslərin daxil ola biləcəyi ilə bağlı narahatlıq yaradıb. Lakin hesaba müdaxilə edildiyi müstəqil şəkildə təsdiqlənməyib.
Hadisə barədə ilk məlumatlardan birini Meydan TV oktyabrın 14-də yayıb. Cavid Ağa Hüseynovun saxlanılmasının onun son günlər başladığı təhsil təşəbbüsü ilə əlaqəli ola biləcəyini ehtimal edib.
“Leylini qoy məktəbə getsin” təşəbbüsü nədir?
İlkin Hüseynov oktyabrın 13-də məktəblərdə hicabdan istifadə ilə bağlı məhdudiyyətlərə görə dərslərdən kənarda qalan şagirdlərə dəstək məqsədilə “Leylini qoy məktəbə getsin” adlı onlayn təşəbbüs yaradıb.
Təşəbbüsün əsas məqsədi məktəbə buraxılmayan və ya dərslərdə iştirak edə bilməyən şagirdlərlə onlara könüllü, ödənişsiz dərs keçmək istəyən müəllimlər arasında əlaqə yaratmaq olub.
Layihə təhsildən kənarda qalmaq təhlükəsi ilə üzləşən uşaqların dərslərindən geri qalmamasına kömək etməyi nəzərdə tutub.
Təşəbbüs sosial şəbəkələrdə “qoy_mektebe_getsin” adı ilə tanınıb. Beynəlxalq mediada isə layihənin adı ingilis dilinə “Let Leyli Go to School” kimi tərcümə edilib.
Oktyabrın 15-də yayılan xəbərlərdə təşəbbüsün Instagram səhifəsinə və internet platformasına girişin mümkün olmadığı bildirilib. Bunun texniki nasazlıq, hesabın silinməsi, yoxsa başqa müdaxilə ilə əlaqədar olduğu məlum deyil.