Bakıda İsrail Prezidentinin çıxışı zamanı Türkiyə XİN başçısı zalı tərk edib

Fotokollaj: Meydan TV

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında İsrail Prezidenti İsxak Hersoqun çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri zalı tərk ediblər.

Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, günorta saatlarında İsrail Prezidenti çıxışına başladığı zaman Türkiyənin xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən nümayəndə heyəti yerlərindən qalxaraq iclas zalından çıxıblar.

Hadisə zamanı Türkiyə də daxil olmaqla, 10-dan çox ölkənin nümayəndəsi zalı tərk edib.

“Anadolu” agentliyinin yaydığı video görüntülərdə Hakan Fidanın və digər nümayəndələrin yerlərindən qalxaraq zaldan çıxdıqları görünür.

“The Times of Israel” nəşrinin məlumatına görə, zalı tərk edənlər arasında Türkiyə ilə yanaşı, İran, Pakistan, Küveyt və Fələstin Administrasiyasının nümayəndələri də olub. Qətər əmiri Təmim bin Həməd Al Tani isə İsrail Prezidentinin çıxışı zamanı zalda qalıb.

Hadisə Azərbaycanın ev sahibliyi etdiyi AQEM-in 7-ci Zirvə Toplantısında baş verib. Oktyabrın 15-də Bakıda keçirilən toplantıda Asiya ölkələrinin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.

Türkiyəni toplantıda Prezident Rəcəb Tayyib Ərdoğanın əvəzinə xarici işlər naziri Hakan Fidan təmsil edib.

İsrail Prezidenti İsxak Hersoq isə zirvə toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana gəlib. Həmin gün onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü keçirilib. Görüşdə ikitərəfli münasibətlər, regional məsələlər və AQEM çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Oktyabrın 15-də zirvə toplantısında çıxış edən Hersoq Azərbaycanı tolerant ölkə adlandırıb və AQEM çərçivəsində beynəlxalq dialoqun, əməkdaşlığın əhəmiyyətindən danışıb.

AQEM Asiya ölkələri arasında təhlükəsizlik, sabitlik, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmış beynəlxalq platformadır. Azərbaycan hazırda bu quruma sədrlik edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Bakıda İsrail Prezidentinin çıxışı zamanı Türkiyə XİN başçısı zalı tərk edib