Naxçıvanda TikTok paylaşımına görə saxlandığı bildirilən şəxsin anası: “Oğluma 25 sutka həbs verildiyini dedilər”
Qüdrət Abdullayevin anası oğlunun harada saxlanıldığını bilmədiyini, onunla yalnız bir dəfə telefon əlaqəsi yarada bildiklərini deyir.
Naxçıvanda hicab məsələsi ilə bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra saxlandığı bildirilən Qüdrət David oğlu Abdullayevin 25 sutka inzibati həbs olunduğu iddia edilir.
Taksi sürücüsü işləyən Qüdrət Abdullayev oktyabrın 7-də saxlanılıb. Bu barədə Meydan TV-yə onun anası, 1954-cü il təvəllüdlü Əntiqə Abdullayeva məlumat verib.
Əntiqə Abdullayevanın sözlərinə görə, oğlunun saxlanılmasına səbəb “TikTok” sosial şəbəkəsində paylaşdığı video olub.
O, oğlunun hansı şəraitdə və kimlər tərəfindən saxlanıldığını dəqiq bilmədiyini, hadisədən yalnız oktyabrın 7-si axşam saatlarında xəbər tutduğunu bildirib.
“Mən onun saxlanıldığı yerə getməmişəm. Yoldaşım rəhmətə gedib, tək yaşayıram. Oğlumun dostları onun maşınını həyətə gətirəndə bildim ki, Qüdrəti “TikTok”da paylaşdığı videoya görə aparıblar. Barəsində 25 sutka həbs qərarı çıxarıldığını desələr də, dəqiq harada saxlanıldığını bilmirəm”, – Əntiqə Abdullayeva deyib.
Anası bildirib ki, Qüdrət Abdullayev saxlanıldıqdan sonra bir dəfə evə zəng edərək vəziyyətinin yaxşı olduğunu söyləyib və dəyişmək üçün geyim istəyib.
Onun sözlərinə görə, dostları vasitəsilə oğluna paltar göndərilib. Bundan sonra isə ailə üzvləri onunla əlaqə saxlaya bilməyiblər.
Daha əvvəl Meydan TV-yə müraciət edən mənbə də Qüdrət Abdullayevin hicab məsələsi ilə bağlı sosial şəbəkədə etirazını bildirdikdən sonra saxlanıldığını iddia etmişdi.
“Hicab məsələsi ortaya çıxandan sonra tutdular. Nə maddə qoyublar, bilmirik. Yanına belə buraxmırlar”, – mənbə bildirmişdi.
Həmin şəxs Abdullayevin müvəqqəti saxlama kamerasına aparıldığını və onunla görüşə icazə verilmədiyini də iddia etmişdi.
Mənbənin sözlərinə görə, hadisənin ictimailəşdirilməsinin qarşısını almağa çalışırlar.
Qüdrət Abdullayevin barəsində İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinin tətbiq edildiyi və 25 sutkalıq həbs qərarının hansı məhkəmə tərəfindən çıxarıldığı hələlik məlum deyil.
Ailə də məhkəmə qərarı və saxlanılmanın hüquqi əsasları barədə rəsmi məlumat almadığını bildirir.