Abşeron rayonunun Məhəmmədi kəndində yaşayan 1998-ci il təvəllüdlü Rafael Füzuli oğlu Hüseynzadə polis tərəfindən saxlanılıb.
Bu barədə onun atası Füzuli Hüseynov məlumat verib. Atanın sözlərinə görə, oğlu oktyabrın 11-i səhər saatlarında Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən aparılıb.
Buna səbəb onun Məhəmmədi kənd tam orta məktəbinin hasarına Nazirlər Kabinetinin vahid məktəbli forma ilə əlaqədar qərarına etiraz olaraq “HİCABA AZADLIQ!” şüarını yazması olub.
F.Hüseynov bildirib ki, oğlunu sonuncu dəfə oktyabrın 11-də axşam saatlarında Mehdiabad Polis Bölməsində görüb. Həmçinin qeyd olunub ki, hazırda faktla bağlı təhqiqat işləri aparılır və işin məhkəməyə təqdim olunacağı gözlənilir.
Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynzadə bundan əvvəl də ictimai-siyasi aktivliyi ilə bağlı müxtəlif vaxtlarda inzibati qaydada həbs edilib.
