Fatimə Mövlamlı: “Biri var, çoxu yox: Azərbaycan televiziyası”

Fatimə Mövlamlı – Foto: Şəxsi arxivindən

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yazıb.

Məktub onun “Facebook” səhifəsində paylaşılıb. Yazını olduğu kimi təqdim edirik: 

Ötən ay televiziya kanallarını ard-arda çevirərkən birdən Azərbaycan TV-lərinin birində dayanmalı oldum. Ekranda görünən ortayaşlı qadının siması çox tanış gəlirdi. Onu dərhal deyil, yalnız danışdıqlarına qulaq asdıqdan sonra xatırladım. Bu qadın mənim keçmiş müsahiblərimdən Səmayə xanım idi. Süjetdə o özü və başqa bir neçə nəfər danışırdı. Şikayətlənirdilər ki, yaşadıqları ərazini alıb, evlərinin yerində hündürmərtəbəli yaşayış binası inşa edən tikinti şirkəti indi onları mənzillə təmin etmir. Müxbir də fonda deyirdi ki, tikinti şirkətinin məsul şəxslərindən münasibət öyrənə bilməyiblər. Lakin müxbirin özü, yaxud redaktoru internetdə kiçik bir araşdırma etsəydilər, agah olardılar ki, tikinti şirkəti polislə əlbir olub, həmin sakinləri evlərindən çıxarmaq üçün onların başına nə oyunlar açıb. Bəs bütün bunları televiziyada yayımlaya bilərdilərmi? Reportajın qeyri-müəyyən bitib, izləyiciləri şikayətçilərin taleyindən bixəbər saxlamalarının cavabı aydındır.

Mən isə məsələni necə var, elə də danışa bilərəm. Deməli, söhbət Nərimanov rayonu (“Çapayev” küçəsi yakınlığında) ərazisində sökülən evlərdən gedir. Təxminən 4-5 il əvvəl yay vaxtı mənə gecə saat 2-3 radələrində tanımadığım nömrədən zəng gəldi:

— Evimizi başımıza uçururlar, imkan varsa, bura gəlin, – dəstəyin digər tərəfindəki gənc adam tələsə-tələsə deyirdi.

Yarım saat sonra deyilən ünvanda idim. Ərazidə xeyli sayda polis əməkdaşı və idmançılar tərəfindən əhatəyə alınmışdı. Bu idmançıların o zamanlar Nərimanov rayonundan deputat, indi isə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olan Adil Əliyevin “qoçu dəstəsi”ndən olduqlarını eşitmişdim. “Olympus Park” adlı tikinti şirkətinin rəhbərliyi sakinləri evlərindən öz xoşları ilə, yəni cüzi məbləğ qarşılığında çıxara bilmədiyindən, köməyə polis və qoçuları çağırmışdı. İdmançılar insanları evlərindən döyə-döyə çıxarır, polislər isə kənarda dayanıb sakitcə tamaşa edirdilər. Evini tərk etmək istəməyən bir kişinin burnunu sındırmışdılar. Səmayə xanımın oğlunu Nərimanov Rayon Polis İdarəsində saxlamış, qadın evdən çıxıb övladının dalınca gedəndə mənzilini sökmüşdülər. Səmayə xanım bunları mənə sökülən evinin dağıntıları qarşısında müsahibə verərkən danışmışdı.

O yay gecəsi səhərədək həmin ərazidə qaldım. “Kanal Turan” Feysbuk səhifəsindən açdığım canlı yayıma eyni vaxtda 600 min nəfərdən çox izləyici qoşulmuşdu. Buna görə qoçular hamını evindən çıxarmağa macal tapmamış qaçmışdı. Səhəri gün Adil Əliyev həmin əraziyə gəlib sakinlərlə görüşmüşdü. Düzdür, o, qoçularla əlaqəsini heç vaxt etiraf eləmədi, amma sübh açılar-açılmaz gedib sakinlərlə görüşməyi ictimaiyyət tərəfindən etirafa bərabər hərəkət kimi qəbul edilmişdi. Sonralar sakinlərdən davamlı etiraz edənlərdən bəziləri, həmçinin o gecə burnu sındırılan gənci də inzibati həbslə cəzalandırmışdılar. İndi yerli TV-nin natamam reportajından məlum olur ki, aradan keçən illər ərzində sakinlər hələ də kompensasiya ala bilməyiblər.

Bu, yerli televiziyanın işindən təkcə bir misal idi. Hadisənin təfərrüatlarını ona görə açdım ki, yerli televiziyanın məlumatları hansı səviyyədə gizlətdiyini biləsiniz. Mən həbsdən öncə bizim televiziya kanallarını bu qədər mütəmadi izləməmişdim. Burada fikir verdim ki, ölkəni tanımayan biri bizim televiziyanı izləsə, onda Azərbaycan xalqının yol və kanalizasiyadan başqa probleminin olmadığı təsəvvürü yaranar. Çünki televiziyada yayımlanan vətəndaş şikayətlərinin az qala hamısı bu qəbildəndir. Belə süjetlərin əksəriyyəti də eyni cür bitir: “Filan dövlət qurumu bildirdi ki, problem tezliklə həllini tapacaq”. Sonra? Sonrasını tək olan Allahdan başqa heç kəs bilmir: insanların narazılığı aradan qalxdımı, şikayətçilər təzminat aldılarmı? Xəbərlərin hamısında eyni prinsip hökm sürür — biri var, çoxu yox.

Başqa bir dərd də jurnalistlərin dili, ələlxüsus da sadə insanlarla danışıq tərzləridir. Yakın vaxtlarda “Baku Tv”də yayımlanan reportajı izləyirdim. Dayısını öldürdüyü iddia edilən gəncin atasından müsahibə alırdılar. Müxbir kişini divara dirəyib ki:

— De görüm, hadisə necə baş verdi?

— Vallah-billah, burada deyildim, görməmişəm, — kişi cavab verir.

Müxbir isə tutduğunu buraxmır:

— Yox e, sən bilmirsən hadisə necə olub?

Hələ yeni yaradılan inklüziv teatrın (bu teatrın yaradıcı heyəti bəstəboy aktyor və aktrisalardan ibarətdir) baş rejissoru ilə müsahibəni izləyəydiniz. Bax, havalan. Bax, xəcalət çək.

— Bizim iş tapmaq, rol almaq şansımız çox məhduddur. Bu teatrın məqsədlərindən biri də bizim kimi aktyorlara real iş imkanı yaratmaqdır, — baş rejissor deyirdi.

Müxbir də qızıl-qırmızı qayıtdı ki:

— Caan, iş vermirlər sizə?, — and içməkdən xoşum gəlmir, amma Quran haqqı, elə bu cür də dedi.

Arada rastıma “Real Tv”nin də efiri çıxır. O kanalı izləyəndə özümü Hitler Almaniyasının təbliğatını dinləyirmiş kimi hiss edirəm. Kanalın bütün yayımı hökumətə müxalif olanları təhqir, təhdid eləməkdən, təqsirsizlik prezumpsiyasının pozulması, yalan xəbərlər yaymaq və müdhiş yaltaqlıqdan ibarətdir. Mirşahin Ağayev Prezident İlham Əliyevi elə şövqlə tərifləyir ki, elə bilirəm, icazə versələr, soyadını dəyişdirib Mirşahin Əliyev olar. Onsuz da Əliyevlərə yağdırdığı təriflərdən yüzdə birini belə Ağayevlərdən hələ heç kəs eşitməyib. Şəxsən mən İlham Əliyevin yerində olsaydım, ona hökmən soyadımı verərdim. Çünki bu cür məddahlığın xəcalətindən evlə, pulla çıxmaq mümkün deyil.

Azərbaycan hakimiyyətinin hələ media haqqında mürtəce qanunun hazırlandığı vaxtdan bəri görmək istədiyi mənzərə bu idi. Müstəqil jurnalistləri ard-arda həbs etdirib, azad mətbuatın dayağı redaksiyaları qapatmağa da buna görə can atırdılar. Bu günlərdə yerli televiziyanı izlədikcə camaatın belələrinin ümidinə qaldığı üçün heyfsələnirəm. Bununla belə, optimistəm. Hər necə də olsa, geri qayıdacağıq, yenə də insanlara danışmaq və izləmək üçün müstəqil platformalar təklif edəcəyik.

O zamanadək isə hər fürsətdə, hər yazımızda özümüzü, hələ də bu ölkədə olduğumuzu, usanmadığımızı, ürəyimizi ümidsizlik məzarlığında dəfn etmədiyimizi xatırladacağıq.

Hələlik məndən bu qədər, yenə yazacam, buralardayam, yerimi bilirsiniz…

Fatimə Mövlamlı

Bakı İstintaq Təcridxanası

Ana səhifə ▸ Həbsxanadan məktublar ▸ Fatimə Mövlamlı: “Biri var, çoxu yox: Azərbaycan televiziyası”