Fövqəladə Hallar Nazirliyi (FHN) nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun sifarişi ilə Göygöl rayonunda tikilən üçmərtəbəli qeyri-yaşayış binasına istismara hazırlıq rəyi verib.
Bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestrində yer alıb.
Reyestrdən çıxarışda obyektin sifarişçisi Tale Kəmaləddin oğlu Heydərov, ünvanı isə Göygöl rayonu, Yeni Zod kəndi kimi göstərilir. Layihəni “Azərdövlətlayihə” DBLİ hazırlayıb. FHN obyektə 26 avqust 2026-cı ildə 14283 nömrəli istismara hazırlıq rəyi verib.
Sənədə görə, tikili kənd təsərrüfatı təyinatlı 0,2436 hektar torpaq sahəsində yerləşir. Üç mərtəbəli və zirzəmili binanın ümumi sahəsi 5 min 28,96 kvadratmetr, tikinti sahəsi isə 2 min 436 kvadratmetrdir. Binanın hündürlüyü 15,74 metr, tikinti həcmi isə 39 min 153,15 kubmetr göstərilib.
Obyekt 6 oktyabr 2026-cı ildə Tikintilərin Dövlət Reyestrində “uçota alınıb” statusu ilə qeydə alınıb.
Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. Ancaq bu, onun sifarişçi olduğu ilk tikinti deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıq reyestrində Tale Heydərovun adına 2024-cü ildən bəri dörd tikinti qeydi görünür.
2024-cü ilin sentyabrında Qəbələ şəhərində, Mərkəzi parkın yaxınlığında yerləşən iaşə obyekti onun sifarişi ilə reyestrə daxil edilib. 2025-ci ilin mayında isə Qəbələ-İsmayıllı yolunun 1,8-ci kilometrində yerləşən qeyri-yaşayış binası qeydə alınıb.
2026-cı ilin fevralında Göygöl rayonunun Quşqara kəndində Tale Heydərovun sifarişçi olduğu başqa bir qeyri-yaşayış binasına istismar icazəsi verilib. Həmin binanın ümumi sahəsi 726,64 kvadratmetrdir.
Qəbələ-İsmayıllı yolunda yerləşən digər üçmərtəbəli binanın ümumi sahəsi isə 1 094,25 kvadratmetrdir. Həmin tikili üzrə FHN 14 aprel 2025-ci ildə istismara hazırlıq rəyi verib.
Nazirin digər oğlu Nicat Heydərovun sifarişçi olduğu tikililər də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestrində yer alıb. Reyestrdə onun adına beş tikinti qeydi görünür.
Ən son qeyd 27 aprel 2026-cı ilə aiddir. Qəbələ şəhərinin Elçin Kərimov küçəsində yerləşən qeyri-yaşayış binası həmin tarixdə “istismara icazə” statusu ilə reyestrə daxil edilib.
Bundan əvvəl, 13 mart 2026-cı ildə Qəbələ şəhərinin Heydər Əliyev prospektində Nicat Heydərovun sifarişçi olduğu digər qeyri-yaşayış binasına da istismar icazəsi verilib.
2026-cı il yanvarın 26-da isə Bakının Nərimanov rayonunda, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında yerləşən qeyri-yaşayış binası “uçota alınıb” statusu ilə reyestrə daxil edilib. Həmin tikilinin ümumi sahəsi 3 min 405 kvadratmetrdir.
Nicat Heydərovun adına əvvəlki illərdə də tikinti qeydləri var.
2025-ci il iyunun 23-də Qəbələ şəhərinin Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binası “uçota alınıb”. 2024-cü il sentyabrın 20-də isə eyni prospektdə yerləşən iaşə obyektinə “istismara icazə” statusu verilib.
Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıq reyestrində Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovun sifarişçi olduğu ümumilikdə ən azı 9 tikinti qeydi görünür. Bunlardan dördü Tale, beşi isə Nicat Heydərovun adınadır.
Qeydlər 2024-26-cı illəri əhatə edir. Obyektlər Bakı, Qəbələ və Göygöl rayonlarında yerləşir və əsasən qeyri-yaşayış binaları və iaşə obyektləridir.
Reyestrdəki qeydlərin statusları eyni deyil: bəzi tikililər “istismara icazə”, digərləri isə “uçota alınıb” kimi göstərilib. Sonuncu, Göygölün Yeni Zod kəndindəki tikili üzrə sənəddə isə Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-in 26 avqust 2026-cı il tarixli istismara hazırlıq rəyi ayrıca qeyd olunub.