Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, sərhədi keçərək bu ölkədə saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində istintaq Ermənistanda davam etdiriləcək.
Paşinyan bunu oktyabrın 6-da “Infocom”un “Ctrl Z” proqramına müsahibəsində bildirib.
“Bizim cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. Ən azı müəyyən müddət Ermənistanda qalacaq. İstintaq gedir, hazırda o, həbsdədir”, – Paşinyan deyib.
Baş nazirə Nəsimi Musayevin Azərbaycanda saxlanılan erməni məhbuslarla dəyişdirilməsinin nəzərdə tutulub-tutulmadığı da soruşulub.
Paşinyan bildirib ki, bunlar ayrı-ayrı məsələlərdir və əvvəllər də sərhədi keçən hərbçilərlə bağlı oxşar hallar baş verib.
Onun sözlərinə görə, tərəflər arasında sərhədi keçən hərbçilərin geri qaytarılması məsələsinə digər işlərdən ayrı yanaşmaq barədə razılaşma var.
“Tutaq ki, onlara deyirik: məhbuslardan birini bizə verin, bu əsgəri sizə verək. Sabah bizim əsgərlərdən biri onların tərəfinə keçsə, onda biz kimi verəcəyik?”, – Paşinyan deyib.
Oktyabrın 6-da Ermənistan parlamentinin sədri Ruben Rubinyan da Nəsimi Musayevlə bağlı danışıb. O bildirib ki, hərbçinin Ermənistan ərazisinə hansı şəraitdə keçdiyi – azıb, yoxsa xidmət yerini tərk edib – istintaqla müəyyənləşdirilməlidir.
Rubinyan öz ehtimalını səsləndirsə də, bunun istintaqla təsdiqlənmiş fakt olmadığını vurğulayıb. O, hadisəni diversiya kimi qiymətləndirmədiyini deyib. Parlament sədrinin fikrincə, əgər söhbət əvvəlcədən planlaşdırılmış diversiyadan getsəydi, Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistanı qabaqcadan məlumatlandırması məntiqli olmazdı.
Rubinyan həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistanı məlumatlandırmasını iki ölkə arasında mövcud kommunikasiyanın göstəricisi kimi təqdim edib. Bununla yanaşı, o, Şakidə yerli sakinin evinə daxil olunması və atəş açılmasını “cinayət” adlandırıb.
Bundan əvvəl nə baş verib?
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində oktyabrın 2-də iki aylıq həbs qətimkan tədbiri seçilib.
Ermənistan Baş Prokurorluğu onun barəsində dövlət sərhədini qanunsuz keçmə, silah və hərbi təyinatlı əşyaların qanunsuz dövriyyəsi, mənzil toxunulmazlığının pozulması və sağlamlığa ağır zərər vurulması ilə bağlı maddələr üzrə cinayət təqibinin başladıldığını bildirib.
Ermənistan tərəfinin versiyasına görə, Musayev oktyabrın 1-də Sünik vilayətinin Şaki yaşayış məntəqəsində evlərdən birinə daxil olub və yerli sakinə atəş açaraq onu yaralayıb.
Azərbaycan Baş Prokurorluğu isə daha əvvəl Musayevin Laçın istiqamətində hərbi xidmət keçdiyini, sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edildikdən sonra axtarışa verildiyini açıqlayıb. Qurum hərbçinin hərbi hissəni özbaşına tərk etməsinə dair “əsaslı şübhələr” müəyyən edildiyini bildirib.
Azərbaycan Baş Prokurorluğunun açıqlamasında Ermənistan tərəfinin Şakidəki silahlı insidentlə bağlı irəli sürdüyü iddialara münasibət bildirilməyib.