Fazil Qasımov məhkəmə qərarına yenidən baxılmasını istəyir

Fazil Qasımov. Foto: Fazil Qasımovun şəxsi arxivindən

Həbsdə olan iqtisadçı alim Fazil Qasımov Azərbaycan Ali Məhkəməsinin Plenumuna müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin onun işi üzrə çıxardığı qərara yeni açılmış hallar əsasında yenidən baxılmasını istəyib.

Qasımov müraciətində bildirir ki, 2026-cı il sentyabrın 21-də cinayət işinin materialları ilə tanış olarkən daha əvvəl məhkəmədə araşdırılmadığını dediyi video görüntüyə baxıb, həmçinin istintaq materiallarında saxtalaşdırıldığını iddia etdiyi dörd protokol aşkarlayıb.

Onun fikrincə, bu hallar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2025-ci il tarixli qərarına yeni açılmış hallar üzrə baxılması üçün əsas yaradır.

Fazil Qasımovun Ali Məhkəmənin Plenumuna ünvanladığı ərizəni məzmununa müdaxilə etmədən, yalnız texniki redaktə ilə təqdim edirik:


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna

Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Qasımov Fazil Şakir oğlu tərəfindən

ƏRİZƏ

(Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29.09.2025-ci il tarixli, 1(103)-1047/2025 nömrəli qərarına yeni açılmış hallar üzrə baxılması haqqında)

Yazıb Sizə bildirmək istəyirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 1(101)-473/2025 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 1(103)-1047/2025 nömrəli qərarında iddia olunur ki, İbadoğlu Qubad İbad oğlu 20-30 iyun 2023-cü il tarixlərdə İstanbul şəhərində görüşləri zamanı Qasımov Fazil Şakir oğlundan əldə etdiyi 210 ədəd 100 ABŞ dolları saxta pul əskinasını Azərbaycan Respublikası ərazisinə keçirib və onlardan 10 ədədini 17 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Həbib Mahmudbəyov adına 2 nömrəli liseyin yaxınlığındakı avtomobil dayanacağında Əliyev Anar Şahismayıl oğluna vermiş, qalanlarını isə qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 111A, mənzil 23 ünvanında saxlamışdır.

Anar Əliyev isə 22 iyul 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində (I cild, səh. 133-135) iddia etmişdir ki, 4-5 gün əvvəl Qubad İbadoğlu ona sözügedən avtomobil dayanacağında pul əskinasları və dini kitab verib.

Habelə, 29 iyul 2023-cü il tarixdə Anar Əliyevin 22 iyul 2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması zamanı sözügedən avtomobil dayanacağında DİN-in Təhlükəsiz Şəhər Xidmətinə aid TŞ1-081 nömrəli kameranın olduğu müəyyən edilib (II cild, səh. 10-16).

Bundan əlavə, 15 sentyabr 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi Yusifov Yusif Aslan oğlu TŞ1-081 nömrəli kameranın 16-18 iyul 2023-cü il tarixlərdə saat 15:30-dan 18:30-dək olan müddət ərzində qeydə aldığı görüntülərə baxış keçirdikdən sonra tərtib etdiyi protokolda (IV cild, səh. 57) göstərib ki, İbadoğlu Qubad İbad oğlunun saat 17:37:00-dan etibarən Bakı şəhəri Həbib Mahmudbəyov adına 2 nömrəli liseyin yanından gəlib oradan yuxarı tərəfdə yerləşən avtomobil dayanacağına tərəf əlində çanta olmaqla getdiyi, özünə məxsus qara rəngli sedan avtomobilinə əyləşən zaman Əliyev Anar Şahismayıl oğlunun ona yaxınlaşdığı və saat 17:38:51-dək, yəni təxminən 1 dəqiqə 50 saniyə ərzində əvvəldən bir-birini tanıyan şəxslər kimi söhbətləşib ayrıldıqları müəyyən edilir.

Sözügedən video görüntünün saxlanıldığı yaddaş diski müstəntiq Yusif Yusifov tərəfindən qəbul edilmiş 8 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla (VI cild, səh. 102-140) 231900516 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınsa da, hakim Mahirə Kərimovanın sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı həmin video görüntüyə baxış keçirilməmiş, habelə müdafiə tərəfinin həmin video görüntü ilə tanış olmasına şərait yaradılmamışdır.

Qeyd edim ki, Əliyev Anar Şahismayıl oğlu məhkəmə istintaqında dindirilərkən sözügedən avtomobil dayanacağında Qubad İbadoğlu ilə söhbətinin 15 dəqiqə çəkdiyini, Qubad İbadoğlunun orada avtomobilindən çıxarıb ona 10.000 ABŞ dolları həqiqi pul əskinası və “Şeyda” adlı dini kitabın arasında 1000 ABŞ dolları saxta pul əskinası verdiyini iddia etmişdir.

Qubad İbadoğlu 23 iyul 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şahid qismində dindirilərkən isə Əliyev Anar Şahismayıl oğlu adında adam tanımadığını, belə bir adama heç vaxt nağd pul vermədiyini bildirmişdir (I cild, səh. 144-146).

Ancaq məhkəmə kollegiyası TŞ1-081 nömrəli kameranın qeydə aldığı və iş üzrə maddi sübut kimi tanınmış görüntülərə baxış keçirmədən Anar Əliyevin iddialarını həqiqət kimi qəbul etmişdir.

Mənim Bakı Ağır Cinayətlər Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, Məhkəmə-Hüquq Şurasına, Ombudsman Aparatına, Baş Prokurorluğa və digər qurumlara çoxsaylı müraciətlərimdən sonra 21 sentyabr 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində TŞ1-081 nömrəli kameranın sözügedən görüntülərinə baxış keçirməyimə şərait yaradılmış və məlum olmuşdur ki, Qubad İbadoğlu 17 iyul 2023-cü il tarixdə saat 17:37-də Həbib Mahmudbəyov adına 2 nömrəli liseyin yaxınlığındakı avtomobil dayanacağında “99-ZR-828” dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı avtomobilinə əyləşdikdən sonra Əliyev Anar Şahismayıl oğlu onun avtomobilinə yaxınlaşmış, bundan sonra Qubad İbadoğlu avtomobildən düşərək onu dinləməyə başlamış və onların söhbəti təxminən 1 dəqiqə 50 saniyə davam etmişdir.

Söhbətin əksər hissəsində Anar Əliyev danışmış və söhbət əsnasında Qubad İbadoğlu Anar Əliyevi əvvəldən tanıyan şəxs kimi rəftar etməmişdir.

Ən əsası, video yazıdan aydın şəkildə görünür ki, Qubad İbadoğlu avtomobil dayanacağında Anar Əliyevə heç bir əşya verməmiş və Anar Əliyev 1 dəqiqə 50 saniyə sonra uzaqlaşmışdır.

Beləliklə, Anar Əliyevin 22 və 31 iyul 2023-cü il tarixli ifadələrində yazılanların həqiqəti əks etdirmədiyi və böhtan xarakterli məlumatlar olduğu TŞ1-081 nömrəli kameranın görüntüləri ilə təsdiqini tapmışdır.

Qeyd edim ki, Anar Əliyevin 31 iyul 2023-cü il tarixli ifadəsinə (II cild, səh. 19-24) Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 1(101)-473/2025 nömrəli hökmündə mötəbər sübut kimi istinad edilmişdir.

Bundan əlavə, mən 21 sentyabr 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində 231900516 nömrəli cinayət işinin materialları ilə tanış olarkən müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilmiş 15 avqust 2023-cü il tarixli 4 ədəd saxta protokol aşkar etmişəm.

Belə ki, 21 iyul 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən Əliyev Anar Şahismayıl oğlunun yaşadığı mənzildən götürülən 6 ədəd 100 ABŞ dollarına oxşar pul əskinası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elza Əhmədova tərəfindən verilmiş 9 avqust 2023-cü il tarixli, 5/1053 nömrəli ekspert rəyi (11 cild, səh. 184-184B) müstəntiqə daxil olduqdan sonra CPM-in 268.1.7-ci maddəsinə zidd olaraq mənə təqdim edilməmiş, ancaq 15 avqust 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən mənim 5/1053 nömrəli ekspert rəyi ilə tanış edilməyim barədə saxta protokol tərtib edilmişdir.

008416 nömrəli həmin protokolda (11 cild, səh. 199) mənim və vəkil Anar Qasımlının adının qarşısındakı imzalar müstəntiq Yusif Yusifov tərəfindən atılmışdır.

Bundan əlavə, 21 iyul 2023-cü il tarixdə Anar Əliyevin yaşadığı mənzildən götürülən “Şeyda” adlı kitab üçün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti Namiq Quliyev tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1259 nömrəli ekspert rəyi (11 cild, səh. 165-167) müstəntiq Yusif Yusifova daxil olduqdan sonra CPM-in 268.1.7-ci maddəsinə zidd olaraq mənə təqdim edilməmiş, ancaq 15 avqust 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən mənim sözügedən ekspert rəyi ilə tanış edilməyim barədə saxta protokol tərtib edilmişdir.

008417 nömrəli həmin protokolda (11 cild, səh. 200) mənim və vəkil Anar Qasımlının adının qarşısındakı imzalar müstəntiq Yusif Yusifov tərəfindən atılmışdır.

Bundan əlavə, Qubad İbadoğlunun qeydiyyatda olduğu mənzildən götürülən kompüterdən aşkar olunduğu iddia olunan “Peyğəmbərlərin tarixi” adlı kitab üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti Namiq Quliyev tərəfindən verilmiş 2 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1290-5/1064 nömrəli ekspert rəyi (11 cild, səh. 168-172) müstəntiq Yusif Yusifova daxil olduqdan sonra CPM-in 268.1.7-ci maddəsinə zidd olaraq mənə təqdim edilməmiş, ancaq 15 avqust 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən mənim sözügedən ekspert rəyi ilə tanış edilməyim barədə saxta protokol tərtib edilmişdir.

008415 nömrəli həmin protokolda (11 cild, səh. 198) mənim və vəkil Anar Qasımlının adının qarşısındakı imzalar müstəntiq Yusif Yusifov tərəfindən atılmışdır.

Bundan əlavə, Qubad İbadoğlunun qeydiyyatda olduğu mənzildən götürülən kompüterdən aşkar olunduğu iddia olunan dini materiallar üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti Namiq Quliyev tərəfindən verilmiş 4 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1256-5/1044 nömrəli ekspert rəyi (11 cild, səh. 173-180) müstəntiq Yusif Yusifova daxil olduqdan sonra CPM-in 268.1.7-ci maddəsinə zidd olaraq mənə təqdim edilməmiş, ancaq 15 avqust 2023-cü il tarixdə müstəntiq Yusif Yusifov tərəfindən mənim sözügedən ekspert rəyi ilə tanış edilməyim barədə saxta protokol tərtib edilmişdir.

008414 nömrəli həmin protokolda (11 cild, səh. 197) mənim və vəkil Anar Qasımlının adının qarşısındakı imzalar müstəntiq Yusif Yusifov tərəfindən atılmışdır.

Qeyd edim ki, həmin protokollar müstəntiq Yusif Yusifov tərəfindən şəxsən imzalanmışdır.

Mən sözügedən protokolların saxtalaşdırılması ilə bağlı 29 sentyabr 2026-cı il tarixdə prokurorluq orqanına ərizə ilə müraciət etmiş və müstəntiq Yusif Yusifov barəsində CPM-in 207.1.3-cü maddəsinə uyğun olaraq cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişəm.

Həm TŞ1-081 nömrəli kameranın 17 iyul 2023-cü il tarixdə qeydə aldığı görüntülərdə Əliyev Anar Şahismayıl oğlunun 22 və 31 iyul 2023-cü il tarixli ifadələrindəki məlumatların yalan olduğunun təsdiqini tapması, həm də 21 sentyabr 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi materialları ilə tanış olarkən aşkara çıxardığım 15 avqust 2023-cü il tarixli 4 ədəd saxta protokol Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 1(103)-1047/2025 nömrəli qərarına yeni açılmış hallar üzrə baxılması üçün CPM-in 461.0.3-cü maddəsində nəzərdə tutulmuş əsas yaradır.

Qeyd edim ki, CPM-in 461.0.3-cü maddəsinə əsasən, öz-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə … dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsasdır.

Bütün bunları nəzərə alaraq və CPM-in 461-467-ci maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 1(103)-1047/2025 nömrəli qərarına yeni açılmış hallar üzrə baxılmasını xahiş edirəm.

Həmçinin xahiş edirəm ki, CPM-in 91.5.36 və 92.9.21-ci maddələrinə uyğun olaraq, mənim və müdafiəçilərim Şamil Nəcəfov və Nazim Musayevin ərizəmə yeni açılmış hallar üzrə baxılmasında iştirak etmək hüququnu təmin edəsiniz.


Fazil Qasımov iqtisadçı Qubad İbadoğlu barəsində başlanmış cinayət işinin istintaqı çərçivəsində 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

O, Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya xarici valyutanı əldə etmə və ya satma əməllərinin mütəşəkkil dəstə tərəfindən törədilməsi) maddəsi ilə ittiham olunub. Qasımov ittihamı qəbul etmir, heç bir cinayət törətmədiyini və saxta pul ittihamının əsassız olduğunu bildirir.

2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan Anar Əliyevə 5 il həbs cəzası verilib.

Fazil Qasımov istintaq və məhkəmə prosesi zamanı dəfələrlə ona qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, iş üzrə sübutlarla tanış olmaq imkanlarının məhdudlaşdırıldığını və istintaq zamanı pozuntulara yol verildiyini bildirib. 2026-cı ildə o, istintaq sənədlərində imzasının saxtalaşdırıldığını iddia edərək Baş Prokurorluğa da müraciət edib.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs olunub. 2024-cü il aprelin 22-də onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. İbadoğlu da ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. 2026-cı il sentyabrın 29-da onun ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb və o, müayinə və müalicə məqsədilə Almaniyaya gedib. Ona qarşı cinayət işi isə davam edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Fazil Qasımov məhkəmə qərarına yenidən baxılmasını istəyir