Azərbaycanın Ukraynaya yatırımları 43 dəfə, Rusiyanın ölkəmizə investisiyaları isə 1,8 dəfə artıb

Foto: gothong_1984\shutterstock

Azərbaycan müharibə şəraitində olan Ukraynaya birbaşa investisiyalarını kəskin artırıb.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 12,6 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 dəfə çoxdur. 2025-ci ilin ilk yarısında bu göstərici cəmi 290 min dollar olub.

Azərbaycanın müvafiq qurumları dövlət və özəl sektorun xaricə yönəltdiyi investisiyalar barədə ətraflı və şəffaf məlumat açıqlamadığı üçün Ukrayna, eləcə də digər ölkələrin iqtisadiyyatına artan marağın səbəbini rəsmi olaraq öyrənmək çətindir. Bu baxımdan, yerli və xarici mediada yayılan xəbərlər əsasında investisiyaların əsas istiqamətlərini aydınlaşdırmağa çalışdıq.

Beləliklə, Ukrayna mediasının yazdığına görə, Azərbaycan Kiyevə humanitar yardım göstərir, həmçinin enerji sektoruna ciddi maliyyə dəstəyi verir. 2022–2025-ci illərdə humanitar yardım, enerji dəstəyi və infrastrukturun bərpası məqsədilə rəsmi Bakı tərəfindən 42 milyon dollardan çox vəsait yönəldilib.

2025-ci ilin avqustunda Prezident İlham Əliyev Energetika Nazirliyinə Prezidentin Ehtiyat Fondundan Ukraynanın hərbi əməliyyatlardan zərər çəkmiş bölgələrində enerji təchizatının bərpası üçün 2 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb. Lakin Azərbaycan Mərkəzi Bankının tədiyə balansına dair hesabatında ötən il Ukraynaya yatırılan investisiyaların həcmi 290 min dollar göstərilir. Bəs Ehtiyat Fondundan ayrılan vəsaitlər hansı mənbə hesabına Ukrayna iqtisadiyyatına yönəldilib? Təəssüf ki, bu tip suallara səhih cavab əldə etmək mümkün deyil.

Yalnız Ukraynanın Azərbaycandakı səfiri Yuri Husevin bu ilin iyul ayında “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsindən aydın olur ki, Azərbaycan şirkətləri Ukraynanın enerji, mədən sənayesi, logistika, aqrar-sənaye kompleksi və rəqəmsal texnologiyalar sahələrinə maraq göstərir.

“Ukraynanın bərpasında iştirak etməkdə Azərbaycan şirkətlərinin marağı var və Azərbaycan artıq Rusiya işğalından azad edilmiş İrpin şəhərinin bərpasına əhəmiyyətli dərəcədə kömək edir. Xüsusilə, Azərbaycanın köməyi və SOCAR-ın dəstəyi sayəsində poliklinika və akademik Zərifə Əliyevanın adını daşıyan İrpin Humanitar Liseyi “Linqvist” bərpa edilib. İrpin icması üçün dörd yeni sosial layihənin həyata keçirilməsi məqsədilə birgə işlər aparılır”, – deyə Husev bildirib.

Rusiya kapitalının Azərbaycana axını artıb

Ukraynadan fərqli olaraq, Azərbaycanın Rusiyaya birbaşa investisiyaları azalıb. 2026-cı ilin ilk yarısında şimal qonşusuna yönəldilən kapital 22,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz azdır.

Bununla yanaşı, sanksiyalar fonunda Rusiya kapitalının yatırıldığı ölkələr sırasında Azərbaycanın mövqeyi güclənib. Bu ilin ilk yarısında Rusiyadan ölkəmizə kapital axınının 1,8 dəfə artdığı görünür. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycana Rusiyadan 130 milyon dollar sərmayə daxil olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 237 milyon dollara qədər yüksəlib.

Xaricə kapital çıxışı 3,7 dəfə artıb

Ümumiyyətlə, 2026-cı ilin ilk yarısının ölkələr üzrə investisiya statistikasını təhlil etdikdə Ukrayna və Rusiya ilə yanaşı, ərəb və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına da marağın artdığını görmək olur.

Belə ki, 2026-cı ilin ilk yarısında Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 3,7 dəfə artaraq 5 milyard 360 min dollara çatıb.

Eyni zamanda, tədiyə balansının bu seqmentində mənfi saldo yaranıb. 2026-cı ilin ilk yarısında Azərbaycana daxil olan birbaşa xarici investisiyaların həcmi 3 milyard 666 milyon dollar təşkil edib. Xaricdən ölkəyə daxil olan investisiyaların artımı nisbətən cüzi olduğu halda, Azərbaycandan xaricə kapital çıxışı əhəmiyyətli dərəcədə yüksəlib.

Kapital çıxışının artmasında əsas səbəb İtaliya, Oman, BƏƏ, Rumıniya və Özbəkistan kimi ölkələrə dövlət investisiyalarının həcminin yüksəlməsidir. Media xəbərləri əsasında demək olar ki, Azərbaycan sərmayələri daha çox enerji, otelçilik, daşınmaz əmlak və digər sahələrə yönəlir.

Belə ki, SOCAR-ın 2026-cı il mayın 8-də İtaliyanın “Italiana Petroli” şirkətinin səhmlərinin 98,8 faizini satın alması investisiya qoyuluşlarında kəskin sıçrayışa səbəb olan əsas amil olub. İtaliyaya qoyulan investisiya 2025-ci ilin I yarısındakı 10,49 milyon dollardan 2026-cı ilin eyni dövründə 3 milyard 245,55 milyon dollara yüksəlib. Bu məbləğin 3 milyard dollardan çoxunu məhz SOCAR-ın bu ölkənin neft şirkətinə qoyduğu sərmayə təşkil edir.

Ölkəmizin Omana yatırdığı investisiyalarda da ciddi artım qeydə alınıb. Ötən ilin sonunda Azərbaycan və Oman arasında Birbaşa İnvestisiya Fondunun yaradılması və bu fonda rəsmi Bakının 100 milyon dollar vəsait yatırması bu ölkəyə kapital axınının artmasına təsir göstərib.

2025-ci ilin ilk yarısında Azərbaycan Omana cəmi 64 min dollar sərmayə yatırdığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 31,23 milyon dollara yüksəlib. Media xəbərlərinə görə, Azərbaycan Omanın ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika sektorlarına sərmayə qoymağı planlaşdırır.

Rumıniyaya yatırılan Azərbaycan investisiyalarının həcmində də nəzərəçarpacaq artım var. Bu ölkəyə yönəldilən investisiyalar 2025-ci ilin ilk yarısında 871 min dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 13,51 milyon dollara yüksəlib.

Rumıniya mediası isə yazır ki, SOCAR bu ölkədə yanacaqdoldurma məntəqələrinin sayını 100-ə çatdırmaq üçün böyük investisiyalar yatırmağı nəzərdən keçirir. Bununla belə, investisiyanın ümumi məbləği açıqlanmasa da, AMB-nin hesabatından görünür ki, bu məbləğ on milyon dolları ötəcək.

Son illərdə Azərbaycanla Özbəkistan arasında inkişaf edən iqtisadi münasibətlər kapital axınında da özünü göstərir. 2026-cı ilin ilk yarısında Azərbaycanın Özbəkistana yatırdığı investisiyalar 4,5 dəfə artaraq 21,42 milyon dollardan 96,21 milyon dollara yüksəlib.

Azərbaycanın ən çox kapital yatırdığı ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı da ön sıralardadır. Bu ölkəyə yönəldilən investisiyaların həcmi 64,75 milyon dollardan 329,19 milyon dollara çatıb. Lakin həmin vəsaitlərin mənbəyi və investisiyaların konkret istiqamətləri barədə açıq məlumat əldə etmək olmadı. Bəzi ekspertlər bu artımın səbəblərindən biri kimi daşınmaz əmlak alışlarının artmasını ehtimal edirlər.

Bundan əlavə, Azərbaycanın Türkiyəyə investisiyaları 3,4 dəfə artaraq 603,76 milyon dollara, Gürcüstana yatırımları 47,7 faiz artaraq 114 milyon dollara, ABŞ-yə investisiyaları isə 31,3 faiz artaraq 102 milyon dollara yüksəlib.

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yönəldilən birbaşa investisiyaların həcmi də 72,8 faiz artaraq 270,07 milyon dollara çatıb.

Qərbi Avropaya yatırımlar azalıb

Son illərdə Fransa-Azərbaycan siyasi münasibətlərində yaranan gərginlik qarşılıqlı investisiyalara da təsir edib. Mərkəzi Bankın hesabatında Fransadan Azərbaycana yönəldilən investisiyalar barədə ayrıca məlumat verilməsə də, Azərbaycanın bu ölkəyə yatırımları kəskin azalıb.

Belə ki, Fransaya yönəldilən investisiyaların həcmi 2025-ci ilin ilk yarısındakı 11,8 milyon dollardan 2026-cı ilin eyni dövründə 2,4 milyon dollara düşüb. Bu, 79,8 faizlik azalma deməkdir.

Eyni tendensiya Almaniya və İspaniya üzrə də müşahidə olunub. Almaniyaya kapital qoyuluşları 23 faiz, İspaniyaya investisiyalar isə 74,7 faiz azalıb.

Ana səhifə ▸ İqtisadiyyat ▸ Azərbaycanın Ukraynaya yatırımları 43 dəfə, Rusiyanın ölkəmizə investisiyaları isə 1,8 dəfə artıb