Həbsdə olan inanclı Rövşən Cabbarov saxlanıldığı cəzaçəkmə müəssisələrində təzyiq və pis rəftara məruz qalıb.
Bu barədə Müsəlman Birliyi Hərəkatının (MBH) Avropa Nümayəndəliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rövşən Cabbarov 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığı dövrdə müxtəlif təzyiqlərlə üzləşib.
Cabbarovun yaxınlarına dediyinə görə, müəssisədə olarkən o, ağır dəmir darvazanın arasında qəsdən saxlanılıb və bununla həyatına təhlükə yaradılıb.
MBH-nin məlumatına əsasən, Rövşən Cabbarov 2026-cı il iyunun 20-də cəzalandırma məqsədilə Umbakı həbsxanasına köçürülüb.
Yaxınları bildirirlər ki, Umbakı həbsxanasında onun kamerası heç bir əsas göstərilmədən dəfələrlə dəyişdirilib. Bundan əlavə, Cabbarov müxtəlif məhkumlarla eyni kameraya yerləşdirilib və bu yolla süni qarşıdurma yaradılmasına cəhd göstərilib.
Ailə üzvləri bunu Cabbarova qarşı məqsədli təzyiq və onun təhlükəsizliyinə risk yaradan davranış kimi qiymətləndirirlər.
“Zona”ya buraxılması üçün pul tələb olunduğu iddia edilir
MBH-nin yaydığı məlumatda həmçinin bildirilir ki, Rövşən Cabbarovdan cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra ümumi yaşayış sahəsinə – məhkumların “zona” adlandırdığı əraziyə buraxılması müqabilində pul tələb edilib.
İddiaya görə, Cabbarov bu tələbi qəbul etmədikdən sonra “zona”ya buraxılmayıb, fiziki və psixoloji təzyiqlərə, eləcə də işgəncəyə məruz qalıb.
Sentyabrın 19-da o, 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Ailə üzvlərinin sözlərinə görə, bir müddətdir Rövşən Cabbarovla telefon əlaqəsi yaratmaq mümkün deyil, onunla görüşə də icazə verilmir.
Yaxınları bu səbəbdən Cabbarovun səhhəti və təhlükəsizliyindən narahat olduqlarını, onun hazırkı vəziyyəti barədə məlumat əldə edə bilmədiklərini deyirlər.
Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi Rövşən Cabbarovun harada və hansı şəraitdə saxlanılması, səhhəti və təhlükəsizliyi barədə ailəsinə məlumat verilməsini, həmçinin səsləndirilən pul tələbi, pis rəftar və işgəncə iddialarının araşdırılmasını tələb edir.