Siyahıda 322 nəfərin adı yer alıb
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabrın 5-də ölkədə siyasi məhbus hesab etdiyi şəxslərin yenilənmiş siyahısını dərc edib.
Siyahıda ümumilikdə 322 nəfərin adı yer alıb. Onlardan 15-i qadındır. Sənəddə məhbuslar 12 qrupa bölünüb.
Siyahını hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov hazırlayıblar.
Müəlliflər bildirirlər ki, sənəd Avropa Şurası Parlament Assambleyasının 2012-ci ildə qəbul etdiyi 1900 saylı qətnamədə göstərilən “siyasi məhbus” meyarlarına əsasən tərtib olunub. Siyahıya yalnız barəsində etibarlı məlumat toplamaq mümkün olan şəxslərin daxil edildiyi qeyd olunur.
Mayın 13-də açıqlanmış əvvəlki siyahıda 328 nəfərin adı vardı. Həmin sənəddə də məhbuslar 12 kateqoriyaya bölünmüşdü.
İttifaqın məlumatına görə, ötən dörd aya yaxın müddətdə 28 nəfərin həbs müddəti başa çatıb və onlar azadlığa çıxıblar. Azad olunanlar arasında vətəndaş cəmiyyəti fəalları Zamin Salayev, Elvin Mustafayev, Ayxan İsrafilov, satirik şair İbrahim Xudayi və 19 dindarın olduğu bildirilir.
Eyni zamanda, bu müddətdə müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri, milli azlıqların fəalları və dindarlar arasında yeni həbslər və məhkumluqların olduğu qeyd edilir.
Yenilənmiş siyahıda ən böyük qrupu 178 nəfərlə dindarlar təşkil edir. Bu, siyahıya daxil edilən şəxslərin təxminən 55 faizidir.
Digər qruplar belə təsnif edilib:
- jurnalistlər və blogerlər – 31 nəfər;
- hüquq müdafiəçiləri – 7 nəfər;
- müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 46 nəfər;
- milli azlıqların fəalları – 6 nəfər;
- müharibə əleyhinə fəallar – 2 nəfər;
- Söyüdlü kəndi işi üzrə – 1 nəfər;
- Avropadan deportasiya olunmuş siyasi mühacirlər – 6 nəfər;
- İmişli işi üzrə məhkum edilmiş şəxslər – 12 nəfər;
- dindarlar – 178 nəfər;
- Tərtər işi üzrə məhkum olunanlar – 8 nəfər;
- Gəncə işi üzrə məhkumlar – 13 nəfər;
- ömürlük azadlıqdan məhrum edilənlər – 12 nəfər.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi mövqeyə görə, heç kim siyasi baxışına və ya fərqli düşüncəsinə görə həbs edilmir, məhkum olunan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilirlər.