Ötən il ölkədə fəaliyyət göstərən 55 xarici müəssisə bazarı tərk edib. Dövlət Statistika Komitəsinin açıqladığı “Azərbaycanın sənayesi” məcmuəsində göstərilir ki, 2025-ci ildə ölkədə 408-ə yaxın xarici mülkiyyətli sənaye müəssisəsi fəaliyyət göstərib. Bu isə 2024-cü illə müqayisədə 12 faiz azalma deməkdir.
Müəssisələrin bazarı tərk etməsi və neft sektorunda hasilatın azalması xarici mülkiyyətli müəssisələrin ümumi istehsal həcmində 3,9 milyard manatlıq itki yaradıb. Belə ki, onların istehsal etdiyi məhsulun həcmi 2024-cü illə müqayisədə 10 faiz azalaraq 2025-ci ildə 34,7 milyard manata düşüb.
Xarici investisiyalarla bağlı statistik təhlil göstərir ki, sənayedə xarici kapitallı müəssisələrin sayında ən kəskin azalma emal sənayesində baş verib. İndiyədək emal sənayesinə yönəldilən xarici investisiyaların həcmi onsuz da az olub. Son illərdə isə qeyri-neft sektorunda fəaliyyət göstərən xarici kapitallı istehsal müəssisələrinin və şirkətlərin bir çoxunun fəaliyyətini dayandırması halları artıb. Müqayisə üçün, 2024-cü ildə emal sənayesinə yönəldilən xarici sərmayənin həcmi 2,1 milyon manat idisə, 2025-ci ildə bu göstərici sıfırlanıb.
İqtisadçılara görə, ölkə iqtisadiyyatında azad və şəffaf rəqabət olmadığı üçün xarici sərmayədarlar əsasən Azərbaycanda dövlət səviyyəsində zəmanət verilən layihələrdə iştirak etməkdə maraqlıdırlar. Bu baxımdan, kapitalın əsasən mədənçıxarma və enerji sektoruna yönəlməsi təsadüfi deyil. Çünki on milyardlarla dəyərində olan bu layihələrin reallaşdırılması üçün xarici investorların cəlb edilməsinə xüsusi dövlət dəstəyi göstərilir.
Məhz enerji sektoruna istiqamətləndirilən yatırımlar sənayedə xarici investisiyaların ümumi həcminin 30,6 faiz artmasına səbəb olub. Belə ki, sənayedə əsas kapitala yönəldilən xarici investisiyaların həcmi 2024-cü ildə 2,8 milyard manat olduğu halda, 2025-ci ildə 3,7 milyard manata yüksəlib.
DSK-nin hesabatına görə, xarici investisiyalar əsasən iki sahədə — mədənçıxarma sənayesində və elektrik enerjisi sektorunda cəmləşib.
Mədənçıxarma sənayesində xam neft və qaz hasilatına qoyulan xarici investisiyalar 2024-cü illə müqayisədə 13 faiz artaraq 3,1 milyard manata çatıb. Bu, son illərdə xarici investorların Azərbaycandakı neft-qaz layihələrində böyük paylar əldə etməsi və hasilatı artırmaq üçün yeni kəşfiyyat işlərinə başlanması ilə əlaqədardır.
Bundan başqa, ərəb şirkətlərinin və BP-nin Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyuluşları da statistik göstəricilərə təsir edib. Bu baxımdan, ən böyük investisiya sıçrayışı məhz bu sektorda baş verib. Elektrik enerjisi və qaz təchizatı sektoruna xarici investisiyaların həcmi 2024-cü ildə cəmi 10 milyon manat olduğu halda, 2025-ci ildə 524 milyon manata yüksəlib.
Əslində, bu göstəricilər xarici kapitalın sənayedəki rolunun yüksək olmasına baxmayaraq, onun sahələr üzrə qeyri-bərabər paylandığını göstərir. Xüsusilə, qeyri-neft sənayesinə xarici kapital qoyuluşlarının dayanması hazırda ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.
Sənayedə baş verən bu geriləmə təkcə xarici mülkiyyətli müəssisələrdə deyil, yerli müəssisələrdə də müşahidə edilib. 2025-ci ildə 470-ə yaxın yerli sənaye müəssisəsi fəaliyyətini dayandırıb. Onların 435-i emal sənayesi müəssisəsidir. Ən yüksək azalma qida sənayesi və tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrdə qeydə alınıb.
Xarici investorlarla yanaşı, yerli müəssisələrin də bazarı tərk etməsi sənaye sektorunun ümumi maliyyə nəticələrinə təsir göstərib. Belə ki, ölkə sənayesində yaradılan ümumi əlavə dəyər 6,2 faiz azalaraq 42,6 milyard manata, xalis mənfəət isə 9 faiz azalaraq 34 milyard manata düşüb. Nəticədə, sənaye sektorunun ölkə iqtisadiyyatında yaradılan ümumi xalis mənfəətdəki payı kəskin azalıb.