Marneulidə 13 yaşlı uşağın doğuş etməsi ilə bağlı araşdırma başlanıb

Uşaq doğuşu – Foto: Shutterstock

13 yaşlı uşağın Azərbaycan vətəndaşı olduğu bildirilir

Marneulidə 13 yaşlı qızın əkiz uşaq dünyaya gətirməsindən sonra Gürcüstan polisi araşdırmaya başlayıb.

Hadisə barədə məlumatı oktyabrın 1-də Marneulidən olan hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə yayıb.

Bayramova adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, 13 yaşlı qız Marneuli doğum evində əkiz uşaq dünyaya gətirib.

“Mənbənin məlumatına görə, yeni doğulmuş körpələrdən biri dünən gecə gec saatlarda ölüb, digərinin vəziyyəti isə kritikdir”, – Bayramova yazıb.

Hadisə barədə Gürcüstanın bir sıra media orqanları da məlumat yayıb. Onlar da körpələrdən birinin öldüyünü, digərinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Gürcüstan Daxili İşlər Nazirliyindən mediaya bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır.

Həmin maddə yetkin şəxsin, qarşı tərəfin 16 yaşına çatmadığını əvvəlcədən bilməklə, onun bədəninə seksual xarakterli nüfuz etməsini cinayət hesab edir. Cinayətə görə 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hazırda hadisədə iştirak etdiyi ehtimal olunan şəxsin kimliyi barədə rəsmi məlumat açıqlanmayıb. Gürcü mediasında onun saxlanılması və ya barəsində başqa prosessual tədbirin görülməsi barədə də məlumat yoxdur.

Samirə Bayramova Meydan TV-yə bildirib ki, 13 yaşlı qız azərbaycanlıdır və Azərbaycan vətəndaşıdır. Onun sözlərinə görə, qızın “həyat yoldaşı” Gürcüstan vətəndaşıdır.

Bayramova deyib ki, hadisə barədə məlumatı xəstəxanada çalışan tibb bacısından alıb.

Onun sözlərinə görə, 13 yaşlı qızın doğuş üçün xəstəxanaya gətirilməsi tibb müəssisəsinin əməkdaşlarını da təəccübləndirib.

“Samirə Bayramovaya xəstəxanadakı tibb bacısı məlumat verib. Çünki 13 yaşlı qızın doğuma gəldiyini görmək xəstəxana kollektivini də təəccübləndirib. Əkiz uşaqlar olub, biri vəfat edib, digərinin vəziyyəti isə ağırdır”, – Bayramova Meydan TV-yə bildirib.

Ana səhifə ▸ Xəbərlər ▸ Marneulidə 13 yaşlı uşağın doğuş etməsi ilə bağlı araşdırma başlanıb