Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-də baş verən hadisə ilə əlaqədar xarici ölkə vətəndaşı həbs edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır. Maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsini və ya məhv edilməsini nəzərdə tutur.
Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu bildirilir. Bunu onun dövlət tərəfindən təyin edilmiş vəkili Teona Peradze təsdiqləyib.
Vəkilin “Azadlıq” radiosunun gürcü xidmətinə verdiyi məlumata görə, saxlanılan şəxs 40 yaşdan yuxarı kişidir. Onun Gürcüstanla yaxın əlaqəsi olmayıb və ölkəyə turist kimi gəlib.
Şübhəli hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İş üzrə ilkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.
Teona Peradze bildirib ki, istintaqın topladığı sübutlar müdafiə tərəfinə təqdim olunub. Lakin vəkil həmin materiallar arasında hadisəni əks etdirən müşahidə kamerası görüntülərinin olub-olmadığını açıqlamayıb.
Hazırda büst örtülüb və zədənin miqyasını vizual olaraq müəyyənləşdirmək mümkün deyil. Mövcud məlumata görə, abidənin üz hissəsinin bir tərəfi qırılıb. Büstün hansı vasitə ilə zədələndiyi və hadisənin motivi hələ açıqlanmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi və Prokurorluq da işin digər detallarını ictimailəşdirməyib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin sözlərinə görə, hadisə sentyabrın 21-də səhər saatlarında baş verib. O bildirib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar istintaq və prosessual tədbirləri davam etdirirlər.
Səfir hadisə barədə müxtəlif məlumatların yayılmasına münasibət bildirərkən istintaq başa çatmadan nəticə çıxarmamağa çağırıb. Hadisənin motivi barədə də rəsmi açıqlama verilməyib.
Bu, Tbilisidə Heydər Əliyevin abidəsi ilə bağlı qeydə alınan ilk belə hadisə deyil.
2017-ci ilin iyununda Tbilisidə, Kür çayının sağ sahilində yerləşən Heydər Əliyev memorialına gecə saatlarında qırmızı boya atılmışdı. Gürcüstan Daxili İşlər Nazirliyi həmin faktla bağlı da Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma başlamışdı (maddə əhəmiyyətli zərərə səbəb olan özgə əmlakının qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur). Abidə ertəsi gün Tbilisi meriyasının təmizlik xidməti tərəfindən təmizlənmişdi.
Hadisə azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən yoxa çıxaraq Azərbaycanda həbsdə üzə çıxmasından bir neçə gün sonra baş vermişdi. Lakin Gürcüstan hüquq-mühafizə orqanları abidənin boyanmasının motivini rəsmi şəkildə açıqlamamış və iki hadisə arasında əlaqə müəyyənləşdirildiyini bildirməmişdi.
Heydər Əliyev adına park və büst Tbilisinin mərkəzi rayonlarından biri sayılan Abanotubani ərazisində yerləşir. Park 2007-ci il mayın 12-də Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. Bundan bir neçə ay əvvəl Kür çayının sağ sahilindəki yolun bir hissəsinə Heydər Əliyevin adı verilmişdi.
Tbilisidə Heydər Əliyevin adını daşıyan mədəniyyət mərkəzinin tikintisi də planlaşdırılır. Layihə üçün köhnə Tbilisidə bir neçə daşınmaz əmlakın ekspropriasiyası nəzərdə tutulub. Ərazidə yaşayan bəzi sakinlər qərara etiraz ediblər.