Cəmil Həsənli: “Azərbaycanın gələcəyi dumanın içindədir”

Cəmil Həsənli. Foto: şəxsi arxivindən

Meydan TV-nin budəfəki müsahibi tarixçi, professor və Milli Şuranın sədri Cəmil Həsənlidir. Onunla söhbətimizdə Azərbaycandakı siyasi vəziyyəti, ölkədə dəyişən siyasi mühiti, “Ramiz Mehdiyev işi”, Azərbaycan-Ermənistan münasibətlərindəki son prosesləri və Azərbaycanın gələcəyini müzakirə etdik.

– Cəmil bəy, siz həm tarixçisiniz, həm uzun illər akademik fəaliyyət göstərmisiniz, həm deputat olmusunuz, həm də Azərbaycanın müxalifət siyasətinin ən uzunömürlü simalarından birinə çevrilmisiniz. Bu gün geriyə baxanda, həyatınızın hansı qərarını ən doğru, hansını isə ən çox mübahisə doğuran qərar hesab edirsiniz?

– Müxalifətçi deyəndə ki, əslində mən həmişə demişəm ki, siyasət mənim həyatımın yalnız bir hissəsidir. Mən daha çox bir tarixçi olaraq akademik işlərlə məşğul olmağa üstünlük vermişəm. Hətta 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini təyin olunanda da bu gün həbsdə olan Əli Kərimliyə demişdim ki, sizi indi hökumət də vurur, müxalifət də. Sizin ayaqda qalmağınız üçün sizə dəstək verəcəyəm. Nə vaxt bu dəstək sizə lazım olmasa, mən, əlbəttə, Azərbaycan Xalq Cəbhəsi Partiyasında tutduğum vəzifədən, ümumiyyətlə Cəbhədən, yaxud elə lap siyasətdən gedərəm. Amma iş elə gətirdi ki, bu dəstək ona uzun müddət lazım oldu, vacib oldu və mən də kiçik fasilələrlə bu günə qədər siyasətdə qalmalı oldum. Bugünkü vəziyyəti də özünüz bilirsiniz. Əli Kərimli kifayət qədər istedadlı adamdır. Tələbəlik dövründən bəri onun keçdiyi həyat yolu mənim gözümün qabağında olub. Çox gənc yaşlarında milli hökumətdə yüksək vəzifə tutmuşdu. Məhz, istedadlı olduğu üçün onu gənc yaşlarında siyasi səhnədən sıxışdırıb çıxarmaq istəyirdilər. Həmin vaxt Əbülfəz bəyə çox təsir edirdilər ki, Əli bəyə etimad göstərməsin, onu birinci müavin təyin etməsin. Amma bütün bunlara baxmayaraq Əbülfəz bəy seçim edəndə, məhz Əli Kərimlinin üzərində dayandı. Bu seçim istər Cəbhə daxilində bəzi dairələr və istərsə də, Cəbhədən kənar müxalifət camiəsində birmənalı qarşılanmadı. Bir dəfə müxalifətçiliyə iddialı olan bir partiya sədrindən soruşmudular ki, Əli Kərimliyə niyə nifrət edirsən. O, da cavab vermişdi ki, Əli Kərimli olmasaydı biz birinci müxalifət partiyası olardıq.

Siyasi qərarlar və peşmanlıqlar: “Həyat canlı bir prosesdir”

Foto: Cəmil Həsənlinin şəxsi arxivindən

– Siyasi fəaliyyətinizdə geriyə dönüb səhv hesab etdiyiniz qərarlar olubmu?

– Bilirsiniz, həyat canlı bir prosesdir. Bu prosesdə atdığın addımların həmin məqamda doğru və ya yanlış olduğunu müəyyən etmək o qədər də asan deyil. Məsələn, mən bu yanlışlıqlardan birini deyə bilərəm. 2010-cu ildə parlament seçkilərində iştirak etmək mənim yanlışlığım, mənim səhvim idi. Artıq iki dönəm millət vəkili olmuşdum və bu fəaliyyət yetərli idi. Ümumiyyətlə, bütün məsul vəzifələrdə, mənə elə gəlir ki, 10 il kifayət qədər uzun müddətdir. O cümlədən prezident vəzifəsində də. Qərb ölkələrinin çoxunda bu müddətləri ona görə qoyublar ki, sistemi əlavə təhlükələrdən, avtoritarizmdən qorusunlar. Qorumayanda Azərbaycanda İlham Əliyev kimi totalitar olur, Türkiyədə Rəcəb Tayyib Ərdoğan kimi avtoritar olur. Uzun müddət qalanda prezident dövlətləşir, baş nazir dövlətləşir və nəticə etibarilə ölkəni irəli yox, geri çəkir. Bugün Azərbaycanda dövlət ailələşib, ailə dövlətləşib. Artıq bizim ölkədə nəyin dövlətə, nəyin ailəyə aid olduğunu müəyyən etmək çətinləşib. Qədim Hindistanda kasta sistemi olanda Barahmanlar hakim zümrə sayılırdı və gözləri ilə gördükləri hər şey onlara məxsus idi. İndi XXI əsrdə bizim ölkədə gözlə görülən hər şey əliyevlərə məxsusdur. Mənim və bütövlükdə hər kəsin ən böyük səhvi ondan ibarətdir ki, biz ölkəmizdə respublika dəyərlərini qoruya bilmədik.    

– Akademik fəaliyyətinizlə siyasi fəaliyyətinizi müqayisə etsəniz, hansını daha uğurlu hesab edirsiniz?

– Akademik fəaliyyətim siyasi fəaliyyətimlə müqayisədə daha uğurlu olub. Çünki bu sahədə siyasi səhnədə olan qadağalar, məhdudiyyətlər, basqılar yoxdur. Ötən əsrin 90-cı illərindən başlayaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan, rus, ingilis, türk, fars, çin dillərində çoxlu əsərlərim nəşr olunub. Müxtəlif dillərdə nəşr olunmuş 50-dən çox kitabın müəllifiyəm. Onlardan 10-u ABŞ və Böyük Britaniyanın nüfuzlu universitetlərində, dünyaca tanınan  nəşriyyatlarında çap edilib. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, mən keçmiş Sovet İttifaqı və sosialist coğrafiyasında Harvard Soyuq Müharibə Kitab Seriyasında dörd monoqrafiyası nəşr olunan yeganə tarixçiyəm. Rusiyada, Türkiyədə, İranda, Hong Kongda monoqrafiyalarım nəşr olunub. Siyasi fəaliyyətimizdən razı olmasaq da, akademik fəaliyyətimizi qənaətbəxş hesab etmək olar. Hərdən dostlardan kimsə soruşanda ki, yazı-pozu işləriniz necə gedir? Deyirəm, vallah elə qaydasında olan bir işimiz varsa, o da yazı-pozu işlərimizdir.

– Azərbaycanda sizin kitablarınızla bağlı münasibətlə Qərbdəki münasibət arasında fərq görürsünüzmü?

– Əlbəttə, görürəm. Mənim kitablarım ABŞ-da, Britaniyada və başqa Qərb universitetlərində oxu materialı kimi tədris proqramlarına daxil edilir. Azərbaycanda isə hətta mənim kitablarıma istinad etmək belə “məqsədəuyğun” sayılmır. Hansısa müəllif mənim kitabıma istinad edəndə nəşriyyat həmin istinadı çıxarmağı müəllifə tövsiyə edir.  Bir dəfə bir akademik daha kreativ bir üsul tapmışdı. Mənim kitabıma istinad edir, kitabın adını yazır, amma müəllif kimi mənim adımı yazmır. Xaricdən ünvanıma göndərilən kitablar, bağlamanın üstündə çox aydın şəkildə ünvanım yazılsa da, bir aydan sonra “ünvan tapılmadı” kimi sənədləşdirilib geri göndərilir. Yaxud mənim özümün xaricdə nəşr olunmuş kitablarım müəllif nüsxələri kimi mənə göndəriləndə, onun 1-2 nüsxəsini Milli Təhlükəsizlik Nazirliyinə aparır və yoxlamadan keçirirdilər. Bir dəfə nəşriyyat məni xəbərdar etmişdi ki, sizin kitabları göndərdik, filan tarixdə Bakıda olacaq. Ancaq o filan tarix keçdi, filan-filan tarixdə keçdi, lakin kitablardan bir xəbər çıxmadı. Getdim poçta. Dedilər hələ gəlməyib, nəşriyyatın məktubunu göstərdim. Axırda etiraf etdilər ki, kitabları “tanış olmaq” üçün MTN aparıb. Ora zəng etdim. Dedilər “bəli, kitablar bizdədir”. Vermişik müvafiq əməkdaşa ki, oxuyub tanış olsun. Bir ay keçdi, bir xəbər çıxmadı, iki ay keçdi bir xəbər çıxmadı və axırda zəng edib dedim ki, siz bu kitabın bütün nüsxələrin ayrı-ayrı oxutdurursunuz, ya bir nüsxə ilə tanış olursunuz. Əgər bir nüsxə ilə tanış olursunuzsa, zəhmət olmasa idarənizdə bir savadlı bir adam saxlayın ki, heç olmasa gündə 5-10 səhifə oxuya bilsin. Digər bir vaxt Gömrük komitəsi vasitəsi kitablarımı saxlamışdılar. “Turan” İnformasiya Agentliyi məsələni ictimailəşdirəndən sonra müəllif nüsxələrini verməli oldular.  Bir neçə il əvvəl mənim kitablarımı satışdan yığışdırmaq üçün bəzi kitab dükanlarını təmir adı ilə bağladılar. Mənim “Zamanın sınağında” memuarlarım çıxanda bir sıra satış yerlərinə gəlib satıcıları qorxutdular və kitabları satışdan çıxardılar. Hətta, onlardan birini necə qorxutmuşdularsa, mənə dedi ki, Cəmil müəllim mən inanmıram Azərbaycanda kimsə bu kitabı sata bilsin. Bakı Beynəlxalq kitab sərgiləri keçiriləndə bu kitabı müsadirə etməsələr də, satışdan yığışdırılmasın tələb edirlər. Ancaq “Əli və Nino” kitab şəbəkəsi və “Qanun” nəşriyyatının satış yerləri bu qadağaları aşa bildi.     

Bir haldaki söhbət kitabdan düşdü, mən bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanda tez-tez yazırlar ki, “filankəsin Avropada, Amerikada kitabı çıxdı”. Pul verib özəl nəşriyyatda kitab çap etdirmək bir şeydir, anonim rəyləşmədən keçərək, həmin rəylər müsbət olduqdan sonra nüfuzlu nəşriyyatın kitabı çap edilməsi tamam başqa şeydir. Qərbdə ən etibarlı və nüfuzlu nəşriyyatlar universitet nəşriyyatları sayılır. Onlar anonim rəyləşmədən keçirmədən kitab nəşr etməzlər. Amma bəzən bizimkilər Qərbin universitet nəşriyyatlarına da yol tapa bilirlər. Bu yaxınlarda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professor  İsfəndiyar Ağayevin “Cinayət hüququ” kitabı Azərbaycan dilində Almaniyanın Leypsiq Universitetinin nəşriyyatında çap olunub. Bu barədə mən “Facebook” profilimdə də yazmışam. Azərbaycan dilində kitabın alman dilli Leypsiq universitetində hansı auditoriya üçün çap edildiyi, kim tərəfindən rəyləşdirildiyi, kim tərəfindən redaktə və korrektə olunduğu suallar doğurur. Azərbaycan dilində kitabın üz qabığında Leypsiq Universiteti nəşriyyatı sözünü yazmaqla bu axı xarici nəşr olmur. Hələ alam dilində Leypsiq universiteti fonunda kitabın reklam roliki də yayılıb. Amma kimin üçün? Almaniyada Azərbaycan dilində nəşr olunan “Cinayət hüququ” kitabının oxucusu yoxdur. Aydındır ki, belə nəşrlər piar naminə edilir.

Kitab Azərbaycana gətiriləndən sonra onun Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdimatı keçirilib. Təqdimat haqqında məlumatda deyilir ki, bu kitab Azərbaycan hüquq elminin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Əgər ölkənin hüdudlarından kənar “elmimizi” belə “tanıdacağıqsa”, vay bizim halımıza. Kitabı Almaniyada nəşr etdirmək üçün Leypsiq universitetinə gedib çıxmağın nə anlamı var? Məlum deyil.

Amma bu biçarə beynəlxalq aləmin Azərbaycan dilində Almaniyada nəşr olunmuş bu kitabdan anlayacağı bircə söz var: o da kitabın nəşr olunduğu yerdir – Leipziger Universitötsverlag! Vəssalam! Bunun üçün kitabın üz qapağının aşağısına diqqət yetirmək yetərlidir.

Hətta təqdimat mərasimində DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov da təqdimat mərasimində çıxış edib və bildirib ki, belə sanballı dərsliyin hazırlanması uzun illərin elmi fəaliyyətini, müəllimlik təcrübəsini və hüquq fəlsəfəsinin dərindən mənimsənilməsini tələb edir. O, “İsfəndiyar Ağayevin uzun illər ardıcıl elmi fəaliyyət göstərdiyini, yaradıcı və prinsipial alim kimi tanındığını bildirib”. Amma araşdıranda məlum olur ki, müəllifin DTX sədri Əli Nağıyevlə  qohumluğu var. Dünən MTN naziri Eldar Mahmudov vəzifə mövqeyindən istifadə edib atası Əhməd Mahmudovun büstünü qoydururdu, bu gün də DTX-nin sədri Əli Nağıyev nepotizm zəminində yaxın qohumunun Almaniyada Azərbaycan dilində nəşr edilən kitabının rəhbərlik etdiyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdimatını keçirir – onda keçmiş MTN naziri Eldar Mahmudovla hazırkı DTX sədri Əli Nağıyev arasında fərq nədən ibarətdir?!

Foto: Cəmil Həsənlinin şəxsi arxivindən

2013-cü il: Milli Şuranın vahid namizədliyi necə yarandı?

– 2013-cü ildə, Rüstəm İbrahimbəyovun namizədliyi baş tutmadıqdan sonra Milli Şuranın vahid prezidentliyə namizədi oldunuz. O vaxt “hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil” demişdiniz. 13 il sonra həmin qərara necə baxırsınız? Sizcə, 2013-cü il Azərbaycan müxalifəti üçün qaçınılmış tarixi imkan idi, yoxsa onsuz da nəticəsi əvvəlcədən bəlli olan bir proses?

– Mənim 2013-cü il prezident seçkisində iştirak etmək kimi bir fikrim yox idi. Hətta bu məsələ mənə bir az da qəribə, lap səmimi desəm, bir az inanılmaz gəlirdi. O dövrdə hər şey Rüstəm İbrahimbəyovun namizədliyi üzərində qurulmuşdu. Şübhəsiz ki, Rüstəm İbrahimbəyov böyük ziyalı, böyük vətənpərvər, böyük yazıçı və kinodramaturq idi, dünya səviyyəsində tanınan bir şəxsiyyət idi. Bu ideyanın gündəliyə gəlməsi özlüyündə hakimiyyətdə ciddi narahatlıq doğurmuşdu.

Eyni zamanda, həmin dövrün proseslərini təhlil etsəniz, görərsiniz ki, 2013-cü ilin prezident seçkiləri iki illik keçid dövrünə hesablanmışdı. Yəni ölkədə iki il ərzində azad və ədalətli seçkilərin keçirilməsi üçün mühit və şəraitin yaradılması həmin ildə seçiləcək prezidentin qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Yəni bütün hallarda 2013-cü il seçkiləri beş illik müddət üçün nəzərdə tutulmamışdı, bu keçid dövrü üçün idi.

Rüstəm müəllimin namizədliyi mümkün olmayanda vəziyyət dəyişdi. Milli Şuradakı siyasi qüvvələrin böyük hissəsi öz partiyası və öz namizədliyi ilə bağlı qərar verməyə meylli idi. Müzakirələrin gedişində vahid namizəd kimi Turan Agentliyinin rəhbəri Mehman Əliyevin, Ziyalı Forumunun təsisçilərindən olan Akademik  Rafiq Əliyevin, bəzi digər şəxslərin də adı çəkilirdi. Amma Rüstəm müəllim məndən xahiş etdi ki, bu namizədlik missiyasını mən öz üzərimə götürüm. Böyük çətinliklə o, məni bu işə razılığımı aldı. Milli Şuranın sessiyasında vahid namizəd seçilməsi prosesi üç dəfə səsvermədən keçdi. Və bu səsvermənin hər üçündə mən öz namizədliyimin əleyhinə səs verdim.  

Rüstəm müəllimin namizəd olması ideyası yaxşı bir başlanğıc olmuşdu, cəmiyyətdə müəyyən ümidlər yaranmışdı. Cəmiyyətin həmişə bu birlik ideyasına bir ümidi var idi. Hərçənd ki, mən indi də bu fikirdəyəm ki, bu ümidlər yanlış idi. Bütün bunlara rəğmən, o ümidləri doğrultmaq üçün mən də vahid namizəd olmağa razı oldum. Ancaq özüm üçün hesablayırdım ki, bu proses elə də asan olmayacaq. Mən o qədər də sadəlövh deyildim ki, neft erasının ən yüksək mərhələsində Əliyevlərin hakimiyyəti verəcəyini düşünüm. Ancaq bilirsiniz, mən bir şeyi özüm üçün müəyyənləşdirdim ki, namizəd kimi mən nələri edə bilərəm.

“Məqsəd xalqla səmimi danışmaq idi”

– Namizəd olanda əsas məqsədiniz nə idi?

– Mən özüm üçün müəyyənləşdirdim ki, bu xalqla səmimi olmaq, real mənzərəni onun nəzərinə çatdırmaq lazımdır. Məqsəd xalqla səmimi danışmaq, ölkədəki real vəziyyəti insanlara çatdırmaq və prosesi elə qurmaq idi ki, bu mesaj təkcə xalqa yox, hakimiyyətə də çatsın və müxalifət də bunun əsasında konkret addımlar ata bilsin.

Rüstəm müəllimlə təbliğat prosesini müzakirə edəndə belə qərara gəldik ki, cəmiyyətə təsir edə biləcək məqamları televiziya ekranından demək lazımdır. Çünki o dövrdə mətbuatın Azərbaycanda elə də gücü, əhatə dairəsi böyük deyildi. Azərbaycan hakimiyyətinin, Əliyev rejiminin azad mətbuatı və söz azadlığını boğmaq siyasəti vəziyyəti o yerə gətirib çıxarmışdı ki, satın ala bildiklərini almış, bağlaya bildiklərini bağlamış, bloklaya bildiklərini bloklamış, həbs edə bildiklərini də həbs etmişdilər. Arada yalnız kiçik bir dairə qalırdı.

Ümumiyyətlə, mən sizə deyim ki, Rüstəm müəllimin çox böyük müşahidə qabiliyyəti var idi. O, həmin qabiliyyət nəticəsində prosesdəki həlledici məqamları tuta bilirdi. Mən birinci debatda çıxış edəndən sonra Rüstəm müəllim mənə zəng etdi və dedi: “Cəmil, çox yaxşı oldu ki, siz namizəd oldunuz. Mən olsaydım, orada heç nə edə bilməzdim, bunu səmimi şəkildə etiraf edirəm”.

– Debatlarda hakimiyyətlə münasibətiniz necə dəyişdi?

– Hakimiyyətin yanaşması belə idi ki, onlar Rüstəm İbrahimbəyov kimi nüfuzlu, tanınmış və təsirli ziyalıdan “azad oldular” və mənim kimi “fağır” bir opponentlə qarşılaşmalı oldular. Hətta müəyyən ssenariləri var idi ki, mənimlə əlaqəyə girsinlər, yanıma adam göndərsinlər və “əməkdaşlıq” şəraitində bu işi yola versinlər. Mənim birinci çıxışımdan sonra hər şey bitdi və ona görə ikinci çıxışda fərqli bir mənzərə yarandı. Bizim birinci çıxışda debat zamanı qarşımıza karton stəkanlarda su qoymuşdular. İkinci çıxışda gördük ki, namizədlərin hər birinin stolunun üstündə butulkalarda sular var. Deməli, bunlar artıq münaqişəli vəziyyət yaratmağa başlamışdılar.

Mən 6 dəqiqəlik debatlarda çox kəskin danışırdım. Məsələn deyirdim ki, “Yeni Azərbaycan Partiyası topuğuna qədər, hökumət dizinə qədər, İlham Əliyev xirdəyinə qədər korrupsiyanın içindədir”. Azərbaycan cəmiyyəti Azərbaycan televiziyasının ekranından bunu eşidəndə şok yaşayırdı. Həmin vaxt küçədə bir tələbəmlə rastlaşdım, o mənə dedi ki, Cəmil müəllim, siz o qədər sərt danışırsınız ki, mənim valideynlərim öz evimizdə sizə baxmağa qorxur. Bu çıxışlardan sonra adamlar küçədə məni görəndə, hələ də sağ olduğuma təəccüblə baxırdılar.

– Bu çıxışın hakimiyyət üçün nəticəsi nə oldu?

– Birinci debatdakı çıxışımdan sonra hakimiyyət mənə olan “ümidlərini” tamam utirdi. Hətta mənim fiziki cəhətdən məhv olunma məsələm belə Azərbaycan hakimiyyətinin ən yuxarı dairələrində müzakirə olunmuşdu. Qəribə olsa da müzakirədə iştirak edən iki nəfər -Novruz Məmmədov və Elmar Məmmədyarov -bunun əleyhinə olmuşdular və demişdilər ki, bunu etmək olmaz, bu böyük skandala səbəb ola bilər.

Foto: Cəmil Həsənlinin şəxsi arxivindən

– Bu gün Milli Şuranın real siyasi təsir imkanlarını necə qiymətləndirirsiniz? Milli Şura niyə gözlənilən geniş ictimai-siyasi dayağa çevrilə bilmədi?

– Birincisi, Azərbaycanda avtoritarizm və totalitarizm çox böyük sürətlə inkişaf etdi və Azərbaycanda istər Milli Şuranın, istərsə də digər müxalif siyasi partiyaların fəaliyyəti üçün səhnə qapandı. Mətbuat, azad söz böğuldu, vətəndaş cəmiyyəti institutları dağıdıldı. İqtidar tək hakimiyyəti deyil, müxalifəti də idarə etmək fikrinə düşdü, idarə olunan cəmiyyət proyekti işlənib hazırlandı və bu proyektə görə hətta Allahın Azərbaycana nəzarəti belə təhlükəsiz və polis orqanlarının razılığı ilə ola bilərdi. Yəni hakimiyyət dövlətin resurslarını antikonstitusion yollarla müxalif düşərgəyə qarşı, o cümlədən Milli Şuraya qarşı səfərbər etdi və bu mübarizə 2013-cü ildən ta günümüzə qədər davam edir.

“Xalqın seçki hüququ mənimsənilib”

– Bəs bu gün xalq niyə etiraz etmir? Bir vaxtlar küçələrə çıxan, etiraz edən cəmiyyət indi niyə bu qədər susqundur? İnsanları qorxudan nədir və sizcə, hakimiyyət bu qorxunu necə formalaşdırıb?

– Sosial şəbəkələrdə paylaşımlarımı bəyəndiyinə görə polis idarəsinə çağırılıb izahatı alınan xalq necə meydana çıxsın? Xalqı əzdilər. Avtoritarizm, totalitarizm və polis rejimi cəmiyyəti tam nəzarətə götürdü. Əliyev rejimi uzun illərdir pz xalqı ilə, öz xalqına qarşı döyüşür. 2009-cu illərdə, artıq neft pulları böyük axını gəlməyə başlayanda İlham Əliyev bəyan etdi ki, Azərbaycanda müxalifət olmayacaq. Necə olmayacaq? Deməli, sən bunu inzibati yolla, repressiyalar yolu ilə həyata keçirəcəksən. Ondan qabaq isə bəyan etmişdi ki, Azərbaycanda heç bir polis cəzalandırılmayacaq. Bu nə deməkdir? Deməli, qanun qarşısında bir qeyri-bərabərlik yarandı. Polisə tam səlahiyyət verdi ki, istədiyini edə bilərsən, sənin cəzalandırılmağına imkan verməyəcəyəm.Bilirsiniz, bəziləri deyirlər ki, seçkidə mütləq iştirak etmək lazımdır. Bu adamlar başa düşmürlər ki, Azərbaycanda seçki institutu çoxdan sıradan çıxarılıb. Artıq seçkidə kimin gəlib səs verməsi, kimin gəlməməsi, kimin hansı namizədə səs verməsi həlledici deyil. “Karusel” və digər saxtakarlıqların məqsədi real səsvermənin nəticəsini müəyyənləşdirmək yox, məntəqələrdə yüksək seçici fəallığı görüntüsü yaratmaqdır.

Səsvermə saatlarında məntəqədə nə cərəyan edirsə etsin, Mərkəzi Seçki Komissiyasından seçki dairələrinə və məntəqələrə hansı rəqəmlər göndərilibsə, həmin rəqəmlər də yazılmalıdır. Yəni faktiki olaraq xalqın seçki hüququ mənimsənilib. Azərbaycan xalqı öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilib. Əvvəllər, məsələn, məntəqələrdə seçki nəticələrinin protokollarını əldə edirdilər və onları dəyişmək bir az çətin olurdu. Artıq 2010-cu ildən başlayaraq heç bir protokol vermirlər. Protokolları, möhürü götürüb qaçırlar. MSK-dan hansı rəqəmlər gəlibsə, o “müqəddəs” rəqəmlər protokollarda əks olunmalıdır və bu saxtakarlığı önündə də gələcək nəsilləri tərbiyə edəcək müəllimlər gedir.

– Son illərdə siyasi mühit daha da sərtləşib, jurnalistlər, fəallar və siyasi şəxslər barəsində cinayət işləri və həbslər artıb. Sizcə, bu, hakimiyyətin gücünü göstərir?

– Hakimiyyət söz deyən, sual verən və onu sorğulayan adamlardan qorxur. İstəyirlər ki, onların fəaliyyətinə tənqidi yanaşan kimsə olmasın. Xüsusilə 2020-ci ildən sonra hakimiyyət ölkədə tam avtoritar idarəçilik qurmaq qərarı verdi.

Çünki korrupsiya Azərbaycanda elə bir səviyyəyə gəlib çatmışdı ki, İlham Əliyev getdikcə “dövlət mənəm” fikrinə düşdü. Onun “Mən nəyi, nə zaman etməyi hamıdan daha yaxşı bilirəm” fikri də əslində bu yanaşmanı ifadə edir. Bu, Fransada XIV Lüdoviqin dövründə formalaşmış “Dövlət mənəm” anlayışını xatırladır. Bu ideyanın XXI əsrdə Azərbaycanda yenidən zühur etdiyini deyə bilərik.

Bu fikrə uyğun olaraq hakimiyyət özünə uyğun bir müxalifət konfiqurasiyası yaratdı. Məlum səbəblərə görə buna “avtobus müxalifəti” də deyirlər. Məsələn, İlham Əliyev deyir ki, “bizim öz müxalifətimiz var, kim bu konfiqurasiyaya daxil deyilsə, müxalifət deyil”. Amma iqtidarın özünə seçdiyi müxalifət elə ilk addımda cəmiyyətin gözündə müxalifət legitimliyini itirir. İqtidarların çox imkanları var, amma özlərinə müxalifət seçmək lüksü yoxdur.

Gerçək müxalifətin başına gətirilənlər, bu təzyiqlər və həbslər də həmin yanaşmanın nəticəsidir. İllərdir Əli Kərimliyə və AXCP-yə qarşı tətbiq olunan ssenarilərin tək bir məqsədi var, bu qurama konfiqurasiyaya girməyən gerçək müxalifəti təqib, şərləmə və repressiyalarla sıradan çıxarmaq.

– Siyasətçiləri bəzən beldən aşağı da vururlar, təzyiqlərə məruz qoyurlar, ailəsinə, övladına toxunurlar. Bu hadisələr sizin də başınıza gəlib. Onlar bununla müxalifləri sıradan çıxarmağa çalışırlar. Bu ritorika təsir edirmi, hansısa formada işləyirmi?

– Birincisi, dediyiniz bu ritorikanı Azərbaycan siyasətinə İlham Əliyev gətirib və bu, təəssüf doğurucu bir haldır. İlham Əliyevə qədər, hətta onun atasının dövründə belə şeylər yox idi. Bu, öz rəqiblərinə qarşı natəmiz əməllərdən istifadə etmək cəhdidir.

Bunu çox adamlara qarşı, təkcə müxalifətə deyil, obyektiv tənqidçi jurnalistlərə, blogerlərə qarşı da istifadə ediblər. Azərbaycan hakimiyyəti qanunlara və Konstitusiyaya zidd üsullardan istifadə edərək siyasi rəqiblərini təqib edir, şantaj edir, telefon danışıqlarını dinləyir və evlərini müşahidə altında saxlayır.

Məsələn, Əli Kərimlinin mənzilinin yuxarısındakı mənzili də, aşağısındakı mənzili də və onunla eyni mərtəbədə olan mənzili də hakimiyyət orqanları onu izləmək üçün kirayələmişdi, orada öz adamlarını yerləşdirmişdi. Məsələn, Bakı şəhəri başdan-ayağa kameralaşdırılıb. Amma bu kameralaşdırılma daha çox mərkəzi yollarda həyata keçirilir. Əli Kərimlinin bloku o mərkəzi yola baxmır. Onun blokuna tuşlanmış çoxprofilli kameralar nəyə görə qurulmuşdu? Kim gəldi, kim getdi, nə vaxt çıxdı, nə vaxt qayıtdı, qayıdanda kimi gətirdi, nə oldu -hamısı buna görə qurulmuşdu.

Bu, dövlətin resurslarından istifadə edərək müxalifətin təqib edilməsi prosesidir. Azərbaycan hakimiyyəti çox yaxşı başa düşür ki, qanun çərçivəsində fəaliyyət göstərsə, müxalifətin axırına çıxa bilməyəcək.

– 2025-ci ilin noyabrında sizi Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində DTX-ya şahid qismində çağırdılar. Açıqlamanıza görə, sizdən Milli Şura, Ziyalılar Forumu, 2013-cü il prezident seçkisi və Rusiyadakı “milyarderlər ittifaqı” ilə bağlı da suallar verilib. Bu suallar sizdə hansı təəssüratı yaratdı? Sizcə, istintaq əslində nəyi araşdırır?

– Artıq “Ramiz Mehdiyevin işi” “Əli Kərimlinin işi”ndən ayrılaraq bir həftə əvvəl məhkəmə baxışına çıxarılıb. Ramiz Mehdiyevi məhkəmə qarşısına çıxarmaqla, onu mühakimə etməklə Azərbaycan hakimiyyəti 24-25 illik öz yaxın keçmişini mühakimə edir.

Mən bu ölkədə Ramiz Mehdiyevə qarşı ardıcıl, davamlı, mütəmadi söz deyən, danışan, onun əməllərini ifşa edən adamlardan biriyəm. İnternetdə axtarışa versəniz, “Cəmil Həsənli və Ramiz Mehdiyev” yazsanız, onun barəsindəki fikirlərim, yazdıqlarım qarşınıza çıxacaq. Mən hələ 90-cı illərdən, o, Prezident Aparatına gələndən bəri mətbuatda və televiziyada Ramiz Mehdiyevi tənqid edən adam olmuşam.

Ramiz Mehdiyev haqqında Azərbaycan ziyalıları – əgər onlara ziyalı demək mümkündürsə – yekə-yekə məqalələr yazıblar. Ehtiyat ediblər ki, birdən yazdıqları ona gedib çatmaz, öz yazdıqlarını kamera qarşısında danışıb sosial mediaya qoyublar ki, gedib ona çatsın. Onun haqqında nələr yazmayıblar: “Zamanəmizin böyük filosofu”, “Azərbaycan dövlətçiliyinin sütunu”, nə bilim nəyi, nəyi. Bilirsiniz, Ramiz Mehdiyev işinə görə ölkədə sorğulanacaq bir adam varsa, o bir adam da İlham Əliyevdir. Yəni Ramiz Mehdiyevə İlham Əliyevdən yaxın ikinci adam olmayıb. Ramiz Mehdiyev akademik seçiləndə mən mətbuatda çıxış edib demişəm ki, Ramiz Mehdiyevin adından çıxan kitabların ona heç bir aidiyyəti yoxdur. Bunu yeganə olaraq mən demişəm. İkinci bir adam iddia edə bilməz ki, bunu deyib. İndi “Ramiz Mehdiyev işi”nə o adamları cəlb edirlər ki, onlar bütün siyasi karyerası böyunca Ramiz Mehdiyevə qarşı mübarizə aparıblar. Kimlərin nə dediyi, nə yazdığı, hansı çıxışları etdikləri ortada ola-ola. Həbsinə qədər onun haqqında məddahlıq, yaltaqlıq, yarınmaq yarışı gedirdi, diqqəti cəlb etmək üçün kreativ üsullardan, qanadlı ifadələrdən, yaltaqlığın akademizmindən istifadə olunurdu. Amma bütün hallarda onun təşkilatçılığı ilə dövlət çevrilişi ittihamı gülünc görünür. Görürsünüz ki, məhkəmə tarixində çox nadir hadisə baş verir, onu məhkəməyə gətirə bilmirlər, onlayn proses keçirirlər, yəqin cəzasını da Mehdiyev elə onlayn çəkəcək. Bütün bu hay-küy Əli Kərimlinin həbsi üçün idi.

“Azərbaycanın gələcəyi keçmişdə qalıb”

– Azərbaycan-Ermənistan münasibətlərində hazırkı mərhələni necə qiymətləndirirsiniz? Sülh sazişinin imzalanması regionda həqiqi sülh yaradacaq, yoxsa yalnız yeni siyasi reallığın hüquqi rəsmiləşdirilməsi olacaq?

– Proses hələ davam edir və nə ilə nəticələnəcəyi məlum deyil. Amma 2025-ci ilin avqustundan sonra müşahidə olunan sülh ritorikası artıq əvvəlki səviyyədə deyil. O vaxt hər həftə sülhə doğru addımlardan, görüşlərdən, sərhədlərin demarkasiyasından, TRIPP yolunun çəkilişindən danışılırdı. İndi həmin ritorika yoxdur. Məncə, həmin mərhələdə təbliğat üçün lazım olan iş görüldü. Bu, Trampa da lazım idi. Çünki o, beynəlxalq münaqişələrin həllindəki xidmətlərinə görə Nobel sülh mükafatına ümidli idi və tərəflər, xüsusilə Azərbaycan, bu kampaniyada fəal iştirak edirdi. İndi isə söhbət təbliğatdan yox, real nəticələrdən getməlidir.

Məsələn, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada açıqlama verdi ki, TRIPP yolunun çəkilişinə 2027-ci ildə başlanmasının nəzərdə tutulur. Amma mən 2027-ci ildə də başlanacağına o qədər əmin deyiləm. Kənar təsirlər də ciddi rol oynayır. Azərbaycan tərəfi Rusiyadan təminat almadan sülhü rəsmiləşdirməyə ehtiyat edir, həm də “sülh amilindən” Qərbə təzyiq aləti kimi istifadə edir. Ermənistan isə İrandan təminat almadan TRIPP yolunun çəkilişinə başlamaq istəmir. İran da öz sərhədlərinin yaxınlığında ABŞ qüvvələrinin iştirakını ciddi təhlükə hesab edir.

Real sülh üçün tərəflərin ritorikası da dəyişməlidir. Sülhə gedən yolda keçmişi yenidən gündəmə gətirmək, bir-birinə və beynəlxalq qurumlara qarşı ittihamları davam etdirmək çəkindirici amillərdir. Amma sülhün bəlkə də ən çətin tərəfi xalqların buna hazırlanmasıdır. Həm Azərbaycanda, həm Ermənistanda müharibədən zərər çəkmiş, övladını, ailəsini, evini itirmiş çoxlu insan var. Ona görə “xalq diplomatiyası”nın imkanlarında istifadə etmək bəlkə də, sülh əhvalını tezləşdirə bilər. Tək hökumətlər yox, xalqlar da sülhə hazır olmalıdır.

– Son olaraq, Azərbaycanın gələcəyini necə görürsünüz?

– Azərbaycanın gələcəyi keçmişdə qalıb. Əliyevin idarəçiliyi dövründə Azərbaycanın elə bir gələcəyi yoxdur. Həyata qədəm qoyan gənclərin ən böyük arzusu ilk fürsətdə xaricə getməkdir. Bunu təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər 10 gəncdən altı-yeddisi ilk imkan düşən kimi bu ölkədən qaçmaq istəyir. Bu, çox acınacaqlı bir məqamdır. İkincisi, Azərbaycanda ailə hakimiyyətinin qurulması bizim respublika dəyərlərinin üzərindən çarpaz bir xətt çəkib. Bizdə indi bu respublika-zad deyil, Azərbaycanda respublika dəyəri deyilən bir şey qalmayıb. Azərbaycanda ailə hakimiyyəti var. Bir az da feodal məzmunlu korrupsiyanın içində üzən kleptokratik, nepotist ailə hakimiyyətir. Azərbaycanın dövlət orqanlarının da başlıca funksiyası bu ailə hakimiyyətini qoruyub əbədi etməkdən ibarətdir. Təəssüflər olsun ki, bizim o “ziyalı” dediyimiz kəsimin də  başlıca məramı və məqsədi bu illər ərzində bu ailə hakimiyyətinin formalaşmasına dəstək verməkdən ibarət olub. Bəziləri açıq, bəziləri isə səssiz qalmaqla. Bu gün Azərbaycan ziyalısının ən böyük arzusu prezidentin nəzarəti altında ölməkdir. Yəni bu dünyada hər şeyi əldə etdikdən sonra Azərbaycan ziyalılığının bəlli bir kəsimi Fəxri Xiyabana işləyir. Hansısa ziyalı xəstələnir, informasiya gedir ki, filankəsin səhhəti, müalicəsi prezidentin nəzarətindədir. Yaxşı, həmin vəziyyətə düşən o bədbəxt vətəndaş neyləməlidir?! Üç-beş seçilmiş ziyalının səhhəti, sağlamlığı, müalicəsi prezidentin nəzarətindədirsə, bəs prezidentin nəzarətində olmayan bu xalqın, bu millətin taleyi necə olmalıdır?! Ölkədə normal bir səhiyyə xidməti qurmaq lazımdır.Ən qorxulu xəstəlik olan xərçəngin müalicəsin tibbi sığorta paketinə salmırlar. Ümumilikdə bu tibbi sığorta ölkədə şıkəst doğulan uşağa bənzəyir. Hamının səhhətinə, qayğısına qalan bir xidmət olmalıdır ki, daha bu prezidentin nəzarətinə də ehtiyac olmasın, heç olmasa qonşu Gürcüstanda olduğu kimi. Siz dünyanın hansı ölkəsində görmüsünüz ki, bir yazıçı, şair, bəstəkar, rəssam və ya jurnalist prezidentin nəzarətinə möhtac olsun? Ölüm həddinə gəlib çatmış insanları bu xidmətlə, bu nəzarət xidməti ilə manipulyasiya edirlər, onu yaltaqlığa məcbur edirlər. Şübhəsiz ki, dirilsə təşəkkür etməlidir, ölsə Fəxri Xiyabana getməlidir – hər halda ikincindən birinə. Budur gercək və üzücü mənzərə. Azərbaycanın gələcəyi deyəndə, o gələcəyi kim qurmalıdır? Həmin nəsli formalaşdırmalı olan ziyaliların çoxu  xüsusi ilə Qarabağ müharibəsindəki qələbədən sonra “Dəmir yumruğa” biət etməyə başladı, hakimiyyətə yarımağı leqallaşdırdı. Nəticə “Dəmir yumruq” ölkənin başı üzərində qirxu kabusuna çevrildi.

Bizim bir müəllimimiz vardı. Bir dəfə Elmi Şurada bir cavan müəllimi tərifləyirdi, ancaq bunun leksikonu, danışığı bir az nataraz idi. Keçmiş hərbçi olmuşdu, Azərbaycan dilində səlis danışa bilmirdi. Müəllimin adını çəkib deyirdi ki, bu, öz gələcəyinə tüstüdən baxır. O, demək istəyirdi ki, gələcəyi dumanlıdır. İndi bizim gələcəyimiz də elədir. Gələcəyimizə adam bir az o tüstüdən baxır bu ölkədə qalanmış ədalətsizliyin alovu da, tüstüsü də ərşü-əlayə qalxır. Və bizim gələcəyimiz də o tüstünün, o dumanın içində hər gün öləziyən ümid çırağı kimi sönməkdədir.

Ana səhifə ▸ Müsahibə ▸ Cəmil Həsənli: “Azərbaycanın gələcəyi dumanın içindədir”