Erkən nikahlarla bağlı layihəyə görə ittiham olunan QHT rəhbərinə hökm oxunub

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

Bərdə Qadın Klubu qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Ülviyyə Babasoya 3 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində bugünlərdə ona hökm oxunub. Qadın və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai fəal vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırma və vəzifə saxtakarlığında təqsirli bilinib.

Ülviyyə Babasoy da son ilyarım ərzində “QHT işi” üzrə təqsirləndirilən başqa ictimai fəallar kimi, USAID və German Marşall Fondundan aldığı vəsaiti İqtisadiyyat Nazirliyində qrant kimi qeydiyyatdan keçirməməkdə, layihəni xidmət müqaviləsi ilə rəsmiləşdirməkdə ittiham edilir. İttiham aktına görə, 2024-cü ilin martında erkәn nikahların qarşısının alınmasına yönəlik “Mənim arzularım var” adlı layihənin icrası üçün xidmət müqaviləsi imzalanıb və fəalın bank hesabına 30 min dollar köçürülüb.

37 yaşlı Ülviyyə Babasoy özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, əvvəllər müxtəlif qurumlarla, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, “ASAN Könüllüləri” və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam şöbəsi ilə əməkdaşlıq edib.

O, 2021-ci ildə Bərdə Qadın Klubunu təsis etdiyini və indiyədək dörd layihə həyata keçirdiyini vurğulayıb. Onlardan ikisinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyi, birinə isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) maliyyə dəstəyi verib. Həm məcburi köçkün qadınlar üçün nəzərdə tutulan layihələrdə, həm də dördüncü – “Mənim arzularım var” layihəsində qarşı tərəflə xidmət müqaviləsi bağlanıb.

“Bu layihə çərçivəsində Bərdədə şagirdlər, valideynlər, müəllimlər arasında erkən nikahların fəsadları mövzusunda maarifləndirmə işləri aparılıb. Bərdə şəhərində və rayonun 10-a yaxın kəndində bu istiqamətdə 50-dək görüş və seminar təşkil olunub. Seminarları rayon məktəblərindən dəvət olunmuş psixoloqlar aparıb”, – Ülviyyə Babasoy bildirib.

O, fəaliyyəti dövründə vergiləri vaxtında ödədiyini, heç bir qanun pozuntusuna yol vermədiyini söyləyib. Alınan vəsaitlərin təyinatı üzrə xərcləndiyini diqqətə çatdırıb.

Azərbaycanda QHT-lərlə bağlı hələ 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılıb. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib, beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq etmiş 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan beş nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı barəsində isə alternativ qətimkan tədbiri seçilib, daha iki nəfər isə axtarışa verilib.

Həbs edilənlər arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Ubuntu” Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) var.

Həbsdə olan QHT təmsilçilərindən bir neçəsinin məhkəməsi artıq yekunlaşıb, Asəf Əhmədova 8 il, Zamin Zəkiyevə 7 il 6 ay həbs cəzası kəsilib.

Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva, Asiman Qocayev, Qalib Bayramov, Nərgiz Muxtarova, Əhməd Məmmədzadə, Məhərrəm Göyüşoğluna şərti cəza verilib.

Digərlərinin mühakiməsi davam edir. Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.

Ana səhifə ▸ Siyasi işlər ▸ Erkən nikahlarla bağlı layihəyə görə ittiham olunan QHT rəhbərinə hökm oxunub