“Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin məhkəməsi sentyabrın 28-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyilə keçirilən budəfəki iclasda “Meydan TV”nin əməkdaşı, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) ifadə verib.
Məhkəmə prosesində əvvəl jurnalist Natiq Cavadlı saxlandıqları gün evlərdə axtarış zamanı götürülmüş əşyaların qaytarılması barədə vəsatət qaldırıb. O bildirib ki, evlərdən kompüterlər, telefonlar, diktofon və başqa çixsaylı əşyalar götürülüb. Bir ildir istintaq başa çatmasına baxmayaraq, əşyalar qaytarılmayıb.
Hakim deyib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələ araşdırılacaq və sonda hansı əşyaların qaytarılması məsələsinə qərar veriləcək.
Daha sonra təqsirləndirilən 12 jurnalistdən dindirilməmiş sonuncusu Şəmşad Ağa ifadə vermək üçün şüşə kabinədən tribunaya çıxarılıb.
O, ifadəsinə jurnalist Əvəz Zeynallının vəfatına görə başsağlığı ilə başlayıb: “İndicə çox ağır bir xəbər aldıq, jurnalist həmkarımız Əvəz Zeynallı vəfat edib. Əvəz Zeynallı avtoritarizmin qurbanı oldu”.
Şəmşad Ağa bildirib ki, tribunada dayanarkən üzünü hakimlərə tutması, məhkəmə zalında onları izləməyə gələnlərə isə baxa bilməməsi onda narahatlıq yaradır: “Amma bu, mənim onlara arxa çevirməyim deyil. Əksinə, onlar dağ kimi mənim arxamdadırlar. Mənim bu çıxışım onsuz da məhkəmə üçün deyil. Hər iclasda əziyyət çəkib bizim məhkəməmizə gələnlər üçündür”.
Daha sonra Şəmşad Ağa ifadə verməyə başlayıb:
İfadəm: mən kiməm?
Mən Şəmşad Ağayam- Ağayev Şəmşad İslam oğlu, 1982-ci il sentyabrın 1də Lerikin ucqar bir kəndində, Şivlə kəndində anadan olan…
Mən Şəmşad Ağayam – stalinizmin siyasi və mənəvi varislərinin amansız repressiya və zülmlərinə məruz qalan bir Azərbaycan vətəndaşı – jurnalist, şair, bir sözlə, söz adamı…
Mən siyasi-ictimai proseslərə nə vaxt qoşuldum?
Aktiv ictimai siyasi proseslərə tələbəlik illərində qoşuldum. 2003-cü ildə tələbə hərəkatının fəallarından idim. O vaxt “Gündəlik Azərbaycan” qəzeti bizdən böyük bir reportaj vermişdi.

2003-cü il prezident seçkilərinin nəticələri zorakılıqla qəsb olunandan sonra universitetdə tələbələrə qarşı təzyiqlər başlamışdı. Seçki dönəmində isə universitetin tarix müəllimi Yadigar Sadıqlı siyasi fəaliyyətinə görə işdən çıxarılmışdı. Təsadüfən Universitetin qarşısında rastlaşdıq, yaxınlaşıb dəstəyimi ifadə etdim, bundan sonra dostluq münasibətlərimiz başladı. Seçkidən sonra Müsavat Partiyasına təzyiqlər başladı, televiziyalarda bir çox insanın partiya biletini yandırıb partiyadan imtina etməsi ilə bağlı silsilə verilişlər verilirdi.
Həmin ərəfələrdə mətbuatda oxuduq ki, Şahvələd Çobanoğlu başda olmaqla bir qrup jurnalist dəstək məqsədilə partiyaya üzv olub. Belə bir şəraitdə biz də bir qrup tələbə dəstək məqsədilə seçkidə qanuni haqqı qəsb edilmiş partiyaya üzv olduq. Bundan başqa, tələbəlik illərində müxtəlif media orqanlarında publisistik yazılar və ədəbi dərgilərdə hekayə və şeirlərlə çıxış edirdim. Həmin ərəfədə bölgədə başqa ədəbi müzakirə məkanı olmadığı üçün AYB-nin Lənkəran bölməsinin bazarın içində yerləşən köhnə binasında toplanırdıq.
Bölgədə yayımlanan “Şəfəq” və “Məşəl” jurnallarında, həmçinin “Azərbaycan” və “Ulduz” ədəbi dərgilərində şeirlərim dərc olunurdu. AYB-yə üzvlüyüm də tələbəlik illərində tənqidçi Vaqif Yusiflinin təqdimatı ilə oldu, amma bir neçə il sonra onlarla yollarımı ayırdım- 10 ildən çoxdur. Düşündüm ki, ədəbi nümunənin səviyyəsi hansısa ədəbi birliyin üzvlüyü ilə ölçülmür. Ona görə də öz ədəbi dərnəyimizi yaratdıq.
2007-ci ildə Lənkəran Dövlət Universitetini “Fərqlənmə diplomu ilə bitirib oxuduğum orta məktəbə təyinatla Azərbaycan dili və Ədəbiyyat müəllimi göndərildim, 3 il C. Ağayev adına Biləvər kənd orta məktəbində müəllim işlədim.
İstintaq həmin illərdə məktəbin direktoru işləmiş Ağababa Azadovdan barəmdə xasiyyətnamə istəyib. O da “Şəmşad Ağayev burada müəllim işlədiyi 3 ildə ərzində məktəbdə canlanma oldu, dərslərə və kitaba maraq artdı, bir çox şagirdlərimiz ali məktəblərə qəbul olundu”,- deyə xasiyyətnamə verib, amma o xasiyyətnamə iş materialına əlavə olunmayıb.
Rayonda müəllim işləyəndə də mətbuatla əlaqələrimi kəsmədim, bölgədə yaşanan problemləri işıqlandırmağa çalışdım, 2010-cu ildə isə bütün həyatımı jurnalistikaya bağladım, çünki o vaxt MİQ-də Bakı üzrə ən yüksək bal toplasam da, qanuni haqqımı Təhsil Nazirliyi başqalarına satdı. Bu barədə o dövrdə fəaliyyət göstərən “Mediaforum” saytı “Nazirliyin müəllimin başına hördüyü labirint” adlı geniş bir reportaj hazırlamışdı.
2014-cü ildə müstəqil “Arqument.az ” saytını yaratdım və bu günə qədər onun təsisçisi və baş redaktoruyam. Bu sayt hər zaman obyektiv, qərəzsiz, peşəkar hazırlanmış istənilən informasiyaya və müəllif yazısına açıq olub.
2016-cı ildə Akif Qurbanov və Ələsgər Məmmədli ilə gənc jurnalistlərin yetişməsi üçün Demokratik Təşəbbüslər İnstitutu nəzdində “Demokratiya məktəbi” təsis etdik. Bu heç bir təmənna güdülməyən maarifçilik idi və xeyli gəncin peşəkar yetişməsinə səbəb oldu. Onu da xüsusi olaraq qeyd edim ki, bu gün həbsdə olan Akif Qurbanov, Ələsgər Məmmədli və bu zalda mənimlə birgə ittiham olunan Aynur Elgünəş Azərbaycanda gənc jurnalistlərin yetişməsinə əvəzsiz rol oynayıblar, maarifçi kimi bir universitet qədər bəlkə, ondan da çox iş görüblər. Bu gün “Demokratiya Məktəbi”-nin təsisçisi Akif Qurbanov, müəllimləri Ələsgər Məmmədli, Aynur Elgünəş, mən, Azər Qasımlı, Ruslan İzzətli, Müşfiq Cabbar, tələbələri Nərgiz Absalamova, Əli Zeynal, Xəyalə Ağayeva, İlkin Əmrahov, Ramil Babayev, Fatimə Mövlamlı, Ülviyyə Əli, Bəhruz Səmədov, Nurlan Qəhrəmanlı siyasi ittihamlarla həbsdədirlər.
Bu gün Azərbaycan hakimiyyətinin amansız repressiyaları ilə üzləşən bütün jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, aktivistlər, siyasətçilər bu ölkənin hüquqsuz və əzilən vətəndaşlarının səsidirlər.
Həm “AbzasMedia”, həm “Toplum TV” , həm də ” Meydan TV” söz və ifadə azadlığının sonuncu səngərlərindədir. O səngərlərdə dayanıb sözü, onun azadlığını qoruyan hər bir jurnalist bəşəri dəyərlərin daşıyıcısıdır. Ona görə həm Toplum TV, həm də “Meydan TV”-dəki fəaliyyətimə görə qürur duyuram. AbzasMedia-nın repressiyaya məruz qalıb həbs olunan əməkdaşları ilə eyni dəyərləri bölüşdüyüm üçün fəxr edirəm.
Azərbaycan hakimiyyəti milyonlar xərcləsə də, indiyə qədər adını çəkdiyim media quruluşları kimi xalqın etimad etdiyi media orqanları yarada bilmədi, çünki azadlıq vermədən güclü media orqanı yaratmaq mümkün deyil.
Bu gün bu zalda ittiham olunan Aynur Elgünəş sıradan bir jurnalist deyil, gənc jurnalistlər onu “xəbərin anası” adlandırırlar, xəbərin obyektivliyi bir müəllim kimi ondan sorulur.
Natiq Cavadlı ziyalı insandır, Azərbaycan mətbuatının canlı arxividir. Mən onu Azərbaycan jurnalistikasının “hafizi” sayıram, yəni hər şeyi yaddaşında qoruyub, saxlayan, hifz edən, necə ki, Quran hafizləri vardı. Belə bir adama qaçaqmalçı ittihamı vermək ayıbdır.
Ramin Deko uzun illərdir öz dəyərlərinə sadiq olan qərəzsiz və vicdanlı, istedadlı bir reportyordur.
Bizim əleyhimizə kampaniya aparan yaltaq media Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Fatimə Mövlamlı kimi cəsarətli jurnalistlər yetişdirə bilməz.
Aristotel deyirdi ki, fəlsəfə şübhədən başlayır. O fikri bir az genişləndirsək, jurnalistika da şübhə və cəsarətdən başlayır.
İlham Əliyev Ağdamı “Azərbaycanın Xirosiması” adlandırır. Dünya Ağdam həqiqətini həm də peşəkar fotojurnalist Əhməd Muxtarın çəkilişləri ilə tanıdı.
Nurlan Qəhrəmanlı çoxunun susduğu bir vaxtda mürtəce “Media haqqında” Qanuna ilk etiraz edən jurnalistlərdəndir.
Ülviyyə Əli həbsxanada belə jurnalist fəaliyyətini dayandırmır. Bu fəaliyyətinə görə beynəlxalq bir media mükafatına layiq görüldü.
Mən Ülvi Tahirovu həbs olunana qədər tanımamışam, heç rastlaşmamışıq da. Amma onun koordinatoru olduğu Bakı Jurnalistika Məktəbinin yetişdirdiyi çox parlaq jurnalistlər var ki, bir çoxu xarici media orqanlarında çalışır.
Bayaq dedim ki, mən Şəmşad Ağayam – məhz belə həmkarlarım var deyə mən Şəmşad Ağayam. Yaxşı ki, varsınız uşaqlar.
Mən niyə həbs olundum?
2022-ci ildə Azərbaycanda mürtəce “Media haqqında” Qanun qəbul olunanda, buna qarşı çıxan, etiraz edən, tədbirlər, ictimai kampaniyalar təşkil edən bir media nümayəndəsi kimi bundan sonra ölkədə müstəqil medianı hansı fəlakətlərin gözlədiyini dərk edirdim. Ona görə də yalnız Azərbaycanda avtoritar irticanın maraqlarına xidmət edən bu mürtəce qanunu “Müstəqil medianın edam hökmü” adlandırmışdım. Belarus və Rusiyadan ən pis nümunə və ssenarilər idxal edən Azərbaycan hakimiyyətinin rəqabətə dözməyib zorakılığa əl atacağı əqlisəlim insanlarda heç bir şübhə doğurmurdu. Bilirdik ki, bu mürtəce qanunla medianı tamamilə aradan çıxarmaq istəyirlər. Çünki milyonlar xərclədikləri televiziyalar və hökumətyönlü medialar internet əsrində azsaylı müstəqil mediaya uduzurdu.
Hətta Toplum TV-də aparıcısı olduğum debata gələn hökumət rəsmiləri və deputatlar da etiraf edirlər ki, bu qədər resursları olsa da, cəmiyyət onların deyil, sizin yaydığınız məlumatlara etimad edir. Hər bir halda biz tərəfsiz və qərəzsiz olaraq həqiqətləri yaymaqda davam edirdik.
Meydan TV isə xaricdə yaranmış və hakimiyyətin hər gün daraltdığı informasiya muhasirəsini yarmaqda idi və bu, hakimiyyətə çox narahat edirdi. Bəzi hakimiyyətyönlü şəxslər özləri də etiraf edirdilər ki, İlham Əliyev şəxsən özü Meydan TV-ni izləyir. Ona görə də Meydan TV-yə qarşı hətta xaricdə yaratdıqları media orqanları fiaskoya uğrayırdı. Çünki avtoritarizm heç vaxt peşəkar olmağa imkan vermir. Peşəkar olmayan media isə etimad yarada bilməz. Ən yaxşı halda “İşıqlıdır lampaları kolxozun” adında qəzetə çevrilir. Ona görə də rəqabəti çıxış yolu kimi görə bilməyən hakimiyyət zorakılığı seçdi. Bunun üçün, dediyim kimi, öncə mürtəce qanunu və tarixdə yalnız faşist Mussolini dövründə İtaliyada mövcud olan Media Reyestrini ortaya atdılar. Baxmayaraq ki, Venesiya Komissiyası bu mürtəce qanuna mənfi rəy vermiş, Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanunun qəbul edilməsini yol verilməz saymışdı. Bu gün o qanuna etiraz edən, bəyanat imzalayan jurnalistlərin, ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin tam əksəriyyəti həbsdədir.
Müstəqil media haqqında qanun qəbul edildikdən sonra DTX media nümayəndələrini, vətəndaş cəmiyyətini satın almağa, bu alınmazsa, susdurmağa başladı. Şəxsən mənim özümə də “AbzasMedia” əməkdaşları həbs olunandan sonra Hüseyn Cavid parkında yaxınlaşdılar. Yüksək məziyyətlərimdən, peşəkarlığımdan, ağız dolusu danışıb onlarla əməkdaşlıq etməyimi istədilər. Güya ekspert kimi fikirlərim onlar üçün çox gərəkli imiş.
Mən bundan imtina etdikdə ortaya vasitəçilərdə saldılar, alınmayacağını görəndə həbs olunacağım ilə bağlı mesaj göndərdilər. Bunu yaxın dostlarımla də müzakirə etmişdim. Bütün hallarda imtina etdim. Onlar üçün pis, mənim üçün xoş olan ssenarini seçdim. Həzrəti Yusifin tədbirincə desəm “Həbsxana onların məni sövq etmək istədikləri işdən daha xoşdur.” Ona görə də mən həbs olunandan sonra yaxınlarıma belə təzyiq etməkdən çəkinmədilər. Bunu bu zalda olan vəkillərdən də bir neçəsi də bilir. Yeri gəlmişkən, həmin ərəfədə Rusiya Xüsusi xidmətinin rəhbəri Sergey Narışkin Bakıya gəlibmiş, amma bu səfər barədə Azərbaycan mediası heç bir məlumat yaymamışdı. Narışkin Moskvaya qayıtdıqdan sonra Azərbaycana səfəri barədə Rusiya mediasına açıqlama verdi və rəsmi Bakı ilə Qərbyönlü media və təşkilatlara qarşı birgə tədbirlər barədə razılığa gəldiklərini açıqladı. Bundan sonra Rusiyaya bağlı “Sputnik Azərbaycan” Prezident Administrasiyasından gəldiyi şübhə doğurmayan bir yazı yaydı.
Həmin yazıda mənim və rəhbəri olduğum “Arqument.az ” saytının da adı keçirdi. Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi fonunda anti-Rusiya mövqeyindən çıxış etdiyimiz vurğulanırdı. Bu, artıq həbsin anonsu idi. Ona görə də dostlarla bir-bir görüşüb vidalaşır, həbs olunan həmkarlarımın müdafiəsi üçün qısa vaxt ərzində əlimdən gələni əsirgəmirdim. Hətta həmin ərəfədə bir neçə dəfə şifahi xəbərdarlıq da aldım ki, geri çəkilim, amma bunu edə bilməzdim, geri çəkilsəm, ən azından bir vaxtlar “Demokratiya Məktəbin”də təlimçiləri olduğum və şərlənərək həbs edilmiş Nərgiz Absalamova və bu gün mənimlə bu zalda ittiham olunan Xəyalə Ağayevanın gözlərinə baxa bilməzdim.
Mən necə həbs olundum?
Hegel deyir ki, dövlət bir insanın şıltaq idarə etməsi ilə deyil, konstutision idarə olunmalıdır və mən də bir insanın şıltaq idarəetməsi və siyasi qərarı nəticəsində 5 fevral 2025-ci ildə gecə saat 1-ə işləmiş Neftçilər metrosunun yanında saxlanıldım. Saxlanılarkən fiziki zorakılığa məruz qaldım. Bir müddət maşında gəzdirib, telefonun parolunu almağa çalışdılar. Vermədikdə boyun nahiyəmdən, çənəmdən və başımdan vurdular. Yolda dəfələrlə cibimdən təzyiq dərmanımı çıxarıb vermələrini istəsəm də, parolu verməyəcəyim halda dərmanı verməyəcəklərini deyirdilər. Mən parolu vermədiyim üçün onlar da dərman vermədilər.
Məni saxlayan əməliyyatçıların sayı dörd nəfər idi, amma məni Məhsəti Gəncəvi küçəsindəki mənzilimə gətirəndə həyətda 18 polis əməkdaşı saydım. Binanın həyətində mülki geyimli biri yaxınlaşıb Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov olduğunu, Aynur Qəmbərovaya açılmış cinayət işi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığımı dedi. Buna qədər isə əməliyyatçılar “Bandotdel” tərəfindən saxlanıldığımı, səbəbi idarədə deyiləcəklərini bildirdilər. Daha sonra əməliyyatçılar binanın mühafizəçisindən giriş qapısının açarını alıb binaya daxil oldular. Yaşadığım mənzilə yaxınlaşıb qapımı döydülər. Saat 2-ni keçmişdi. Qardaşım və azyaşlı qızım evdə idilər, yatmışdılar. Qardaşım oyananda ona polis tərəfindən saxlanıldığımı dedim və bildirdim ki, narahat olmasınlar, qapını açsın. Bu zaman müstəntiqin yanında olan əməliyyatçılardan biri bir əli ilə ağzımı qapadaraq mədəmin üstünə yumruqla vurdu. Zərbədən çökdüm, qollarımdan yapışıb qaldırdılar. Çünki evə səssizcə girmək istəyirdilər. Mən evdə axtarış aparmaqla bağlı məhkəmə qərarının olub-olmadığını soruşanda belə bir qərarın olduğunu dedilər, amma göstərmədilər. Mən axtarışa İlham Əliyevin niyə gəlmədiyini deyəndə yenə vurdular. Nəhayət, evə girib 2 saat hər yeri ələk-vələk etdilər, bütün paltar dolablarını, qap-qacaq rəflərini, yataq otağını ortaya tökdülər, divanı belə altını-üstünə çevirdilər. Kitab rəfini dağıdıb ortaya tökdülər, modemi internetdən ayırıb götürdülər. Mənə aid 2 kompüteri, 2 telefonu, qardaşıma və qızıma aid telefonları, jurnalist vəsiqələrimi, evdə işə aidiyyatı olmayan bütün sənədləri müsadirə edib götürdülər. Bu, bir dövlətin rəsmi axtarışından çox bir qrup oğrunun soyğunçuluğuna bənzəyirdi.
Belə axtarışları yalnız 1937-ci ildə NKVD gecəyarı və eyni şəkildə edib. Uzun illərdir ki, mədə xorası və qan təzyiqindən əziyyət çəkirəm. Qapıda mədəmin üstünə yumruqla vurandan sonra mədəmdə kəsin ağrılar başlamışdı. Bundan başqa ürəyimin sol divarında qan dövranı itir. Bunu təsdiqləyən tibbi diaqnoz var. Buna rəğmən heç bir tibbi yardım da çağırmağa imkan vermədilər. Yalnız evdə olan dərmandan istifadə etmək məcburiyyətində qaldım. Evdə də kobud davrandılar. Saxlanılarkən NKVD sayağı işgəncələr də məni yormuşdu. Axtarış bitdikdən və evdə pul tapılmadığından sonra müstəntiq məndən telefonun parolunu istədi, etiraz etdikdə əməliyyatçılardan biri qardaşımı və azyaşlı qızımı da idarəyə aparacaqlarını dedi.
Saat 4 idi. 1937-ci illəri xatırladan və İlham Əliyevin yaratdığı bu idbar mənzərə tez bitsin deyə parolu şifahi dedim, qeyd etdilər. Axtarış zamanı dəfələrlə vəkilimin iştirakını tələb etsəm də, imtina etdilər. Yalnız idarəyə çağıracaqlarını dedilər. Sonra evdən götürdükləri əşya və sənədləri protokollaşdırıb məni evdən çıxardılar. Biz Baş Polis İdarəsinə çatanda saat 5 idi. Burada yadlarına düşdü ki, kompüterimin parolunu almayıblar, ona görə də yenidən yumruqla vurdular, amma artıq evdən uzaqda idim. Əllərində şantaj etmək üçün əsasları olmadığı üçün parolu vermədim. Ona görə də kompüteri söküb yaddaş qurğusunu çıxarıblar, bunu ittiham aktında da qeyd ediblər. Bundan sonra məni müstəntiqin yanına apardılar və vəkilsiz ifadə verməyəcəyimi dedim, o da vəkilim Şəhla Hümbətovaya zəng etdi. Şəhla xanım içəri girəndə müstəntiqin telefonunda budilnik çaldı. Zəngə Azan səsini qoymuşdu. “Sübh namazının vaxtıdır”,-dedi. “Bu qədər idbarlıqdan sonra namaz da qılırsınız “, – deyə soruşdum. Susdu. Vəkilin iştirakilə ifadə verdikdən və siyasi sifarişlə həbs edildiyimi deyəndən sonra Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparıldım. Burada da kobud rəftarla üzləşdim. Bir müddət isti kamerada saxlanıldıqdan sonra soyuq kameraya köçürüldüm və bir gün orada saxlanıldım. Fevralın 6-da məhkəməyə çıxarılıb, ədalətsiz və şəxsən İlham Əliyevin verdiyi qəddar siyasi qərarla üzləşdim. Tarix üçün deyim kimi, bu ölkədə verilən bütün ədalətsiz siyasi qərarlar şəxsən Şərqin despot ölkə rəhbərlərindən olan İlham Əliyevin adı ilə bağlıdır.
Məhkəmədə istintaq heç bir tutarlı sübut ortaya qoya bilmədi. Hakim Rəfail Sadıqov isə siyasi qərarın qarşısında ədalətli mövqe ortaya qoya bilmədi. Müticəsinə siyasi qərarı icra edib, barəmdə həbs qətimkan tədbiri seçdi. Bundan sonra hazırda saxlanıldığım Bakı İstintaq Təcridxanasına aparıldım.
Cinayət işində saxtakarlıqlar
30 cildlik cinayət işi tamamilə əsassız ittihamlar üzərində qurulub. Bütövlükdə “cinayət işi” adlandırılan bu kağız toplusu saxtadır. Məni sənədləri saxtalaşdırmaqda ittiham edən və heç bir sübut ortaya qoya bilməyən ittiham tərəfi prosesual əsaslardan və qanunvericiliyin tələblərindən kənar, qanunvericiliklə daban-dabana zidd “cinayət işi” hazırlayıb. Mən məhkəmə baxış iclasında bildirdim ki, cinayət işinin materialları 7 istintaq orqanının Baş prokurorluq ilə birgə hazırladığı xüsusi nömrələnmiş blanklarda aparılmalıdır və bu, CPM-in 52.3-cü maddəsinin tələbidir. Ona görə vəsatət verdim ki, həmin blanklar məhkəmədə təqdim edilsin. Lakin məlum oldu ki istintaq qanunun tələbinə əməl etməyib və blanklar mövcud deyil. Deməli, bu işin əlifbası saxtadır. Prokurorluq CPM-in 290.3.5-ci maddəsinə əsasən, bu işə xitam verməli idi. Amma biz nə gördük? Prosessual rəhbərliyi həyata keçirən prokurorluq da bu saxtakarlığa ortaqdır. Bunu Mobil Şəfiyev də imzası ilə təsdiqləyib. Ona görə də bu gün bu zalda ittihamı müdafiə edən və mənə qarşı heç bir mötəbər sübut ortaya qoya bilməyən dövlət ittihamçısından tutmuş Baş Prokuror Kamran Əliyevə qədər hər kəs bu saxtakarlığa görə məsuliyyət daşıyır. Təsəvvür edin ki, 2000-ci ildən bu günə qədər bir ölkədə bütün cinayət işləri – fərqi yoxdur siyasidir, yoxsa yox – hamısı saxtadır və 20 ildir ki, bunu sorğulayan kimsə yoxdur. Ona görədə bir mənalı olaraq 30 cildlik cinayət işi və bu 30 cild əsasında hazırlanan 600 səhifəlik ittiham aktı heç bir hüquqi qüvvəsi olmayan kağız parçasıdır. Bu işdə həm qanunilik prinsipi – CPM-in 10-cu maddəsindən 36-cı maddəsinə qədər, həm də ittiham aktı tərtib edilərkən prosesual əsaslar – CPM-in 284-cü maddəsindən 290-cı maddəsinə qədər kobud pozulmuşdur. Ona görə də təqsirsiz olduğumu sübut etmək üçün həm yerli, həm də beynəlxalq qanunvericiliyə təkrar-təkrar müraciət etmək məcburiyyətində qalıram. Amma nə istintaq orqanı, nə də məhkəmə qanunların tələblərinə əməl etmək niyyətində nəinki deyil, ümumiyyətlə, onları heçə sayır.
“Təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirlərinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi barədə “ Ali Məhkəmənin Plenumunun 3 noyabr 2009-cu il tarixli 2 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan-tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır. Maddi əsaslar dedikdə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanununun nəzərdə tutulduğu əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür.
Prosessual əsaslar isə CPM-in 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir. CPM-in 155- 158-ci maddələri isə cinayət törətmiş şəxsin azadlığının məhdudlaşdırılmasının konkret əsaslarını və qaydalarını təsbit etmişdir. Amma indiyə qədər ittiham tərəfi barəmdə heç bir əsaslı maddi və mötəbər sübut ortaya qoymayıb. Ona görədə təqsirsizəm, 1 ildən artıqdır ki, həbsdə saxlanılmağım əsassız və qanunsuzdur, daha doğrusu, cinayətdir və bu cinayətə görə hər biriniz məsuliyyət daşıyırsınız.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında “ Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Presedentlərinin tətbiqi haqqında “ Azərbaycan Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 13-cü maddəsində qeyd olunur ki məhkəmələrə tövsiyə edilsin ki, Azərbaycanın tərəfdarı çıxdığı “Mülki və Siyasi Hüquqlar haqqında” beynəlxalq Paktın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqini ümumi təcrübəyə çevirməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir. Bundan başqa, həmin qərarın 16-cı bəndində nəzərdə tutulur ki, şəxsin həbdə saxlanılmasına bəraət qazandırılması üçün əsaslı şübhə ilə yanaşı, digər əsaslar da mövcud olmalıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi bununla bağlı Presedentlərində xüsusi ilə konkretdir və qərarlarında dəfələrlə qeyd edib ki, yerli məhkəmələr prokurorun şablon təqdimatlarını təsdiq edən orqan deyillər. Amma biz prosesdə görürür ki, gerçəklik başqadır, yəni ittiham əsassız, siyasi və qərəzlidir. Ona görə də özümü nəyin ki təqsirli bilmirəm, eyni zamanda həbsimlə bağlı siyasi qərar verənləri, əsassız və saxta ittihamı müdafiə edənləri öz vicdanlarının mühakiməsinə buraxıram, əgər vicdanları varsa…
Mahiyyəti və əlifbası saxta olan bu qondarma cinayət işi ilə bağlı demək olar ki, hər prosesdə vəsatətlərlə çıxış edir, qanun pozuntularını sadalayıram, amma məhkəmə bu vəsatətləri nəzərə almır, ədalətli araşdırmanı təmin etmir. Bu da bir daha təsdiqləyir ki, bu işin müstəntiqi də, prokuroru da, hakimi də İlham Əliyevdir. Ona görə də İlham Əliyevə çağırış edirəm ki, əlində mötəbər sübutlar, mənim qaçaqmalçılıq etdiyimi, hansısa sənədləri saxtalaşdırdığımı təsdiqləyən faktlar varsa məhkəməyə təşrif buyursun.
Əminəm ki, məhkəmə ittihamın irəli sürdüyü “faktları” düzgün incələsə, mənim təqsirsiz olduğumu aydın görəcək. Əslində, ittiham tərəfi də apardığı qeyri-peşəkar istintaqla günahsız olduğumu təsdiqləyir. Əgər bu iş vicdanlı və peşəkar aparılsaydı, mən burada olmayacaqdım.
Ötən məhkəmə iclaslarının birində cinayət işinin dili ilə bağlı vəsatət verdim, ardıcıl və anlaşıqlı olunmadığını əsaslandırdım. Məhkəmədən xahiş etdim ki, AMEA-nın Dilçilik İnstitutundan ittihamın dili ilə bağlı elmi-linqvistik filoloji rəyi alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3a bəndinə də istinad etdim. Həmin maddədə bildirilir ki, şəxsə qarşı irəli sürülən ittihamın dili onun başqa başa düşdüyü dildə, anlaşıqlı olmalıdır. Təqsirləndirilən şəxs bilməlidir ki, onun nədə ittiham edirlər. Hətta bununla bağlı Avropa Məhkəməsinin presedentlərinə də toxundum. Konkret olaraq Azərbaycanla bağlı olub qəbul edilmiş bir qərara-“ Rəsul Cəfərov Azərbaycana qarşı” işinə istinad etdim, amma nəticə yoxdur.
Təsəvvür edin ki, Azərbaycan istintaq orqanlarının məhz Azərbaycan dilində hazırladığı işlər gədib Avropa Məhkəməsinin əcnəbi hakimlərindən qeyri-kafi qiymət alır və bu heç bir azərbaycanlı hakimi narahat etmir. Yerli məhkəmələr istintaq orqanlarının şablon təqdimatları və fərziyyələri əsasında qərar çıxarırlar. Bu artıq Azərbaycan qanunlarını zorlamaq, Femidanı soyundurmaqdır.
Dediyim kimi, mənim təqsirimlə bağlı ortaya bir dənə də olsun sübut qoya bilməyiblər. Məsələn, dövlət ittihamçısı izah etsin- cinayət işinin l cildində bildirilir ki, 06 dekabr 2024-cü ildə Tiblisi- Bakı aviareysi ilə Bakıya səfər edən Cəbrayılzadə Ramin Xəzər rayonu Zığ şosesində saxlanılıb və üzərindən 38 000 avro pul çıxıb. Cəbrayılzadə Rominlə əlbir olub qaçaqmalçılıq etdiyimi təsdiqləyən hansısa sübut varmı? Varsa niyə iş materiallarında və ittiham aktında əksini tapmayıb.
Başqa sual- cinayət işinin 8-ci cildində ( səh. 3-7) istintaq “Abzas Media”nın ofisinə polis tərəfindən qoyulmuş 40 min avronu da mənim ayağıma yazıb. Aydınlaşdırılmadı ki, mənim “ AbzasMedia” işinə görə buradayam, yoxsa Meydan TV.
İstintaq mənim 09 yanvar 2020-ci ildən 07 noyabr 2022-ci ildən Aynur Qənbərova ilə 38 dəfə telefonla danışdığımı iddia edir . Amma nə danışdığımız barədə ortada dəlil yoxdur. Yəni bu mənim qaçaqmalçılıq etdiyim üçün mötəbər sübutdurmu? O zaman həmin zənglərin səs yazısı da ortaya qoyulsun , görək nə danışmışıq ? Ümumiyyətlə məhkəmə-texniki ekspertizası mənə aid telefon, noutbuk və yaddaş qurğularından götürülmüş materiallara baxış keçirib, amma istintaq üçün əhəmiyyətli heç bir sübut aşkar etməyib.
Cinayət işinin 24-cü cildində guya mənim 2024-cü il oktyabrın 30-da “ Demokratiya Uğrunda Assosasiya”dan 1370 avro pul aldığıma dair heç bir rəsmi və hüquqi əsası olmayan faktura sənədi “ tapıb”. Amma elə istintaqın özünün təşkil etdiyi məhkəmə xəttşünaslıq ekspertizası rəy verib ki, sənəddəki imza Şəmşad Ağaya məxsus deyil. Hər halda istintaq belə bir gülünc və absurd iddianı müdafiə etməz ki, Şəmşad Ağayev özü-öz imzasını saxtalaşdırıb. İttihamın əlində mənimlə bağlı yeganə “sübut” budur və bu da saxtadırsa, o zaman hansı mötəbər sübutdan söhbət gedir?
Mənə CM-in 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb. Amma istintaq konkret olaraq hansı sənədləri şaxtalaşdırdığımı və ondan necəsə istifadə etdiyimi ortaya qoya bilməyib. Ona görə də, tələb edirəm ki, ortaya sübut qoyulsun, əks halda bu maddə ilə irəli sürülən ittiham da ləğv edilsin.
İstintaq 19.02.2025-ci ildə həbs qətimkan tədbirindən verdiyimiz apelyasiya şikayəti ilə bağlı məhkəmədə belə bir əsaslandırma irəli sürüb ki, Şəmşad Ağa 2024-cü ildə dəfələrlə xaricə səfər edib və qaçaqmalçılıq edib. Halbuki mən 2024-cü ildə ümumiyyətlə xaricə səfər etməmişəm.
İstintaq iddia edir ki, Ağayev Şəmşad 24 aprel 2019-cu ildən – 2023-cü ilədək 4 dəfə ölkə hüdudlarını tərk edib, yəni 4 il 5 ay ərzində 4 dəfə xaricə səfər edib. Halbuki hər il orta hesabla 2 milyon Azərbaycan vətəndaşı xaricə səfər edir. İndi bunların hamısı qaçaqmalçıdır?
Ümumiyyətlə, istintaq mənə qarşı irəli sürdüyü 206.4-cü maddə ilə bağlı bircə dəlil ortaya qoymayıb. 192-ci maddə ilə bağlı ittiham da görünür ki, əsassızdır.
193-1.3.1 və 193-1.3.2-ci maddələri (əmlakın leqallaşdırılması) ilə irəli sürülən ittihamda isə mənim adımı pulları leqallaşdıranların arasında keçmir, amma mənə də eyni ittiham irəli sürülüb. Əgər sadaladığım bu üç ittihamla bağlı ciddi sübut ortaya qoyulmayıbsa, bəs 213.2.1 ( vergidən yayınma) maddəsi ilə ittiham necə verilə bilər?
Özünüz də görürsünüz ki, ittiham tərəfi mənim hansısa təşkilatdan qrant almağım, hansısa əmlakı leqallaşdırdığım, qaçaqmalçılıq etdiyim barədə heç bir dəlil ortaya qoya bilməyib. Amma indiyə qədər əsassız olaraq həbsdə saxlayıb. Həbsdə saxlanılmağımı onunla əsaslandırır ki, guya istintaqdan yayına bilər. Bu da cəfəngiyyatdır. 2024-cü il iyulun 5-də “Toplum TV işi” ilə bağlı eyni istintaq orqanında ifadə vermişəm. Demək, müstəntiq məni iş üzrə ifadə verən digər bir şahiddən soruşmuşdu. O bunu mənə deyəndə özüm həmin vaxt müstəntiq işləyən Əlibala Hacıyevə zəng edib mənimlə niyə maraqlandığını soruşdum. Bildirdi ki, şahid qismində mən də ifadə verməliyəm. Bir gün sonra Bakı Baş Polis İdarəsinə gedib şahid qismində ifadə verdim. Əgər istintaqdan yayınmaq, gizlənmək fikrim olsaydı, niyə özüm müstəntiqə zəng edirdim? Hətta bir gün sonra ifadə verməyimə dair telefonda şifahi çağırış aldığım halda, niyə qaçıb gizlənmədim?
Həmin ifadədən sonra ölkədən çıxışıma qadağa qoyuldu. Bununla bağlı məhkəməyə müraciət etdik. Şikayətimiz təmin olunmasa da, qərar maraqlı idi. Müstəntiq əsaslandırır ki, Şəmşad Ağayev yaxın günlərdə həbs olunacaq ona görədə “stop” görürülə bilməz. Amma üstündən 8 ay keçir, “Toplum TV işi”ndə yox, “Meydan TV işi”ndə həbs olunuram. Bu məsələ ilə bağlı istintaq dövründə müstəntiqin dediyi daha məntiqli idi: Əgər “Meydan TV işi”ndə də həbs olunmasaydın, nəsə başqa bir iş tapıb səni həbs edəcəkdik, çünki qərar verilmişdi. Ona görə də bütövlükdə bu prosesi qanunsuz və siyasi sifariş əsasında həyata keçirilən repressiya aktı sayıram. Bir jurnalist, söz adamı olaraq, bu günə qədər həqiqətə hakimiksə, bir o qədər də zalımın və zülmün məhkumuyuq. Məhkəməyə gəlincə, siyasi iradənin hüquqdan üstün olunduğu bir ölkədə ədalətli mühakimədən danışmaq gülüncdür.
Tolstoy deyirdi: “ Bir yerdə ki ədaləti qorumalı adamlar ədalətsizliklə məşğul olur, qanunlara, universal dəyərlərə, insan həyatına zərrə qədər hörmət etmirlər, həmin yerdə gec- tez bu və ya digər formada dəhşətli hadisələrin baş verəcəyi qaçılmazdır”.
İfadədən sonra Şəmşad Ağa prokurorun, vəkillərin və həmkarlarının suallarına cavab verib. Prokuror Vüsal Abdullayev ondan niyə jurnalist kimi Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçmədiyini soruşub.
Şəmşad Ağa bildirib ki, birincisi, jurnalistika azad peşədir, heç yerdə qeydiyyatdan keçməli deyil. İkincisi, “Meydan TV” Almaniyada qeydiyyatdan keçmiş xarici media orqanıdır. Xarici media orqanının əməkdaşı isə Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçməli deyil:
“Xarici İşlər Nazirliyində akkreditasuyadan keçməlidir. Necə ki, “Amerikanın səsi” radiosu, BBC-nin əməkdaşları keçmişdi, onların da akkreditasiyasını ləğv elədilər. “Meydan TV” əməkdaşları da Xarici işlər Nazirliyinə müraciət edib, imtina olunub”.
Prezident İlham Əliyev prokurorluğun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Onların arasında “Meydan TV” məhkəməsində ittihamı müdafiə edən Vüsal Abdullayev də var. O, Azərbaycan Respublikası Prezidentinin “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Şəmşad Ağanın dirdurməsi zamanı jurnalistlərdən Xəyalə Ağayeva bu münasibətlə prokuroru təbrik edib: “Təbrik edirəm, İlham Əliyev şərlədiyi adamların üzünə durduğunuza görə bu gün sizi mükafatlandırıb”.
Məhkəmə prosesi oktyabrın 12-də davam edəcək.
2024-cü il dekabrın 6-da Meydan TV-nin baş redaktoru Aynur Qənbərova (Elgünəş) və əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i Meydan TV- nin redaktoru Şəmşad Ağayev (Ağa), daha sonra müstəqil jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.