“Kars”, zorakılıq və “provokatorlar”: Həbsdə olan “Toplumçu”lar Meydan TV üçün yazıb

Toplum TV – Mənbə: ChatGPT

“Toplum TV işi” üzrə həbsdə olan Ramil Babayev, Əli Zeynal, Fərid İsmayılov, İlkin Əmrahov Meydan TV üçün yazılar göndəriblər.

Yazıları olduğu kimi təqdim edirik:

İfadə azadlığının qiyməti 500 AZN

Ramil Babayev, Əli Zeynalov – Meydan TV üçün 

“Cinayətkar aləmin baxışlar sistemində həbsxanada işləmək tənqidəlayiq hal hesab olunur. Elə bu səbəblə də işçi məhkumlar əmək müqaviləsi əsasında cəzaçəkmə müəssisəsinin təsərrüfat işlərini görən məhkumlar stigmatizasiya obyektidir.

Burada işləyən məhkum “biz” və “onlar”dakı ingrup məsuliyyətini gücləndirmək üçün istifadə olunan “yad”dır. Həbsxanada işləməyin nəticələrindən biri ifadə azadlığını itirməkdir. Yəni işləyən şəxsə hansısa ciddi müzakirəyə fikir bildirmək məhkumların özləri tərəfindən qadağan edilir.

Həbsxana rəisləri isə bu baxışı da özləri üçün qazanc mənbəyənə çevirən bir metod kəşf ediblər. Haqqında bəhs etdiyi metod daş atdırmaqdır. Əksər CÇM-lərdə müəssisəyə daxil olmaq üçün kiçik bir daşı yerdən götürüb bir neçə metr qarşıya atmaq tələbi qoyulur.

Bu tələb çiynində rütbə daşıyan şəxsin göstərişi ilə olunduğu üçün cinayətkər aləmdə “işləmək” hesab olunur. Həbsxanaya girərkən işləyəcəyin halda səni bir neçə ay karsda saxladıqdan sonra CÇM-in rəisi başqa bir CÇM-ə göndərir və orada yeni proses təkrarlanır. 

Əgər əmək müqaviləsiz işə cəlb edilmək (rəislərə xatırladırıq ki, biz hazırda bu CM maddəsi ilə ittiham edirlər) və ifadə azadlığını itirmək istəmirsənsə, 500 AZN-lik rüsum ödəməklə işləmə öhdəliyindən azad ola bilərsən. Belə də rəislər səni yox o pulu ödəyən ailə üzvlərinin sözün həqiqi mənasında işlədir və işin zəhmət haqqısını bu absurt tələ ilə mənimsəyir. Bu nümunədən bir daha görürük ki, PX yaradıcı startaplarla çörəyini daşdan da çıxara bilir”.

Məhkəmə hökmü ilə işgəncə 

Ramil Babayev, Fərid İsmayılov – Meydan TV üçün 

“Umbakı Penitensiar Müəssisəsində (PM) istintaq altındakı məhbuslarla yanaşı ömürlük azadlıqdan məhrum etmə cəzası alanlar, Ermənistan vətəndaşları  (krıtı – ciddi rejimli) cəza çəkən məhbuslar da saxlanılır. Sonuncu kriteriyadan olan məhbuslar yaxın tarixdə bu müəssisədə ağlasılmaz işgəncəyə məruz qalıb. 

Əvvəlcə gəlin aydınlaşdıraq ki, xüsusi ilə ciddi rejim nədir? Xüsusi ilə ciddi rejim illərlə davam edən rəsmi “kars” (cərimə) rejimidir. Bu rejimdə televiziyaya baxmaq hüququ yoxdur. Cəza demək olar ki, bomboş otaqda çəkilir. Bu rejimin ilk aylarında telefon danışığı və ailə görüşü hüquqları ləğv edilir. Siyasi məhbuslara, məsələn, Bəhruz Səmədov və vicdan məhbuslarına, məsələn, Şeyx Sərdara da cəza kimi təyin olunan bu rejimə məhbuslar CÇM daxilində keçirilən əlavə qapalı məhkəmənin qərarı ilə göndərilir. Bu qərarlar əksər hallarda saxta əsaslarla çıxarılır. Məsələn, Şeyx Sərdar adı ilə tanınan din xadiminə qarşı Bakı İstintaq Təcridxanasında (BİT) Elnur İsmayılovun göstərişi ilə 39 nəzərətçi “rejim qaydalarını pozur” adı ilə akt imzalamışdı. Lakin din xadimi ilə eyni kamerada saxlanılan məhbuslar bu iddianı tam təkzib edirlər. Eyni saxta qərarlar Cəzaçəkmə Müəssisələrində (CÇM), haqsızlıqla barışmayan rəislərin qurduğu ədalətsiz sistemə boyun əyməyən bütün qeyri-siyasi şəxslər barəsində verilir. 

Şəxslərin “krıtı”ya göndərilməsi qərarlarının sifarişçisi kimi isə Penitensiar Xidmətin (PX) əməliyyat rəisi Fikrət Qafarovun adı qeyd olunur. Belə ki, CÇM rəisləri özləri həmin şəxslərlə söhbətlərində Qafarovun göstərişi əsasında bu qərarı icra etdiklərini etiraf edirlər. Yeri gəlmişkən, Fikrət Qafarov CÇM rəisi olduğu dövrdə məhbusların onurğa sümüyünü sındırmaqda, kəllə-beyin travması və fiziki işgəncə ilə insanların cinsiyyət orqanlarına qeyri-işlək vəziyyətə gətirməkdə və sair işgəncələrə görə ittiham olunmaqla məhbusların ən çox qarğış etdiyi şəxsdir. 

Umbakı PM-in sabiq rəisi Rauf Nəbiyev də müəllimi Fikrət Qafarovun xəttini olduğu kimi davam etdirib. Ötən ilə qədər “krıtı” məhbuslarının çənələri sındırılıb, daxili orqanları sıradan çıxarılıb, gözləri şişib görməyəcək həddə qədər döyülüblər. Bu məhbuslardan biri qeyd edir ki, Rauf Nəbiyev bizi yarımcan edib getdi. Hazırda onlara qarşı zorakılığa müəyyən sərhəd qoyulub və bu şəxslər müalicə və reabilitasiya dövrünü keçirirlər.

Bu şəxslərin dünya görüşündə dövlət qurumlarına və ictimaiyyətə şikayət ünvanlamaq müsbət hal sayılmadığı üçün həmin işgəncələrin üzərləri örtülüb. Son bir ildə xüsusilə ciddi rejimdə səbəbsiz yerə günahsız şəxslərə işgəncə verilməsi təcrübəsi dayandırılsa da, onların hüquqları hələ də pozulur. Həmin şəxsləri informasiya əldə etmələri üçün radio verilməli olduğu halda verilmir.

PM-də kitabxanaçı olmadığı üçün kitab əldə edə bilmirlər. Onların yeganə məşğuliyyəti fikrə getməkdir. Ombudsmanı saxlanma şəraitinin yaxşılaşdırılması və həmin işgəncələrin geri qaytarılmaması üçün Umbakı PM-in xüsusi nəzərətdə saxlamağa dəvət edirik”.

Penitensiarın oyunları 

İlkin Əmrəhov Ramil Babayev – Meydan TV üçün 

“Uzun illərdir həbsxanada olan təcrübəli məhbusların istifadə etdiyi bir ifadə var: “Penitensiarın oyunları qurtarmır”. Bugün də biz həmin oyunlardan birindən – provakatorlardan bəhs edəcəyik.

Son 15 ildə həbsxanlarda iki tədrici proses paralel şəkildə davam edir. Bir tərəfdən cinayətkar aləmin baxışlar sisteminin təsir imkanları zəyifləyir və bu ideologiya həbsxanada simvolik olaraq təmsil olunmağa davam edir. Düşünə bilərsiniz ki, bu ideologiyanın zəifləməsi ilə CÇM-lərdə artıq qanuni oğrular olmadığı üçün rəislərin mütləq gücə malik olması kimi bir nəticə doğur.

Lakin həqiqət tamamilə fərqlidir. Paralel gedən prosesdə əksinə, rəislərin də qanundan kənar çıxmaq üçün manevr sahələri getdikcə daralır. Bunun səbəbləri arasında məhbusların ailələrinin hüquqlarından daha çox agah olmağa başlaması və qanunsuz rəftar hallarında əvvəlkindən daha artıq hay-küy qoparması, siyasi məhbusların qanun pozuntularını ictimailəşdirməsi, prokurorluğun 100 şikayətdən 1-ni də olsa araşdırmağa başlaması və s. var.

Rəislərin fiziki zorakılıq təqibindən çəkinməsinin və cinayətkər aləm ideologiyasının da öz nüfuz sahəsini itirməsinin birləşməsindən provokatorlar üçün münbit bir şərait yaranıb. Belə ki, CÇM rəisləri cəzalandırmaq istədikləri şəxslərə qarşı cinayətkar aləmdə kiçik də olsa nüfuza malik olan avanturist təbiətli insanlardan istifadə edir. Həmin şəxslərlə rəislərin sövdələşməsinə uyğun olaraq bu şəxslərə CÇM-də başqa heç bir şəxsə verilməyən sərbəstliklər verilir.

Bu şəxslər məhbusların kiçik problemlərinin həllini təmin etməklə ətraflarında müəyyən kütlə toplayırlar. Daha sonra həmin şəxslər rəislərin hədəfində olan məhbuslarla süni mübahisələr yaradaraq onlara qarşı fiziki zorakılıq tətbiq edirlər. Bu mübahisələr əksini sübut etməyin çətin olduğu saxta ittihamlarla başladılır. Məsələn, kiminsə bacısının nömrəsini gizlicə ələ keçirərək ona həbsxanadan zəng etmək ittihamı. BİT rəisi Elnur İsmayılov və 2 saylı CÇM-in rəisi Vüsal Aslanov belə provokatorlardan müvafiq olaraq Akif Qurbanova və Afiəddin Məmmədova qarşı istifadə etməyə cəhd edib. Afiəddin Məmmədova qarşı hazırlanan təxribatın qarşısını həmin CÇM-dəki vicdan məhbusları alıb.

Akif Qurbanov isə elə ilk saatlarda kamerasına salınmış şəxsi niyyətinin başqa olduğunu anlayıb və bunun nəticəsində Elnur İsmayılovun planının qarşısını alıb. Elnur İsmayılov həmin şəxsin Akif Qurbanovun kamerasına məqsədli şəkildə saldığını təkzib etsə də, yuxarıda qeyd etdiyimiz konfiqurasiyanın mövcudluğunu Əli Zeynalovla söhbətində “bu tempdə davam etsən səni CÇM-də bıçaqlaya da bilərlər” xəbərdarlığı ilə dolayı olaraq etiraf etmişdi. Əslində, məhbusların çoxu da bu kimi hadisələrin rəislərin sifarişi ilə törədildiyini başa düşür.

Lakin özlərini də hədəfə çevirməmək üçün susurlar. Xatırlatmaq istəyirik ki, CÇM rəislərinin birinci vəzifəsi məhbusların təhlükəsizliyini təmin etməkdir. Buna görə də CÇM rəislərini belə qanunsuz vasitələrdən istifadəni dayandırmağa çağırırıq”.

Umbakı PM-in tikintisində Bəxtiyar Vabahzadədən ilhamlanıblar

Fərid İsmayılov, İlkin Əmrahov – Meydan TV üçün

Umbakı PM-in tikintisi zamanı yol verilmiş maliyyə pozuntuları ilə bağlı faktları dəfələrlə işıqlandırmışıq. Bu faktlar o qədər çoxdur ki, aşkarladıqca hər dəfə təəccüblənirik.

Növbəti aşkarladığımız fakt isə yanğın təhlükəsizliyi ilə bağlıdır. Kameralar siqnalizasiya ilə təmin olunmayıb. Lakin FHN müəssisənin istifadəsinə icazə verib. 1800-ə yaxın şəxsin həyatını təhlükəyə atan rəsmilər ola bilsin ki, B.Vahabzadənin “yaşamaq, yanmaqdır, yanasan gərək” misralarından təsirləniblər.   

Şairin bu misralarından məsul şəxslər təkcə Umbakı PM-də deyil, Lənkəran PM, BİT və digər müəssisələrdə də təsirlənib. Jurnalist Nərgiz Absalamovaya Lənkəran PM-də deyilmişdi ki, “inşallah yanğın olmaz”. 6 saylı CÇM-də bir neçə ay öncə baş vermiş yanğına görə heç kim cinayət məsuliyyətinə cəlb olunmadı. BİT-də kamera daxilində manqal quran məhbusları isə kababın iyi “ələ vermişdi”. Onları da kabablarını əllərindən almaqla “cəzalandırmışdılar”.

PX rəsmilərinin B.Vahabzadə poeziyasındakı metaforik təsvirləri hərfi mənada icra etməməyə çağırırıq.          

Tarif Şurası Umbakıda tərif olub

Fərid İsmayılov – Meydan TV üçün 

“Azərbaycanda insanların yuxusunu ərşə çəkən Tarif Şurası Umbakı PM üçün nümunə olub. Şura qiymətləri necə və nəyin əsasında ”tənzimlədiyini” açıqlamadığı kimi, Umbakı PM-də bu davranışı təkrarlayır. Müəssisənin köşkündə məhsulların satış qiymətləri qeyri-müəyyənlik təşkil etməklə yanaşı, absurd şəkildə şişirdilib. Satış qiyməti 3-4 azn olan içməli su 50-60%, tütün məhsulları 15-20% daha baha qiymətə satılır. Digər ərzaq və qeyri-ərzaq məhsullarında da vəziyyət eynidir. Hətta 100% artımla satılan məhsullara da rast gəlmək mümkündür. Bu qiymətləri kim necə tənzimləyib, bilinmir.

Vahid köşk qiymətləinin həbs olunmuş şəxslərə təqdim olunmasını 10 ay öncə rəsmi şəkildə tələb etsəm də, nəticə yoxdur. Problem bununla da bitmir. Aylıq zəruri gigiyenik vasitələr paylamalı olan müəssisə bunu etmir. Məhbuslar məcbur qalıb üz tuturlar köşkə. Köşkdəki bahalıq bir yana, satılan məhsullar da keyfiyyətsizdir.

Qiymətləri tənzimlədiyini bildirəm şüra PM-lərdə bu siyasəti həyata keçirmək istəsə, Umbakıya gündüz saatlarında gəlsin. Gecə saatlarında müəssisəyə giriş qadağandır.

Həbs olunmuş şəxslərin telefon zəngi hüququ qanunvericiliklə tənzimlənsə də, PX bu qanunu “ratifikasiya” etməyib. Qanunvericiliyə əsasən, həbs olunmuş hər bir şəxs həftədə 2 dəfə 15 dəqiqəlik zəng hüququna malikdir. Həmçinin qeyd olunur ki, həbs olunmuş şəxslər ailə üzvləri, vəkilləri, yaxınları ilə əlaqə saxlaya bilər.

PX-də reallıq isə fərqlidir. Həbs olunmuş şəxslərə “Qaynar xətt”lərə, vəkillərə zəng etməyə imkan verilmir. Səbəb soruşulduqda isə heç bir rəsmi qərar təqdim olunmur. Çünki belə bir rəsmi qərar da yoxdur.

Özünü SSRİ Senzura İdarəsi kimi aparan PX bu yolla həm də məhbusların digər hüquqlarının pozulmasına da şərait yaradır. Edilən etiraz, şikayətlərə ”bizə belə tapşırılıb” cavabı verilir.

Qeyd edim ki, PX-nin bu davranışı tez-tez mübahisələrə səbəb olur. Bu mübahisələr isə bəzən məhbusların əlavə cəza alması ilə nəticələnir”.

Ana səhifə ▸ Həbsxanadan məktublar ▸ “Kars”, zorakılıq və “provokatorlar”: Həbsdə olan “Toplumçu”lar Meydan TV üçün yazıb