Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşları Ramil Babayev və Əli Zeynal cəzaçəkmə müəssisələrindəki saxlanma şəraiti barədə məqalə göndəriblər.
Toplum TV-nin dərc etdiyi yazını olduğu kimi təqdim edirik:
“Cinayət işləri üzrə hökmlər mütləq şəkildə şəxsin cəzasını ümumi və ya ciddi rejimli həbsxanada çəkməsi ilə bağlı qeyd ehtiva edir. Əgər şəxs ilk dəfə cinayət törədibsə və törətdiyi cinayət xüsusilə ağır (12 ildən artıq və ya ömürlük həbsi nəzərdə tutan) cinayət deyilsə, Cinayət-Prosessual Məcəlləsinin (CPM) tələbinə əsasən həmin şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin istintaqın yubanması nəticəsində şəxslər bəzən 3 və ya 4 ili qapalı təcridxanalarda, idman, gəzinti və s. hüquqlardan məhrum şəraitdə, faktiki olaraq ciddi rejimdə keçirirlər.
İstintaqın yubanmasının səbəbləri arasında məhkəmələrin iş yükünün çox olması səbəbindən iclasların bir neçə aydan bir təyin olunması, məhkəmələrin işi pozuntularla bağlı ibtidai istintaqa geri qaytarması, Ali Məhkəmənin işi pozuntularla bağlı apellyasiya baxışına geri qaytarması, yeni hakim təyinatı ilə bağlı məhkəmə istintaqının başdan başlaması, şahid qismində məhkəməyə çağırılan polis əməliyyat müvəkkillərinin məhkəməyə gəlməyərək prosesin aylarla uzanmasına səbəb olması və s. daxildir. Bu mənada, hakim sayının az, iş yükünün həddən artıq çox olduğu Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənzərə daha ağırdır. Hesab edirik ki, uzun illəri 8-16 kvadratmetrlik otaqlarda keçirməyin yaratdığı sağlamlıq problemləri araşdırılmalıdır. Məhbuslar bu mənada ən çox ürək-damar sistemi problemlərinin yaranmasından və uzağı görmə qabiliyyətlərinin zəifləməsindən şikayət edirlər. 3 metr uzunluğunda otaqda ürək sağlamlığının qorunması üçün labüd olan gəzinti şəraitini yaratmaq və uzaq məsafədə olan obyekti görmək isə praktiki olaraq mümkün deyil. Həmçinin hesab edirik ki, məhkəmə sistemindəki nöqsanlar nəticəsində şəxslərin hüquqlarının bu formada pozulmasının ən azından hansısa formada kompensasiyası nəzərdə tutulmalıdır.
Bu mövzuda 17 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) rejim növü ilə bağlı məsələni qeyd etməyi vacib hesab edirik. 17 saylı CÇM də ümumi rejimli həbsxanalar siyahısına daxil olsa da, bu həbsxana çox kiçik ölçülü və təcridxana quruluşunda olduğu üçün əslində ciddi rejimli həbsxana qrupunda yer almalıdır. 17 saylı CÇM-ə göndərilən və 6–7 və ya daha artıq il həbs cəzası olan şəxslər buranın yarımqapalı rejimində uzun müddət həbs cəzası çəkmək üçün münasib yer olmadığından başqa CÇM-ə köçürülmək üçün aclıq edir və bəzən də özlərinə xəsarət yetirirlər. Hesab edirik ki, bir çox cəhətdən məhkumların hüquqlarının pozulmasına səbəb olan 17 saylı CÇM-in rejim növü dəyişdirilməlidir”.