İrandan Azərbaycana uçuşlar dayandırılıb: Vətəndaşlar quru yolla qaytarılacaq

İranAir – Foto: Wikipedia

İran aviaşirkətlərinin Azərbaycana həyata keçirdiyi uçuşlar sentyabrın 22-dən müvəqqəti dayandırılıb.

Dövlət Mülki Aviasiya Agentliyinin məlumatına görə, qərar ABŞ-nin İranın aviasiya sektoruna tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Agentlik sərnişinlərə uçuşlarla bağlı məlumat almaq və biletləri geri qaytarmaq üçün müvafiq aviaşirkətlərə və biletlərin alındığı satış məntəqələrinə müraciət etməyi tövsiyə edib.

“Azərbaycan Hava Yolları” (AZAL) da bildirib ki, ABŞ-nin İrana qarşı yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna tətbiq edilən məhdudiyyətlər səbəbindən İran aviaşirkətlərinin Azərbaycana reysləri dayandırılıb.

Uçuşların ləğvi İranda olan bəzi Azərbaycan vətəndaşlarının geri qayıtmasına da problem yaradıb.

Azərbaycanın İrandakı səfirliyi bildirib ki, Azərbaycana qayıtmaq üçün aviabilet alan, lakin reyslərin ləğvi səbəbindən İranda qalan Azərbaycan vətəndaşlarının quru sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə qayıtmasına şərait yaradılacaq. Bunun üçün vətəndaşlardan Azərbaycanın Tehrandakı səfirliyinə və ya Təbrizdəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.

Səfirlik İran aviaşirkətlərindən Azərbaycana bilet alan şəxslərə biletlərin pulunun qaytarılması üçün həmin şirkətlərin satış məntəqələrinə müraciət etməyi də tövsiyə edib.

“Financial Times”ın məlumatına görə, ABŞ-nin İranın aviasiya sektoruna qarşı sanksiyaları sərtləşdirməsindən sonra ölkənin iri aviaşirkətlərindən “Mahan Air” İstanbul, Ankara və Maskat istiqamətlərində uçuşlarını da dayandırıb. 

Gürcüstan istiqamətində də şirkətin reysləri dayandırılıb. Yeni məhdudiyyətlər təkcə İran aviaşirkətlərini deyil, onlara xaricdə yerüstü xidmət, bilet satışı, yanacaq və texniki xidmət göstərən şirkətləri də ABŞ sanksiyaları riski ilə üz-üzə qoyur. 

Nəticədə İranın xarici hava əlaqələri Türkiyə, Oman, Azərbaycan və Gürcüstan daxil olmaqla bir sıra istiqamətlər üzrə məhdudlaşıb.

Ana səhifəXəbərlərİrandan Azərbaycana uçuşlar dayandırılıb: Vətəndaşlar quru yolla qaytarılacaq