5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Abid Şərifov – Foto: Chatgpt

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti keçmiş Baş nazirin müavini Abid Şərifovun ailəsi ilə bağlılığı daha əvvəl sənədlərlə göstərilən “Evrascon” ASC ilə 5,2 milyon manatlıq müqavilə bağlayıb.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, satınalma prosesi açıq tender keçirilmədən, bir mənbədən satınalma metodu ilə həyata keçirilib. Müqavilənin ümumi məbləği 5 milyon 201 min 558 manatdır.

Şirkət bu vəsait qarşılığında Bakının Xətai, Nizami, Binəqədi və Sabunçu rayonlarında, həmçinin Sumqayıt şəhərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması, cari təmir və bərpa işlərini görəcək. 

“Bir mənbədən” satınalma metodu rəqabət olmadan birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir, belə halda detallar ictimaiyyətə açıqlanmır.

“Evrascon” iri infrastruktur və tikinti layihələrində iştirak edən köhnə şirkətlərdən biridir. Şirkət əvvəllər “Azərkörpü” adı ilə fəaliyyət göstərib, 2013-cü ildə isə adını dəyişərək “Avro-Asiya İnşaat Korporasiyası – Evrascon” ASC olub.

Hazırkı reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviç göstərilir. Şirkətin nizamnamə kapitalı 377 min 290 manatdır.

Ancaq “Evrascon”un Abid Şərifovun ailəsi ilə əlaqəsi uzun illər əvvəl açıqlanan səhmdarlıq sənədlərində görünür.

Meydan TV-də 2015-ci ildə yayımlanan materialda Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifovanın “Evrascon”un 22 min 920 səhminə, yəni şirkətin nizamnamə kapitalının 12,15 faizinə sahib olduğu göstərilib. Həmin dövrün məlumatına görə, şirkətdə nəzarət səhm paketi – 51,2 faiz – İsmayıl İsmiyevə məxsus idi.

Meydan TV-nin 2019-cu ildə dərc etdiyi araşdırmada onun ailə üzvlərinin müxtəlif bizneslərdə iştirakı da göstərilirdi. Şərifovun həyat yoldaşı Sədayə Şərifova həmçinin “Kəpəz-S” firmasının üç ortağından biridir. 

Bakıdakı “Optimed” klinikası isə onun kürəkəni, Ədliyyə Naziriliyinin Penitensiar Xidmətinin 16 nömrəli cəzaçəkmə müəsisəsinin rəisi vəzifəsini daşıyan Məmməd Mahmudova məxsusdur. Nərimanov rayon İcra Hakimiyyəti də bu özəl klinikanın direktorunun Təranə Abid qızı Mahmudova olduğunu açıqlayıb.

Abid Şərifovun ailəsinin biznes fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb. Onun nəvəsi, keçmiş 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu Nicat Mahmudov 2011-ci ildən Londonda yaşayıb və burada müxtəlif bizneslərlə məşğul olub. 

Meydan TV-nin 2019-cu il araşdırmasına görə, Mahmudov əvvəlcə Londonda “Buta Lounge” restoranını açıb, daha sonra “Abeona Global Limited” şirkətini yaradıb. Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu o vaxtkı məzənnə ilə təxminən yarım milyon manata bərabər hesablamışdı. 

Britaniyanın rəsmi Companies House reyestri göstərir ki, Mahmudovun 2017-ci ildə təsis etdiyi “Abeona Global Limited” hazırda fəaliyyətini davam etdirir, lakin 2025-ci ilin dekabrından “Obsidian Court Limited” adı ilə qeydiyyatdadır; Mahmudov şirkətin aktiv direktorudur. 

O, həmçinin 2022-ci ildə “Londoncapsule Limited” adı ilə yaradılan və sonradan “Celestique Limited” adlandırılan şirkətin də hazırkı direktorudur. Şirkət Britaniya reyestrində aktiv göstərilir və parfümeriya-kosmetika məhsullarının topdansatışı sahəsində fəaliyyət göstərir.

Ana səhifəXəbərlər5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib