12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Orxan Əliyev Nizami rayonu 24-cü polis bölməsinin əməkdaşlarının təzyiqlərinə görə barmağını kəsib.
Bu barədə Müsəlman Birliyi Hərəkatının Almaniyada mühacir həyatı yaşayan üzvü Ələmdar Bünyatov Meydan TV-yə məlumat verib.
Ələmdar Bünyatovun sözlərinə görə, Orxan Əliyev şərlənərək həbs olunub:
“Orxan, Bakı şəhəri Nizami rayonu 24 – cü polis bölməsinin əməliyyatçıları tərəfindən işgəncələrə, təzyiqə məruz qalaraq etmədiyi cinayəti üzərinə götürməyə məcbur edilib. O, buna etiraz olaraq barmağını kəsib”.
“Təzyiqlər davam edərsə digər barmaqlarımı da kəsəcəm”
Bünyatov deyir ki, Əliyevin barmağını kəsməsinə baxmayaraq həbsxana nəzarətçiləri bölmənin əməkdaşlarının onu yenidən sorğuya aparacağını deyib:
“Nəzarətçilər gəlib deyib ki, səni yenidən aparacaqlar bölməyə. Bundan sonra Orxan deyib ki, əgər məni yenidən bölməyə aparsalar, qalan barmaqlarımı da kəsəcəm. 24-cü bölmənin əməkdaşları Ayxan Təhməzli, Namiq Şıxəliyev və Aqil adlı şəxs onu razılaşmadığı məsələ ilə bağlı işgəncələrlə təzyiq edərək ittihamı qəbul etməyə zorlayırlar”.
Orxan Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham olunur. O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.