Hərbi həkim ağır iş şəraitindən, həddindən artıq uzun iş saatlarından və kadr çatışmazlığından şikayətçidir.
Meydan TV-yə müraciət edən və adının açıqlanmasını istəməyən hərbi həkim bildirir ki, aylardır evinə gedə bilmir. O deyir ki, qanunla evə gedə bilər. Lakin hərbi hissədə hər hansı əsgərə bir şey olacağı təqdirdə bütün məsuliyyət onun üzərində qala və cinayət məsuliyyətinə cəlb oluna bilər.
“Məntəqə tipli həbsdəyik”
Həkim deyir ki, dəfələrlə işdən azad olmaq üçün hərbi hissəni öz başına tərk edib və fərari statusu almağa çalışıb. Buna baxmayaraq o istəyinə nail ola bilməyib.
Həkim, Tibb Universitetinin Hərbi tibb fakültəsində 6 il təhsil alıb. Qaydaya görə, həmin fakültəni bitirənlər 10 il hərbidə xidmət etməlidirlər. O, bu müddətin 2 ilini işləyib, qarşıda isə hələ 8 il xidmət müddəti qalıb. Həkim bu müqavilə öhdəliyindən azad olmaq və tərxis olunmaq üçün dəfələrlə məhkəmələrə müraciət etsə də, nəticə əldə edə bilməyib:
“İşdən qaçdığıma görə 2 dəfə şərəf məhkəməsinə çıxarılmışam. Orada generallara məsələni izah etməyə, narazılıqlarımı deməyə çalışdım. Aldığım cavab isə “bizlik bir şey yoxdur, çıx çölə” olub. Nə yerimi dəyişirlər, nə maaşımı qaldırırlar. Bir növ məntəqə tipli həbsdəyik”.
Hərbi həkim deyir ki, atdıqları addımlardan sonra həkimlər ciddi “mobbinq”ə (iş yerində sistemli psixoloji təzyiq, təqib və sıxışdırma – red.) məruz qalırlar. Bir çox həkim hərbidən uzaqlaşmaq üçün müxtəlif yollara əl atır:
“Bəzi həkimlər bu şəraitə dözə bilmədiyinə görə özlərinə xəsarət yetirir. Bir neçə həmkarım isə məcbur qalıb narkotik vasitələrdən istifadə edir. Mənim də işdən qaçma hallarından sonra sadəcə rütbəm azaldılıb amma işdən uzaqlaşdırmırlar.”
“Prezidentin sərəncamı bizə şamil edilmir”
Şikayətçi deyir ki, hər gün onlarla xəstə əsgər qəbul edir. Həmçinin həkim çatışmazlığı səbəbində ay ərzində növbəni 12-15 dəfə özünə təhvil verməli olur. Bunun qarşılığında isə ən aşağı maaşa işləyir:
“Növbələrimiz 24 saatlıq olur, növbə ərzində 4 saat yatmağa icazə verilir. Ayda 240-280 saat işləyirəm, bəzən növbəni özümə təhvil verirəm və sadəcə 1000 manat maaş alıram. Prezidentin sərəncamı ilə ölkə üzrə tibb işçilərinin maaşı artırıldı. Amma bu artımın bizə şamil edilmədi. Bizim maaşlarımız dəyişmir, artmır və 1000 manat digər yerlərə görə çox azdır. Bakıda və ya digər mülki tibb müəssisələrində bundan qat-qat yüksək maaş alan həkimlər var.”
“Heç kim məcburi əməyə cəlb edilə bilməz”
Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə deyir ki, hərbi həkimlərin üzləşdiyi bu kimi hallar yeni deyil və onun fikrincə, burada həm qanunvericiliyin, həm Konstitusiyanın, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri pozulur:
“Burada şəxsi və ailə həyatı, sağlamlıq, istirahət, əmək hüquqları kimi bir sıra hüquqlar pozulur. Növbəli işləyən insanların istirahət hüququ həm Konstitusiya, həm də beynəlxalq konvensiyalarla qorunur. İnsanı “dövlətə borc” və ya “xalqa borc” adı ilə pul və ya məcburiyyət yolu ilə fasiləsiz, istirahətsiz işlətmək olmaz. Bu, məcburi əmək və istismardır”.
Hüquqşünas deyir ki, kadr çatışmazlığı səbəbindən həkimlərin fasiləsiz işləməsi həm onların sağlamlığı, həm də xəstələrin təhlükəsizliyi üçün risk yaradır:
“Hərbi həkim robot deyil, insandır. Yorğun və günlərlə istirahət etməyən həkim diqqətsizlikdən səhv edə və ya kadr çatışmazlığı səbəbindən xəstəyə vaxtında çata bilməyə bilər. Belə halda məsuliyyət həkimin üzərinə qoyula bilər. Amma heç kim onun bu vəziyyətə hansı şəraitdə düşdüyünü nəzərə almır. Bu isə həkimlər üçün ciddi psixoloji gərginlik və risk yaradır”.
Ruslan Əliyevin sözlərinə görə, həkimlərin işdən uzaqlaşmaq üçün hətta fərarilik etməyi və özlərinə xəsarət yetirməyi düşünməsi vəziyyətin ağırlığını göstərir:
“Heç kim məcburi əməyə cəlb edilə bilməz. Bu, həm Əmək Məcəlləsi, həm də Konstitusiya ilə qadağandır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da insanın iş yerini tərk etməsinə psixoloji və hüquqi maneələr yaradılması “müasir köləlik” kimi qiymətləndirilir. 21-ci əsrdə ali təhsilli, 6 il təhsil almış, ölkəsi üçün xidmət etmiş və insanları ölümdən xilas edən hərbi həkimi işdən çıxmaq üçün fərariliyə, hətta cinayət məsuliyyətinə razı olacaq vəziyyətə salmaq qeyri-insani münasibətdir”.
Hüquqşünas bildirir ki, hərbi həkimlər həm həkim, həm də hərbçi olduqları üçün onların əmək və xidmət şəraitinə xüsusi yanaşılmalıdır:
“Ona görə də onların maaşları, istirahət vaxtları və digər təminatları uyğun şərtlərlə müəyyən olunmalıdır. Lakin bizdə iş yükünə gələndə onlardan maksimum tələb olunur, ödəniş və təminata gələndə isə kənarda saxlanılırlar. Mülki sahədə “mobbing”ə və qısnamaya qarşı mübarizə aparıldığı bir vaxtda, hərbi həkimlərə bu cür münasibət nə qanunla, nə də insani məntiqlə izah oluna bilməz. Onların əsas hüquqları və normal iş şəraiti təmin olunmalıdır”.
Hüquqşünas bildirir ki, bu kimi hallarla üzləşən şəxs hüquqlarını məhkəmə vasitəsilə bərpa edə bilər. Ən son halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər.