Bakı tıxac içində; İnsanlar saatlarla yolda qalır

Tıxac. Foto: Meydan TV

Bakıda son günlər nəqliyyat sıxlığı ilə bağlı narazılıqlar artıb. Sosial şəbəkələrdə saatlarla tıxacda qalan insanların, eləcə də avtobuslarda yaranan sıxlığın görüntüləri paylaşılır. Sıxlıq yeni dərs ilinin başlamasından sonra, sentyabrın 15-dən etibarən daha qabarıq hiss olunmağa başlayıb. 

Avqustun 15-dən “28 May” və “Nizami” metro stansiyalarının 11 aylıq təmirə bağlanmasıda sərnişinlərin alternativ nəqliyyatdan istifadəsini artırıb.

Sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar da şəhərin bir sıra küçələrində hərəkət məhdudlaşdırılıb. İlk məhdudiyyət sentyabrın 19-da saat 21:00-dan Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasındakı hissəsində tətbiq olunub. Sentyabrın 20-dən isə Bakı Şəhər Halqasının keçdiyi küçələr və yarış ərazisini əhatə edən yollar bağlanıb. Məhdudiyyətlərin sentyabrın 28-dək davam edəcəyi açıqlanıb.

Formula-1 ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu ərazilərdə hərəkətin təşkili üçün alternativ yollar da müəyyənləşdirilib. Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi yaradılıb. Həmçinin Salyan şossesi, Lermontov küçəsi, Bülbül prospekti, Nizami və Puşkin küçələri istiqamətində müəyyən giriş-çıxış yolları yarış günlərində nəqliyyat üçün açıq saxlanılacaq.

Yol məhdudiyyətləri təhsil müəssisələrinin fəaliyyətinə də təsir edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, sentyabrın 22-dən 26-dək paytaxtda beş məktəbdə dərslər distant keçiriləcək. Bəzi universitetlərdə də tədris onlayn rejimə keçirilib. UNEC-in əsas binasında, Bakı Ali Neft Məktəbinin Bibiheybət kampusunda və Qərbi Kaspi Universitetində dərslər onlayn təşkil olunur. Bütün bunların fonunda Bakının əsas yollarında da sıxlıq yaranıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, Heydər Əliyev prospekti, Babək prospekti, Ziya Bünyadov prospekti, Bakı-Sumqayıt şosesi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi, Alı Mustafayev küçəsi və digər istiqamətlərdə nəqliyyatın hərəkəti çətinləşib.

Bu vəziyyət sosial şəbəkələrdə də narazılıqlara səbəb olub. Paylaşılan görüntülərdə insanlar saatlarla tıxacda qaldıqlarını, bəzi istiqamətlərdə avtomobillərin demək olar ki, hərəkət etmədiyini bildirirlər. Xüsusilə Bakı-Sumqayıt şosesində yaranan sıxlıqla bağlı videolar diqqət çəkir. Sərnişinlərin paylaşdığı görüntülərdə yolun uzun müddət açılmadığı, bəzi sürücülərin isə avtomobillərini saxlayaraq gözlədiyi görünür.

Avtobuslarla bağlı paylaşımlarda da sıxlıqdan şikayət edilir. Sərnişinlər bəzi istiqamətlərdə avtobusların gecikdiyini və nəqliyyat vasitələrinin həddindən artıq dolu olduğunu bildirirlər. Bu isə metro stansiyalarının bağlanması və məktəblərin açılması fonunda ictimai nəqliyyata tələbatın artması ilə bağlı suallar yaradır.

Bakıda nəqliyyat sıxlığının səbəbləri sırasında avtobusların sayının şəhərin əhalisinə nisbətən az olması da göstərilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, hazırda paytaxtda 2530 avtobus xəttə çıxır. Rəsmi rəqəmlərə əsasən, Bakıda 2,3 milyon insan yaşayır. Bu göstəricilərə görə, şəhərdə hər 1000 nəfərə təxminən 1,1 avtobus düşür. Müstəqil ekspertlər isə paytaxt əhalisinin rəsmi rəqəmdən daha çox olduğunu deyirlər.

Nəqliyyat eksperti Elməddin Məmmədli hesab edir ki, AYNA-nın açıqladığı avtobus sayı hələ də tələbatı ödəməyə kifayət etmir. Onun sözlərinə görə, Bakıda tıxacların bir neçə səbəbi var. Regionlardan paytaxta gələnlərin sayının artması, ictimai nəqliyyatın vəziyyəti və şəhər yollarının artan nəqliyyat yükünü qarşılamaması bu səbəblər arasındadır.

“Bu qədər yüklənmə ciddi problemlər yaradır. Metroda da texniki problemlər baş verir. Məsələn, qatar 40 dəqiqə tuneldə qala bilir. Köhnə avadanlıqlar, vaqonlar və qatarlar hələ də istifadə olunur. Bu gün Bakı üçün ən azı 2800 avtobus olmalıdır. Hazırda avtobusların sayı 2300-ə çatıb. Oktyabr ayına qədər bu sayın 2500-ə yüksələcəyi gözlənilir. Yeni avtobuslar gəldikcə köhnə avtobuslar xətlərdən çıxarılır. İctimai nəqliyyatın vəziyyəti yaxşı olmadığından insanlar şəxsi avtomobillərdən daha çox istifadə etməyə başlayıblar. Bu da şəhərin yollarına əlavə yük yaradır və yollar artan nəqliyyatın öhdəsindən gələ bilmir”.

Azərbaycan hökuməti Bakının nəqliyyat probleminin həlli ilə bağlı bir sıra layihələr həyata keçirir. Nəqliyyat eksperti Rauf Ağa Mirzəyev isə hesab edir ki, nəzərdə tutulan layihələrin icrası şəhərdəki nəqliyyat vəziyyətinə təsir göstərə bilər.

“Ümumiyyətlə, şəhərdəki axınlar bir-birinə qarışıb. Bunu aradan qaldırmaq üçün müvafiq olaraq Dövlət Proqramı təsdiq olunub. Fərqli nəqliyyat növləri üzrə burada həm radial-dairəvi yolların, həm əlaqələndirici yolların tikintisi, metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu şəbəkəsinin genişləndirilməsi, qatar sayının artırılması, daşınan sərnişin sayının bugünkü 40 mindən 200 minə çatdırılması, tramvayın şəhərə qaytarılması, avtobus parkının 2800-ə qədər çatdırılması, piyada infrastrukturu və digər layihələr nəzərdə tutulub. Mərhələ ilə onların artıq icrasını biz müşahidə edirik”.

Nəqliyyat eksperti Elməddin Muradlı da bu layihələrin tıxac probleminin həllinə kömək edə biləcəyini düşünür. Onun fikrincə, bunun üçün layihələr düzgün icra olunmalı və əvvəlki illərdə yol verilən səhvlər təkrarlanmamalıdır. Muradlı deyir ki, əvvəlki illərdə həyata keçirilən və uğursuz hesab etdiyi yol layihələrinə dövlət büdcəsindən milyonlarla vəsait xərclənib. Onun sözlərinə görə, yeni layihələrin icrasında əvvəlki səhvlərin təkrarlanmaması vacibdir.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə yazıb ki, tıxac probleminin həlli üçün yalnız qısamüddətli və səthi tədbirlər kifayət etməyəcək. O, problemin həlli üçün Bakı Böyük Şəhər Bələdiyyəsinin və Şəhər Hökumətinin formalaşdırılmasını təklif edir. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə də Bakı şəhərində tıxacların vətəndaşların gündəlik həyatına ciddi problemlər yaratdığını deyib.

O, sentyabrın 21-də parlamentin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı bildirib ki, tıxac problemini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidirlər.

Deputat özü də tıxac səbəbindən iclasa gecikdiyini bildirib.

“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidirlər”, -Arzuxan Əlizadə deyib.

Ana səhifəSosialBakı tıxac içində; İnsanlar saatlarla yolda qalır