Direktor 63 yaşlı müəllimin sinfini əlindən alıb: “Cavan müəllim istəyirik” 

Source: Meydan TV

63 yaşlı Elmira Məmmədova Xəzər rayonu 181 nömrəli tam orta məktəbin müdiri Təhmasib Məmiyevdən şikayətçidir.

Elmira Məmmədova deyir ki, 40 ilə yaxındır ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. O, 2025-2026-cı dərs ilində sonuncu ibtidai sinfini təhvil verib. Məmmədova bildirir ki, bundan sonra Təhmasib Məmiyev ona yeni sinif verməkdən imtina edib: 

“Bu il başqa müəllim gətirildi və əlində əsas olaraq göstərildi ki, bəs sizin yaşınız buna yol vermir, təqaüdə çıxmağınıza az müddət qalıb. Ona görə biz sizə üç 3C sinfini verəcəyik. Mən də bu qərarla razılaşdım”, – deyə Məmmədova deyir.

“Deyin ki, biz cavan müəllim istəyirik”

Elmira Məmmədovanın sözlərinə görə, sentyabrın 15-də Təhmasib Məmiyev “Whatsapp” qrupunda səsli mesaj göndərərək onu 3C sinfinə çağırıb. Məmmədova dərsə başlayacağını düşünsə də, başqa mənzərə ilə qarşılaşıb:

“Şagirdləri qarşılamaq üçün sinfə gedirdim. Sonradan bildim ki, Təhmasib Məmiyev sinfin valideynlərini yığıb, telefonlarını əlindən alıb, məndən imtina etmələri üçün ərizə yazmağa məcbur edib. Onlardan ərizə yazaraq cavan müəllim istədiklərini yazmaqlarını tələb edib. Mənim nəvəm də o sinifdə oxuyur və valideynlər arasında gəlinim də olub”.

“Kimə istəyirsiniz şikayət edin, mənə heç nə edə bilmərsiniz”

Məmmədova deyir ki, gəlini də ərizə yazmağa məcbur edilib. Lakin o buna etiraz edib. Buna baxmayaraq Məmmədovanın əlindən sinif alınıb. 

“Artıq intihar etmək istəyirəm. Bu qədər qanunsuzluq qarşısında Təhmasib Məmiyev deyir ki, kimə deyirsən de, nə istəyirsən elə, mənim arxamda güclü adam dayanıb, heç kim ona bata bilməz”.

Elmira Məmmədova deyir ki, bununla bağlı Həmkarlar İttifaqına, Bakı Şəhər Baş Təhsil İdarəsinə müraciət etsə cavab ala bilməyib. 

Qanunvericilik nə deyir?

Mövcud qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, “Əmək pensiyaları haqqında” qanunun  7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla müəyyənləşdirilir və 2026-cı il və sonrakı dövrdə qadınlar üçün yaş həddi 65 müəyyən edilmişdir.

Meydan TV məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışsa da, cəhdlərimiz nəticəsiz qalıb.

Ana səhifəSosialDirektor 63 yaşlı müəllimin sinfini əlindən alıb: “Cavan müəllim istəyirik”