İspaniya mediası: Mehriban Əliyeva qızı ilə İbizaya hökumət təyyarəsi ilə gələrək tətil edib

Mehriban Əliyeva İbiza adasında dincəlib – Foto: lavozdeibiza.com
İspaniya mediası yazır ki, Azərbaycanın birinci vitse-prezidenti istirahət və əyləncə məkanlarının çoxluğu ilə tanınan İbiza adasında bir həftə qalıb, onu qızlarından biri və təxminən 30 nəfərlik heyət müşayiət edib

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sentyabrın 9-dan 15-dək İspaniyanın İbiza adasında istirahət etdiyi bildirilir.

Bu barədə İbizanın yerli “La Voz de Ibiza” nəşri sentyabrın 16-da məlumat yayıb. Nəşrin yazdığına görə, Mehriban Əliyeva səfərə qızlarından biri ilə gedib. Onları müşavirlər və təhlükəsizlik əməkdaşlarından ibarət təxminən 30 nəfərlik heyət müşayiət edib.

Məqalədə Mehriban Əliyevanın İbizadakı Sabina Estates yaşayış kompleksində qaldığı bildirilir. Nəşrin məlumatına görə, səfər zamanı nümayəndə heyəti Cala BassaCasa Maca kimi məkanlarda da olub.

“La Voz de Ibiza” Mehriban Əliyeva ilə səfər edən şəxsin onun iki qızından biri olduğunu yazsa da, bunun Leyla Əliyeva, yoxsa Arzu Əliyeva olduğunu açıqlamayıb. Nəşr həmçinin həmin şəxsin dostları ilə İbizanın gecə məkanlarına getdiyini iddia edir. Bu detalların hansı mənbələr əsasında təsdiqləndiyi məqalədə göstərilmir.

Hökumət təyyarəsi bir həftə İbizada qalıb

Səfərlə bağlı diqqət çəkən əsas məqamlardan biri Azərbaycan hökumətinə məxsus təyyarənin İbiza hava limanında görünməsi olub.

Nəşr yazır ki, nümayəndə heyəti adaya 4K-AI08 qeydiyyat nişanlı “Airbus A340-642ACJ” təyyarəsi ilə gəlib. Təyyarə Mehriban Əliyevanın İbizada olduğu bildirilən müddət ərzində, təxminən bir həftə hava limanında dayanıb.

Nəşrin məlumatına görə, təyyarə sentyabrın 15-də səhər saat 08:15-də İbizadan Bakıya yola düşüb.

A340-600 seriyalı təyyarələrin uzunluğu 75 metrdən çoxdur. İspan mediası təyyarəni dəbdəbəli VIP hava nəqliyyatı kimi təsvir edir və onun dəyərinin on milyonlarla avro olduğunu yazır. 

Səfərin xərcləri açıqlanmır

Nəşr Mehriban Əliyevanın İbizadakı səfərinin şəxsi istirahət olduğunu bildirir. Ancaq hökumət təyyarəsinin istifadəsi, onun bir həftə hava limanında saxlanılması, təhlükəsizlik və müşayiət heyətinin xərclərinin hansı vəsait hesabına ödənildiyi barədə məlumat vermir.

Azərbaycan hökumətinin rəsmi səhifəsinə görə, Mehriban Əliyeva 21 fevral 2017-ci ildən Azərbaycan Respublikasının birinci vitse-prezidentidir.

Məlumata görə səfərin dövlət proqramı çərçivəsində keçirildiyinə dair hər hansı rəsmi görüş və ya tədbirdən bəhs edilmir.

Məqalə dərc edilənədək Azərbaycan Prezidentinin rəsmi saytında Mehriban Əliyevanın 9-15 sentyabr tarixlərində İbizaya səfəri barədə məlumat göstərilməyib.

Ana səhifəXəbərlərİspaniya mediası: Mehriban Əliyeva qızı ilə İbizaya hökumət təyyarəsi ilə gələrək tətil edib