Şəkidə heyvan bazarı bir ildir bağlıdır, sakinlər, fermerlər, qəssablar narazıdır

Source: Meydan TV

Şəkidə “Göl yol” kimi adlanan ərazidə yerləşən heyvan bazarı bir ildir bağlıdır. Meydan TV-yə danışan Şəki sakinləri deyirlər ki, bazarın bağlanması rayonun 68 kəndində heyvandarlıqla məşğul olan insanların heyvan satmasını çətinləşdirib.

Onların sözlərinə görə, heyvanını satmaq istəyən kəndli ya başqa rayonlara getməli, ya da alıcıya daha aşağı qiymətə satmağa razı olmalıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci il oktyabrın 25-dən ölkə üzrə heyvan bazarlarının fəaliyyətini məhdudlaşdırıb. Qurum bunu yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və baytarlıq nəzarətinin gücləndirilməsi ilə izah edib. AQTA bildirib ki, bazarlarda lazımi baytarlıq və təhlükəsizlik şəraiti yaradıldıqdan sonra onların fəaliyyəti bərpa olunacaq.

“Başqa rayona aparmağa imkanımız yoxdur”

Şəki sakini Elşən Məmmədov deyir ki, “Göl yolu”ndakı bazardan təkcə şəhər sakinləri yox, ətraf kəndlərdə yaşayan heyvandarlıqla məşğul olan insanlar da istifadə edirdi.

“Buraya Oğuzdan da, Bərdədən də heyvan gətirirdilər. Şəkinin kəndlərindən də hamı heyvanını buraya çıxarırdı. İndi bazar bağlıdır, adam bilmir heyvanını harada satsın”, – deyir.

Onun sözlərinə görə, başqa rayonlardakı bazarlara getmək kəndli üçün əlavə xərcdir:

“Bərdəyə heyvan aparmaq üçün maşın tutmalısan. Heyvanı yükləyirsən, gecə yola çıxırsan. Yol uzaqdır. Hər kəndlinin buna imkanı çatmır. Ona görə də bəziləri heyvanını həyətində satır, bəziləri sosial şəbəkədə elan verir”.

Sakin deyir ki, bazarın bağlı olması alıcıların da işini çətinləşdirib:

“Bazar olanda alıcı bilirdi ki, gedib orada heyvan tapacaq. İndi kənd-kənd gəzməlidir. Bu da qiymətə təsir edir”.

“Mal bazarı olmayanda işimiz dayanır”

Fermer Rauf Əliyev deyir ki, bazarın bağlanması onun işinə birbaşa təsir edib.

“Alqı-satqı ilə məşğulam. Özüm də ətlik heyvan bəsləyirəm. İndi nə sata, nə də ala bilirəm. Bazar yoxdur, satacağım heyvanları haradan alım? Ardıcıl olaraq alıb-satıram, bu işlə məşğulam. Mal bazarının olmaması bizim işimizə pis təsir edir”, – fermer deyir.

Digər fermer Namiq Həsənov da vəziyyətdən narazıdır:

“Heyvan bazarlarının fəaliyyətini dayandırması biz fermerlərin işini çox çətinləşdirib. Kökəltdiyimiz heyvanı satmaq və ya yeni heyvan almaq istədikdə Şəkidən kənardakı bazarlara getməyə məcbur oluruq. Biz də bazarın yenidən qurularaq fəaliyyətə başlamasını xahiş edirik”.

Vəziyyətdən qəssablar da əziyyət çəkir

Qəssab Vüqar İsmayılov bildirir ki, bazarın bağlanması kəsim üçün heyvan tapmağı da çətinləşdirib:

“Bayaq mal bazarından heyvanı alıb gətirib kəsirdik. İndi isə kəndlərə düşürük, maşına, kəsim məntəqəsinə əlavə xərc çəkirik. Qazancımız qalmır”.

Digər qəssab Tural Quliyev isə heyvan almaq üçün Bərdəyə getdiklərini bildirir:

“Düzdür, kəndlərdən, evlərdən də alırıq, amma mal bazarı işləyəndə hamı gəlirdi, heyvan alırdı. Neçə-neçə ailə bununla dolanırdı, alıb-satırdı. Ot gətirən, heyvan gətirən çörək qazanırdı. İndi bazar bağlıdır, çətinliyimiz var, kənardan gedib heyvan alırıq”.

Sakinlərin sözlərinə görə, onlara bildirilib ki, bazarda AQTA-nın tələblərinə uyğun şərait yaradıldıqdan sonra fəaliyyət bərpa olunacaq. Amma bazarın bağlanmasından təxminən bir il keçməsinə baxmayaraq, sakinlər ərazidə hər hansı iş görüldüyünü görmədiklərini deyirlər.

Meydan TV bazarın fəaliyyətinin nə vaxt bərpa olunacağı və ərazidə hansı işlərin görüldüyü ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə və AQTA-ya müraciət edib. Həmçinin bazarın sahibi və ya fəaliyyətinə cavabdeh olan şəxsin kim olduğu, bazarın yenidən açılması üçün hansı işlərin görülməsinin planlaşdırıldığı soruşulub.

Meydan TV-nin cəhdlərinə baxmayaraq qurumlardan cavab almaq mümkün olmayıb.

AQTA sentyabrın 18-də fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayının 22-yə çatdığını açıqlayıb, siyahıda Şəkidəki bazarın adı yoxdur.

Ana səhifəSosialŞəkidə heyvan bazarı bir ildir bağlıdır, sakinlər, fermerlər, qəssablar narazıdır