Gələn il dövlət büdcəsində nələr gözlənilir?

Foto: TippaPatt\shutterstock

2027-ci ilin dövlət büdcəsində neft-qaz sektorundan gəlirlərdə nəzərəçarpacaq azalma proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin 2027-ci ilin dövlət büdcəsinə dair açıqladığı ilkin göstəricilərə əsasən, gələn il dövlət büdcəsi gəlirlərinin 39,5 faizinin neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. 2026-cı ildə neft-qaz sektorundan 16 milyard 435 milyon manat gəlir proqnozlaşdırıldığı halda, 2027-ci ildə bu göstəricinin 15 milyard 480 milyon manat təşkil edəcəyi gözlənilir. Bu isə enerji sektorundan birbaşa daxilolmaların 5,8 faiz və ya 955 milyon manat azalması deməkdir.

Azalma əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin aşağı salınması hesabına baş verəcək. Belə ki, gələn il büdcəyə Dövlət Neft Fondundan 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiq edilmiş büdcə göstəricisi ilə müqayisədə 7,3 faiz və ya 935 milyon manat azdır.

Bununla yanaşı, dövlət büdcəsi gəlirlərinin 30 faizi məhz Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq.

Hökumət gələn ilin dövlət büdcəsi gəlirlərinin hesablanmasında neftin bir barelinin qiymətini 65 dollar götürüb. Bu göstərici 2026-cı il üçün müəyyən edilmiş qiymətlə eynidir.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 2027-ci ildə qeyri-neft-qaz sektorundan 23 milyard 754 milyon manat gəlir proqnozlaşdırılır. Hökumət qeyri-neft-qaz sektorundan daxilolmalarda 7,13 faizlik artım nəzərdə tutub.

Büdcə cəmi 1,6 faiz böyüyəcək

2027-ci il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat olacağı gözlənilir. Bu, cari ilin büdcəsi ilə müqayisədə 625 milyon manat və ya 1,6 faiz artım deməkdir.

Dövlət büdcəsinin xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur.

Büdcəyə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 18 milyard 430 milyon manat təşkil edəcəyi nəzərdə tutulur. Bu istiqamətdə daxilolmaların 1 milyard 520 milyon manat və ya 9 faiz artacağı gözlənilir. Artımın böyük hissəsinin fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların artımı hesabına təmin ediləcəyi görünür.

Hökumət 2027-ci ildə fiziki şəxslərin gəlir vergisi üzrə 29 faiz və ya 690 milyon manatlıq artım proqnozlaşdırır. 2026-cı ildə fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin mərhələli şəkildə ləğv edilməsi nəticəsində gələn il bu vergi üzrə 3 milyard 70 milyon manat məbləğində daxilolma gözlənilir.

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların isə 2026-cı ilin proqnoz büdcəsi ilə müqayisədə 403 milyon manat və ya 6,21 faiz artacağı nəzərdə tutulub. Belə ki, ilkin göstəricilərdə mənfəət vergisi üzrə daxilolmaların 6 milyard 983 milyon manat olacağı qeyd edilir.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 6 milyard 865 milyon manat olacağı proqnozlaşdırılır. Bu istiqamətdə çox cüzi, cəmi 3 milyon manatlıq artım gözlənilir.

2026-cı ilin birinci yarısında dövlət büdcəsinin icrasına dair göstəricilərdə Gömrük Komitəsi üzrə proqnozlaşdırılan daxilolmaların, habelə büdcə xərclərinin tam icra olunmadığı görünür.

2027-ci ilin dövlət büdcəsinin xərclərinə gəlincə isə, cari xərclərin 4,7 faiz artacağı, investisiya xərclərinin isə 1,7 faiz azalacağı gözlənilir. Belə ki, cari xərclərin 26,4 milyard manat, əsaslı xərclərin isə 13,8 milyard manat təşkil edəcəyi nəzərdə tutulub.

2027-ci ildə dövlət büdcəsinin kəsirinin isə 3 milyard 166 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Kəsirin 2 milyard 751 milyon manatının borclanma hesabına, qalan hissəsinin isə vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına maliyyələşdiriləcəyi vurğulanır.

Ümumilikdə, Maliyyə Nazirliyinin 2026–2030-cu illər üzrə büdcə proqnozlarına əsasən, hökumət növbəti dörd ildə neft-qaz gəlirlərinin 25,5 faiz azalacağını hesablayıb.

Eyni zamanda, dövlət borcuna xidmət xərclərinin də 2026-cı ildəki 2,46 milyard manatdan 2030-cu ildə 3 milyard manata yüksələcəyi gözlənilir.

İqtisadçılar isə Azərbaycan hökumətinin növbəti dörd il üçün büdcə proqnozlarının bədbin xarakter daşıdığını düşünürlər. Onların fikrincə, 2026–2030-cu illər ərzində ümumi büdcə gəlirlərinin cəmi 5,1 faiz artması fonunda büdcə kəsiri 3,7 milyard manata qədər çatacaq.

Ana səhifəİqtisadiyyatGələn il dövlət büdcəsində nələr gözlənilir?