“Sea Breeze”dəki tikintidə fəhlənin üçüncü mərtəbədən yıxılaraq öldüyü deyilir

Fotonun mənbəyi: Sea Breeze Real Estate Youtube hesabından Screenshot

Nardaranda yerləşən “Sea Breeze” istirahət kompleksinin tikintisində çalışan fəhlənin üçüncü mərtəbədən yıxılaraq həyatını itirdiyi bildirilir.

Bu barədə Meydan TV-yə ictimai fəal Ələmdar Bünyadov məlumat verib.

Onun sözlərinə görə, Sabirabad sakini, 40 yaşlı Cəmil Seyfiyev sentyabrın 15-də tikinti ərazisində işləyərkən üçüncü mərtəbədən yıxılıb. Hadisə zamanı onu görən olmayıb. Meyit sentyabrın 16-da səhər işə gələn digər fəhlələr tərəfindən aşkarlanıb.

Ələmdar Bünyadov deyib ki, hadisə barədə məlumatı mərhumun yaxınlarından alıb. Onun sözlərinə görə, fəhlələr hadisədən sonra aidiyyəti qurumlara məlumat verib, əraziyə təcili tibbi yardım əməkdaşları, müfəttişlik nümayəndələri və şirkətin əməkdaşları gəlib.

İctimai fəalın iddiasına görə, hadisə yerində şirkət nümayəndələrindən biri məsələnin ictimailəşdirilməməsini istəyib və bunu edən şəxslərin işdən çıxarıla və ya barələrində cinayət işi başlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bünyadov “Sea Breeze” layihəsində daha əvvəl də ölümlə nəticələnən bədbəxt hadisələrin baş verdiyini iddia edib. O, bəzi hallarda ölən şəxslərin yaxınlarına kompensasiya xarakterli ödənişlər verildiyini və hadisələrin araşdırılmadan ört-basdır edildiyini bildirib.

Ələmdar Bünyadov hadisənin iş təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqəli ola biləcəyini ehtimal edir. Onun sözlərinə görə, tikintidə təhlükəsizlik tədbirlərinə əməl olunması ilə bağlı ciddi suallar var.

Meydan TV deyilənlərlə bağlı “Sea Breeze”dən və Daxili İşlər Nazirliyindən münasibət öyrənməyə çalışsa da, zənglərə cavab verilməyib.

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət-kurort kompleksinin sahibi prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovdur.  

Ana səhifəSosial“Sea Breeze”dəki tikintidə fəhlənin üçüncü mərtəbədən yıxılaraq öldüyü deyilir