ABŞ və Böyük Britaniyadakı açıq reyestr məlumatları AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərovanın Nyu-Yorkun Çelsi rayonunda 7,5 milyon dollarlıq kommersiya əmlakı almasını təsdiqləyir.
Bu barədə ilk dəfə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Söhbət Manhettenin incəsənət qalereyalarının cəmləşdiyi Çelsi rayonunda, 545 West 25th Street ünvanındakı “Chelsea Arts Tower” binasının birinci və ikinci mərtəbələrindən gedir.
Daşınmaz əmlak əməliyyatlarını izləyən “PincusCo” portalı 10 iyul 2026-cı ildə dərc etdiyi məlumatda “Gazelli Art House” şirkətinin “MRCRI Prop LLC” adlı şirkət vasitəsilə binadakı iki ayrıca kommersiya sahəsini 7,5 milyon dollara alıb. Satıcı “Marlborough Gallery” ilə əlaqəli tərəf olub.
Əməliyyat barədə məlumatı satıcı tərəfi təmsil edən daşınmaz əmlak şirkəti “Brown Harris Stevens” də təsdiqləyib. Şirkət iyulun 7-də açıqlayıb ki, “Marlborough Gallery”nin keçmiş Nyu-York məkanı 7,5 milyon dollara “Gazelli Art House”a satılıb. Əmlak əvvəllər 10,9 milyon dollara satışa çıxarılmışdı.
Nyu-Yorkda məhdud məsuliyyətli şirkətlərin reyestrində şirkət sahiblərinin adları hər zaman ictimaiyyət üçün açıq olmur. Buna görə “MRCRI Prop LLC”-nin üzvlərinin siyahısından Mila Əsgərovanın adını birbaşa görmək mümkün deyil.
Ancaq başqa sənədlər bu şirkəti Əsgərovanın biznesinə bağlayan zənciri göstərir.
“PincusCo” alqı-satqını açıq şəkildə “Gazelli Art House through the entity MRCRI Prop LLC” – yəni “Gazelli Art House şirkəti MRCRI Prop LLC şirkəti vasitəsilə” həyata keçirib kimi qeyd edir.
“Gazelli Art House”un kimə məxsus olması isə Böyük Britaniyanın dövlət şirkət reyestrində açıq görünür.
“Companies House” portalının məlumatlarına görə, Məlahət Əsgərova 2010-cu ildən “MRCR Art Limited” şirkətinin direktorudur. Reyestr onu şirkətdə 75 faizdən çox səhmə və səs hüququna malik, eləcə də direktorları təyin və vəzifədən azad etmək hüququ olan şəxs kimi göstərir.
“MRCR Art Limited”-in əvvəlki adı da “Gazelli Art House Limited” olub.
2021-ci ildə ayrıca yaradılan indiki “Gazelli Art House Limited” şirkətinin də əsas nəzarətçisi “MRCR Art Limited”-dir. Məlahət Əsgərova isə “Gazelli Art House Limited”in yeganə direktorudur.
Əmlak artıq “Gazelli Art House”un Nyu-York ünvanıdır
Əmlakın məhz Əsgərovanın qalereya biznesi üçün alınması da artıq ehtimal deyil.
“Gazelli Art House”un rəsmi saytında şirkətin Nyu-York ünvanı 545 West 25th Street, New York göstərilir.
“Chelsea Arts Tower”un rəsmi siyahısında da binanın birinci və ikinci mərtəbələrində hazırda “Gazelli Art House”un yerləşdiyi qeyd olunur. Qalereya sentyabrda burada ilk daimi ABŞ məkanını açmağa hazırlaşır.
Mila Əsgərova “Gazelli Art House”u 2010-cu ildə yaradıb. Qalereyanın Londonda və Bakıda da məkanları var.
Cahangir Əsgərov 1996-cı ildən Azərbaycan dövlət aviaşirkətinə rəhbərlik edib. O, 1 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə AZAL prezidenti vəzifəsindən azad olunub. Cahangir Əsgərov həyat yoldaşı, Mila Əsgərovanın isə anası Zərifə Həmzəyeva da uzun illər ailənin bizneslərində əsas fiqurlardan biri olub. O, əvvəl “Bank Silk Way”, 2018-ci ildən isə “Premium Bank” adı ilə fəaliyyət göstərən bankın 84,5 faizlik payla əsas səhmdarı idi.
Həmzəyeva eyni zamanda Azərbaycanda kosmetik məhsullar istehsal edən “Gazelli Group”un təsisçisi və prezidenti olub. Şirkətin rəsmi saytında da “Gazelli Group”un onun təşəbbüsü ilə yaradıldığı göstərilir. Zərifə Həmzəyeva 17 yanvar 2025-ci ildə vəfat etdikdən sonra “Premium Bank”dakı səhmləri bankın nizamnaməsinə uyğun olaraq həyat yoldaşı Cahangir Əsgərova keçib. Bankın məlumatına görə, Həmzəyevanın vəfatına qədər onun payı 84,5 faiz təşkil edib.