Sentyabrın 17-də Ali Məhkəmədə hazırda həbsdə olan siyasi fəal Samir Aşurovun kasassiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Vidadi Cəfərov sədrlik edib.
Hüquq müdafiəçisi Zəfər Əhmədov Toplum TV-yə bildirib ki, şikayət Aşurovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı olub.
Məhkəmə şikayəti təmin etməyib və Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Bu proses tarixi rekord oldu. Mənim təcrübəmdə 6-7 dəqiqəlik proseslər olmuşdu. Lakin bugünkü proses 2 dəqiqə çəkmədi. Məhkəmədə dövlət ittihamçısı belə iştirak etmirdi”, – deyə hüquq müdafiəçisi qeyd edib.
İyulun 9-da Apellyasiya Məhkəməsində Samir Aşurovun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı məhkəmə prosesi keçirilib.
Məhkəmə siyasi fəalin müraciətini təmin etməyib.
Siyasi mühacir Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb.
O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.
2024-cü il iyulun 21-də Samir Aşurova qarşı silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülüb.
2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.