Əliyev Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb, müsəlman ölkələrini birliyə çağırıb

İlham Əliyev. Mənbə: president.az

“Jamnews”un materialı

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Bakıda müsəlman dini qurumlarının və beynəlxalq konfransların nümayəndələri ilə görüşdə Avropa institutlarını qərəzlilikdə ittiham edib. O, Ermənistanla sülh prosesinin davam etdiyini bildirib, eyni zamanda Azərbaycanın hərbi gücünü artıracağını vurğulayıb.

Görüşdə Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələri iştirak ediblər.

Avropa institutlarına ittihamlar

Əliyev Avropa Şurasını və Avropa Parlamentini Ermənistanı dəstəkləməkdə, Azərbaycana münasibətdə isə ikili standartlar tətbiq etməkdə günahlandırıb. O, Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb.

“Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti.

Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır.

Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.

Prezident Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağ üzərində tam nəzarəti bərpa etməsi ilə sonradan Azərbaycan nümayəndə heyətinə qarşı qəbul olunan qərar arasında əlaqə qurub. Onun təqdimatına görə, həmin qərar Bakının hərbi əməliyyatına cavab olub.

Söhbət Avropa Şurası Parlament Assambleyasının – AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsindən gedir. Bu qurum Avropa İttifaqının institutu olan Avropa Parlamentindən ayrıdır.

AŞPA-nın qərarına əsas olan hesabatda isə daha geniş səbəblər göstərilirdi: insan hüquqları ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi, siyasi məhbuslara dair məlumatlar, müstəqil jurnalistlərin həbsi, monitorinqə maneələr və prezident seçkisini izləmək üçün dəvətin göndərilməməsi. Sənəddə Qarabağdakı hərbi əməliyyat və erməni əhalinin bölgəni tərk etməsi də qeyd olunurdu.

Sülh prosesi və hərbi güc

Əliyev Ermənistanla sülh prosesinin uzunmüddətli olacağına ümid etdiyini bildirib. Bununla yanaşı, keçmiş müharibənin və dağıntıların unudulmayacağını, Azərbaycanın təhlükəsizlik məsələlərində ayıq qalacağını deyib.

Prezident hərbi gücü ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatlarından biri kimi təqdim edib. Onun fikrincə, beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxması Azərbaycanın da müdafiə imkanlarını artırmasını zəruri edir.

Görüşdə regional münaqişələrin genişlənməsinə də toxunulub. Əliyev Türk dünyasında və Qafqazda sülhün qorunması üçün birgə səylərin vacibliyini vurğulayıb.

Dini həmrəylik çağırışı

Əliyev İslam dünyasına qarşı elan olunmamış müharibə aparıldığını iddia edib və islamofobiyanı bunun tərkib hissəsi adlandırıb. O, müsəlman ölkələrinin həmrəyliyini bu təzyiqlərə qarşı əsas cavab kimi göstərib.

“Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil.

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın.

Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır.

Mən bizim görüşümüzün çərçivələrini bir qədər genişləndirdim, yəni sadəcə olaraq, öz fikirlərimi sübutlarla əsaslandırmaq üçün. Yəni bir daha bu əsas mesaj odur ki, biz hamımız birliyə çalışmalıyıq. Yenə də deyirəm, din xadimlərinin sözləri bütün müsəlman ölkələri üçün xüsusi məna daşıyır”.

Prezident gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün keçiriləcəyini də bildirib. Dini liderləri icmalar daxilində sülhə və əməkdaşlığa dəstək verməyə çağırıb.

Ana səhifəXəbərlərƏliyev Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb, müsəlman ölkələrini birliyə çağırıb