“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) 1 saylı Bakı İstintaq Təcridxanasından yazır. Yazını olduğu kimi təqdim edirik:
Bakı İstintaq Təcridxanası ilə bağlı sonuncu yazımda dustaqlar üçün dövlət tərəfindən ayrılan yeməyin ümumi keyfiyyətindən yazmışdım. Normalda bu tip yazılar dərc olunandan sonra müəssisə rəhbərliyi simvolik də olsa, qəbul edir, heç bir dəyişiklik olmasa da, dərdini dinləyir. Bu dəfə heç ona da tənəzzül etmədilər. Bir dənə stolüstü sərinkeş göndəriblər ki, yazı qələmə alanda isti fikrimi yayındırmasın. Yeməyin keyfiyyətində isə ümumiyyətlə heç bir dəyişiklik yoxdur.
Bu yazımda Qida Təhlükəsizliyi Agentliyinə və Ombudsman Aparatına müraciət etmək istəyirəm. Həyatınızın bir gününü biz “qara məhbuslara” ayırın, gəlin, dövlətin bizim üçün ayırdığı yeməyin keyfiyyəti ilə yaxından tanış olun. Bir qaşıq yeməyi bacarsanız, mənə kifayətdir.
Ombudsman əməkdaşlarının insanın öz iradəsi ilə tərk edə bilmədiyi istənilən yerə girmək ixtiyarı var. Üstəlik, bunun üçün kiməsə əvvəlcədən məlumat vermələrinə də ehtiyac yoxdur. Belə geniş səlahiyyətləri olan dövlət qurumunun əməkdaşları dustaqların yaşayış şəraiti ilə tanış olmağa heç tənəzzül belə etmirlər. İnzibati binada dustaqları “xala xətri qalmasın” deyə qəbul edib həyatlarına davam edirlər. Azərbaycan dövləti beynəlxalq öhdəlik götürüb ki, hətta hərbi əsirləri belə keyfiyyətli qida ilə təmin etsin. Buna baxmayaraq, öz vətəndaşı olan məhkumları belə doyurmaqdan acizdir.
Axı nəyə görə bu ölkədə hakim zümrə balıq kürüsü yeyir, dustaqlar isə iylənmiş ət? Dustaqlar da bu ölkənin vətəndaşlarıdır, nə zamansa hərbi xidmətə gediblər, vergi ödəyiblər. İnsanın etdiyi səhvə görə azadlığını məhdudlaşdırmaq olar, ləyaqətini alçaltmaq nəyə gərəkdir? Keyfiyyətli qidalanma və qidanın keyfiyyətinə nəzarət dövlətin birbaşa öhdəliyidir.
Nurlan Libre