Hafiz Həsənov 3 il sınaq müddəti olmaqla 8 il müddətinə azadlıqdan məhrum edilib

Hafiz Həsənov – Foto: VOA

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən Hafiz Həsənovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Həsənova hökm oxunub.

Belə ki, məhkəmənin qərarı ilə Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Bundan əvvəlki prosesdə dövlət ittihamçışı çıxış edib və Həsənovun 5 il sınaq müddəti seçilməkə şərti olaraq 9 il müddətinə azadıqdan məhrum edilməsini tələb etmişdi.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bağlı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub. O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. 2025-ci il martın 17-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. 

Ana səhifəSiyasi işlərHafiz Həsənov 3 il sınaq müddəti olmaqla 8 il müddətinə azadlıqdan məhrum edilib