6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Rail Abbasov həbsinin üçüncü ildönümü ilə bağlı ictimaiyyətə müraciət edib.
O, müraciətində həbsinin dostu, ictimai fəal Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etməsi ilə bağlı olduğunu bildirib.
Abbasov qeyd edib ki, Bəxtiyar Hacıyevin təşəbbüsü ilə keçirilən bir sıra ictimai aksiyalarda iştirak edib. Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı könüllülərlə birlikdə orduya yardım toplanmasında iştirak edib. Abbasov toplanan yardımların hərbçilərə çatdırılmasına da kömək edib.
Ictimai fəal bildirib ki, Bəxtiyar Hacıyev həbs olunduqdan sonra onun hüquqlarının müdafiəsi üçün yaradılan komitədə fəal çalışıb.
“Bəxtiyar Hacıyevin həbsindən 9 ay sonra məni də həbs etdilər. Görünür, bu fəaliyyətim Bəxtiyar Hacıyevin həbsinə qərar verənləri narahat edib”, – deyə Abbasov müraciətində yazıb.
Rail Abbasov 2023-cü il sentyabrın 19-da həbs olunub. O, barəsində açılan cinayət işini qurama, məhkəmənin 6 il 6 ay həbs qərarını isə saxta adlandırıb.
Abbasov müraciətində hakimiyyəti də tənqid edib. O bildirib ki, üç ildir məhkum həyatı yaşayır.
“İrad və tənqidə dözümsüz olan hakimiyyətin qərəzli qərarlarına görə mən 3 ildir ki, məhkum həyatı yaşayıram. Bu hakimiyyət artıq mənim həyatımdan 1000 gündən çox müddəti oğurlayıb”, – deyə müraciətdə qeyd olunub.
İctimai fəal Bəxtiyar Hacıyevin müdafiəsində iştirak etməsinin cinayət sayıla bilməyəcəyini vurğulayıb.
“Dostumu müdafiə etmək, günahsız və haqsız həbs olunan insanın yanında olmaq kriminal əməldirmi?”, – deyə o sual edib.
Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub.
Bəxtiyar Hacıyev isə 2022-ci il dekabrın 9-dan həbsdədir. Ona əvvəlcə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb.
İstintaq zamanı Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə və vergidən yayınma ittihamları da irəli sürülüb.
2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Hacıyevi 10 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirə olunmasına da qərar verib.
Hacıyev ittihamları qəbul etmir. O, həbsini daxili işlər naziri Vilayət Eyvazovu tənqid etməsi ilə əlaqələndirir. Hacıyev nazirin sifarişi ilə həbs olunduğunu iddia edir. Daxili İşlər Nazirliyi isə bu iddianı təkzib edib.