Ülviyyə Əli: Bizim həbsimiz İlham Əliyevin siyasi iradəsidir

Ülviyyə Əli. Foto: Meydan TV

Jurnalist Ülviyyə Əlinin (Quliyeva) məhkəmədəki ifadəsi

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Həmin ifadəni olduğu kimi oxucularımıza təqdim edirik.

“Kameralar hər yerdədir, kimsə bizi izləyir…”

Bu mənim ən sevdiyim etiraz musiqilərindən biridir. Nəqarətin son iki sətrini təkrarlamağa ehtiyac görmürəm, bilən bilir.

Biz həm də bilirik ki, “Böyük Qardaş” öz sifarişli məhkəmələrini elə bu kameralardan izləyir. İzləyərkən özünü təqsirləndirilən şəxs kürsüsündə xəyal edə bilər, çünki bu prosesdə ittihamçı məhz bizik. 

Biz tarixdə ilk dəfə olaraq haqsız yerə ittiham olunanlardan deyilik. Nə qədər ki, dünyada zülm və onun sadiq nökərləri var, bu, belə davam edəcək. Lakin unutmayaq ki, tarix həm də zülmə boyun əyməyənlərin nümunələri ilə zəngindir.

XIX əsrin sonlarında Fransada yəhudi əsilli zabit Alfred Dreyfus casusluqda ittiham olunaraq zindana göndərilir.

Dreyfus hadisəsi təkcə hüquq və ayrı-seçkilik skandalı deyil, başda ədalət mühakiməsi olmaqla, ölkənin bütün qurumlarının təməlini sarsan böyük bir hadisədir. Yazıçı və publisist Emil Zolya bu hadisəyə etiraz edərək Fransanın prezidentinə “Mən ittiham edirəm” adlı məktub ünvanlayır: “Həqiqət torpağın altında basdırıldığı zaman böyüyür və elə bir partlayış gücü qazanır ki, üzə çıxdığı gün hər şeyi özü ilə birlikdə yerlə-yeksan edir”.

Bu məktub Zolyanın həbsi ilə nəticələnsə də, o haqsız deyildi. Ədalət gec-tez bərqərar oldu və 12 il sonra olsa da, Alfred Dreyfus bəraət alır.

Tarix təkərrür edir. Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir.

Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə, heç bir fakta əsaslanmadan günahsız insanları saxta ittihamlarla həbsə atmaqda ittiham edirəm. Mən sizi müstəqil medianı məhv etməyə çalışan vandallar və nəhayət, əsl cinayətkar, mütəşəkkil quldur dəstəsi olmaqda ittiham edirəm.

Mənim ittihamlarım sizinkilər kimi əsassız deyil. İfadəmdən öyrənə bilərsiniz ki, bu cinayətkar, mütəşəkkil quldur dəstəsi məni 1 il 4 aydır necə qanunsuz olaraq həbsdə saxlayır.

Bu gün mənə ünvanlanacaq bütün suallara açığam, lakin xüsusi vurğulayım ki, ifadəmdə artıq cavablandırdığım heç bir suala təkrar cavab verməyəcəyəm. Odur ki, diqqətli dinləməkdə fayda var.

Daxili İşlər Nazirliyinin Prokurorluğa göndərib təsdiqlətdiyi ittiham aktında iddia edilir ki, mən “Meydan TV” əməkdaşları ilə mütəşəkkil dəstə şəklində birləşərək, gömrük sərhədindən və nəzarətdən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə külli miqdarda xarici valyuta olan avro əsginasları keçirmişəm. 

Qısaca xatırladım ki, mən jurnalist fəaliyyətimə 2016-cı ildən başlamışam. 2019-cu ildən bağlanana qədər “Amerikanın Səsi” radiosunun rəsmi işçisi olmuşam. Elə istintaq materiallarında da bu, dəfələrlə qeyd olunub. Bu müddət ərzində Azərbaycandakı insan hüquqları ilə bağlı pozuntuları, sosial bərabərsizliyi, polis özbaşınalığını, qanunsuzluğa məruz qalan bütün sosial qrupların problemlərini, qadın haqları və korrupsiya ilə bağlı məsələləri işıqlandırmışam.

2025-ci ilin fevralında Azərbaycanın Xarici İşlər Nazirliyi “Amerikanın Səsi”nin əməkdaşlarını nazirliyə çağıraraq akkreditasiyalarını ləğv edib. Bu, həmin dövrdə baş vermişdi ki, 30-a yaxın müstəqil jurnalist Azərbaycan dövləti tərəfindən sadəcə peşə fəaliyyətlərini yerinə yetirdikləri üçün şərlənərək saxta ittihamlarla həbs olunmuşdu. Xarici İşlər Nazirliyindən isə xəbərdarlıq belə idi: jurnalistikaya davam edəcəyiniz təqdirdə, həbs olunacaqsınız. Çox təəssüf ki, mart ayında “Amerikanın Səsi” radiosu fəaliyyətini faktiki olaraq dayandırdı və mən işsiz qaldım.

İşsiz qalsam da, jurnalist fəaliyyətimə davam etdim. Həbs olunan həmkarlarımın və digər siyasi məhbusların məhkəmə proseslərini, eləcə də insan hüquqları ilə bağlı problemləri sosial şəbəkə hesablarımdan işıqlandırmağa davam edirdim. Heç bir media qurumundan ödəniş almadan reportaj və xəbərlər hazırlayırdım. Dövlətin qarın ağrısının maliyyə olmadığını, əsl məqsədinin müstəqil medianı tamamilə məhv etmək olduğunu mənim nümunəmdə görə bilərsiniz.

İstintaq 2025-ci ilin yanvar ayında məni şahidi olmadığım saxta cinayət işi ilə bağlı dindirdi və ölkədən çıxışıma qadağa qoydu ki, xəbərdarlıq etsin. Bu, mənim həbsimin ilk siqnalı idi. Azərbaycan dövləti sübut etdi ki, onun dərdi ortada olmayan qaçaqmalçılıq deyil və heç bir yerdən maliyyə almadığım fəaliyyətimə sadəcə 2 ay dözə bildi. Nəticədə may ayında məni saxta ittihamlarla həbs etdi. İttiham aktı, cinayət işi materiallarının hamısı ortadadır, şahid ifadəsi verdiyim tarixdən həbsimə qədərki müddətdə barəmdə hansı yeni sübut ortaya çıxıb ki, mən həbs olunmuşam? Məhz qaçaqmalçılıq etdiyimə dair hansı sübutlar olduğu barədə sualıma nə istintaq dövründə müstəntiq, nə indi dövlət ittihamçısı cavab verə bilir. Və bilirəm ki, heç hakim heyəti də çıxardığı hökmdə bu sualın cavabını verə bilməyəcək.

İndi isə gəlin sizə “qaçaqmalçılıq hekayəmi” sənədləşdirən materialları ən başından açım. Hər şey 6 may tarixli evimdə axtarış – götürülmə aparılmasına icazə verən məhkəmə qərarı ilə başlamışdı…

İstintaq həmin qərar üçün 5 may tarixində vəsatətlə çıxış edib. Hər ikisinə baxdıqdan sonra gördüm ki, mənim qaldığım evdə axtarış keçirilməsinə əsas Aynur Qənbərovanın yaxını olmağım göstərilir. Cinayət-Prosessual Məcəlləsinin 242.1-ci maddəsinə əsasən, əldə edilmiş sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış binasında, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. “Buck Almaniyaya qarşı” (Ərizə № 41604/98) işinin 52-ci paraqrafında qeyd olunur ki, dövlət orqanları sübut etməlidirlər ki, cinayətdə ittiham olunmayan şəxsin mənzilində konkret sübutların tapılacağı ehtimalı olduqca yüksəkdir. Vəsatətdə mənim evimdə axtarış aparılması üçün göstərilən yeganə əsas Aynur Qənbərova ilə yaxın münasibətdə olmağımdır.

Maddənin dispozisiyasındakı “kifayət qədər əsas” hissəsinə isə toxunmuram, çünki sahibliyimdə olan mənzilə girə bilmək üçün tapmalı olduqları o əsasları 7 ay həmin axtarış qərarını legitimləşdirən Xətai Rayon Məhkəməsi ilə axtarıblar, 9 aydır da ki, hazırda işi aparan Bakı Ağır Cinayətlər Məhkəməsi ilə hələ də axtarırlar. Bundan sonra iki instansiyada da axtarsalar, tapacaqları bir şey yoxdur.

Vəsatətdə mənim evimdə pul və ya sənəd olmasını təsdiqləyən heç bir operativ məlumat, izləmə protokolu və ya şahid ifadəsi göstərilmir. Vəsatətdə axtarılan əşyaların siyahısı çox ümumidir: “kompüterlər, sərt disklər, mobil telefonlar, bank kartları, kompakt disklər”. Yəni, “girək, görək nə tapırıq”. Axtarış qərarı həddindən artıq geniş tərtib edildikdə və konkret nəyin axtarıldığı dəqiqləşdirilmədikdə, bu, istintaq orqanına qeyri-məhdud səlahiyyət verir, hətta bu səlahiyyətdən istifadə edərək istintaqın heç bir mərhələsində istifadə etmədikləri şəxsi şəkil və videolarımı da götürüblər, heç indi də geri vermirlər ki, bu da Konvensiyanın 8-ci maddəsinin, “şəxsi həyata hörmət” hüququnun pozuntusunu təşkil edir. Məhkəmə qərarı heç bir filtrasiya etmədən bu geniş siyahını təsdiqləyib. Həmin gün mənim 11-ci sinif məzuniyyət diskimi və mədəmə baxış keçirilməsinə dair diski də götürüblər. Məhkəmə qərarında mənim bu işdəki roluma və ya axtarışın niyə zəruri olduğuna dair fərdi bir cümlə yoxdur.

Hakim bütün işlər üçün istifadə edilən standart şablonu tətbiq edib: “Məhkəmə hesab edir ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən halların aşkar edilməsi, maddi və digər sübutların toplanılması, ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmaqla iş üzrə həqiqətin müəyyən olunması üçün göstərilən istintaq hərəkətinin məcburi aparılmasına dair vəsatət təmin olunmalıdır”.

Evə 7 polis və 2 hal şahidi olmaqla ümumilikdə 9 nəfər daxil olub, lakin protokolda yalnız müstəntiq, 2 polis və 2 hal şahidi qeyd edilib. Dörd nəfər isə “yoxdur”. CPM-nin 247.1.3-cü maddəsi tələb edir ki, axtarışda iştirak edən şəxslər protokolda göstərilsin. Belə başa düşürük ki, onlar axtarışda deyil, istintaqın hələ evə gəlməmiş sübut kimi seçdiyi əşyaların yerləşdirilməsində iştirak ediblər. Protokolda adı olmayan bu 4 polis kimdir? Bu barədə protokola heç bir qeyd düşməyiblər.

Onların otaqlara nəzarətsiz girişi olub. Axtarışın yekunlaşdığı ilk dəfə elan olunarkən, polis əməkdaşlarından biri balkonda, digər ikisi isə yataq otağımızda idi. Müstəntiq Əlibala Hacıyevə “Onlar orada nəsə yerləşdirə bilərlər” dediyimdə, o mənə “Artıq axtarış protokolu yekunlaşıb” deyə cavab verdi. Əgər onların adları rəsmi sənəddə yoxdursa, hüquqi baxımdan onlar “kənar şəxs” sayılırlar. Kənar şəxslərin olduğu mühitdə tapılan sübutlar ən azından “dəlillərin korlanması” prinsipinə görə etibarsız hesab olunmalıdır. Onlardan biri pulu atıb çıxa bilərdi (necə ki, elə də olub) və protokolda adı olmadığı üçün məsuliyyətdən kənarda qalır. Axtarışda 7 polisin iştirak etdiyini tutulma protokolumun 2-ci səhifəsində də qeyd etmişəm.

Axtarışın bitdiyi elan edilib, sonra kənar polis gəlib “yataq otağındakı şkafın üstü” deyib və sübut məhz o zaman “tapılıb”. Bu, “Sübutların yerləşdirilməsi” üzrə klassik ssenaridir. Axtarış bitibsə, protokol imzalanmalı və möhürlənməlidir. Prosesin yenidən başladılması CPM-də nəzərdə tutulmayıb. Hələ bir polis hal şahidi ilə sağollaşanda “görüşərik, əzizim” dedi. Hal şahidi polisin hansı əzizi idi, bilmirəm, amma bu, belə sübut edir ki, onlar əvvəlcədən tanış idilər.

Protokolda cəmi 4 sətirlik yer var idi, onlar da iki-üç nüansı yazdıqdan sonra bitdi. Əlibala Hacıyev özü də işbilməzliyinə bələd olduğundan adi bir prosessual hərəkətdə belə nə qədər qanun pozuntusu törədəcəyindən şikayət həddini bizə ayırdığı 4 sətirlik qeyd hissəsi ilə limitləyib. Axmaqlara səhvlərini görməmək istəyi yad olmasa da, onların görməməsi bizim də görmədiyimiz mənasına gəlmir.

Hal şahidlərindən biri evdə axtarış bitməmiş, protokol tam yekunlaşmamış “Evimdə xəstəm var” deyib protokolu oxumadan imzalayıb getdi. Evdəki axtarış xaotik şəkildə aparıldı. Yəni mən qonaq otağında olanda, digər iki otaqda, mətbəxdə, hamamda eşələnən polislər var idi. Yanıma yekəpər polis əməkdaşı oturtmuşdular və yerimdən tərpənməyə imkan vermirdilər. Axtarış demək olar ki, mənim iştirakım olmadan keçirilib.

Mən şübhəli şəxs olaraq saxlanılmışam. Evimdə axtarış aparılır, lakin ortada vəkil yoxdur. Vəkilin olmaması təsadüf deyil, sübutları saxtalaşdırmaq üçün yaradılmış şəraitdir. CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Axtarış yekunlaşana qədər müdafiəçiyə heç bir məlumat verilməyib. Protokolda qeyd olunur ki, axtarış gecə 02:10-da yekunlaşıb. Bir gün öncədən çıxartdırdıqları məhkəmə qərarında evimə giriş üçün əsaslar müəyyən edib mənim statusumu hələ də şahid kimi saxlaya bilməzlər. CPM-nin 90.7.2-ci maddəsinə əsasən, tutulduğum andan müdafiəçidən hüquqi yardım almaq hüququm var. Lakin əlavə etdikləri sənəddə də görünür ki, müdafiəçiyə 3:24-də zəng olunub, axtarış protokolu yekunlaşdıqdan sonra. CPM-nin 90.7.2-ci və 244.2-ci maddələri pozulduğuna görə CPM-nin 125.2.1-ci maddəsinin, “vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda sübut kimi qəbul edilməsinə yol verilmir” bəndinin əsaslarının yarandığını da deməkdə tam haqlıyam.

Dəfələrlə vəkil tələb etsəm də, buna məhəl qoyulmamasının səbəbi çox bəsitdir, vəkil olsaydı, müstəntiq Əlibala Hacıyev əlcəksiz pul saya bilməzdi. Vəkil olsaydı, cihazlarımın şifrəsi tələb ediləndə başımdan dəfələrlə yumruq vurulmazdı.

İstintaq materiallarındakı protokollara baxsanız görəcəksiniz ki, həm evdəki axtarış, həm də Bakı Şəhər Baş Polis İdarəsində üzləşdiyim zorakılıqla bağlı qanun pozuntularına dair çoxsaylı qeydlər aparmışam. İstintaq boyu bir dənə də vəsatətim təmin olunmayıb. Hakimlərin obyektiv həqiqəti axtarmadığı, araşdırmaq istəməməklərindən bəllidir. 

Tutulma protokolumun belə nə zaman tutulduğumdan xəbəri yoxdur. Protokolda yazılıb ki, Ülviyyə Quliyeva 07 may saat 03:50-də Bakı Şəhər Baş Polis İdarəsinin binasında tutulub. Mən o saatda orada nə gəzirdim? Əslində axtarış protokolunda da səhv var, axtarış 6 may saat 23:40-da başlayıb və 7 may saat 02:40-da bitib. Bunu yanımızdakı polisin telefon ekranındakı saatdan görmüşəm. Yazdıqları kimi 02:10-da bitibsə yarım saat neyləmişik bəs? Mən deyim.

02:10-da axtarışın sadəcə bitdiyi elan olunub. Sonra çöldən gələn polisin “yuxarıdakı çamadana baxmamışıq” deməyi ilə bitdiyi elan olunan axtarış yenidən sadəcə çamadanın içində davam edib. Qoyub götürdükləri pullar götürülüb və geridə qalan yarım saat bu pulların sayılmasına və nömrələrinin yazılmasına gedib. Hətta əminəm ki, Əlibala həmin an içindən “kaş ki, gəlməmiş pulların nömrələrini bölmədəki işçilərə yazdırardım, bu qədər vaxtım getməzdi” də demişdir. Həmin müddət ərzində mənim evdən çıxmağıma icazə verilməyib, sevgilimlə hərəkət azadlığımız polislər tərəfindən tam məhdudlaşdırılıb. CPM-nin 147.4-cü maddəsi deyir ki, tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

Mən əslində 6 may 23:15-də taksidən düşən anda tutulmuşam və 7 polis əhatəsində bir tur binanın başına fırladılıb azarını aldıqdan sonra kirayə yaşadığım mənzilə qaldırılmışam. Əgər müstəntiq bunu azadlığın məhdudlaşdırılması hesab etməyib mənim azad hərəkət etdiyimi düşünürsə, bir gün ona da bu azadlığın qismət olacağı günü arzuladığımı bilməsini istərəm. Amma mənim kimi haqsız yerə deyil, törətdiyi cinayətlərə görə həbs edilməlidir. 

Tutulma protokolunda “dekorativ” vəkilim Sevdiyar Bayramov da var. Ona zorakılığa məruz qaldığımı bildirəndə başını bulayaraq qarşılamışdı. Adını ifadəmdə əbədiləşdirirəm ki, nəvələri babası ilə fəxr etməsin. Mənə onu bütün əsas istintaq hərəkətləri yekunlaşdıqdan sonra təqdim ediblər.

Müstəntiq Əlibala Hacıyevə Bakı Şəhər Baş Polis İdarəsində zorakılığa məruz qaldığımı deyəndə isə “mən görməmişəm” dedi. Əlibala Hacıyev bizə açılan cinayət işindən sonra vəzifə əldə edib. Bunu da qanun pozuntuları törətməyinə və onları görməzlikdən gəlməyinə borcludur. Təcridxana işçilərinin belə “o, heç üzündən oxumağı bilmirdi” deyib tənə elədiyi müstəntiq Uzaq Şərq deyimlərindən xəbərsiz ola bilər, amma üç meymunu deyimdəkindən daha yaxşı oynadı. Açığı onu da qınamıram, böyüklərindən nə görübsə, onu götürüb. BMT-nin sorğusuna isə “zorakılığa dair sübut yoxdur” deyən dövlət MRT və KT nəticələrində zorakılıq izlərinin çıxacağından o qədər qorxub ki, 1 il 4 aydır səhhətimin yoxlanılmasına imkan yaratmır. 

Üstəlik, 30-dan çox həmkarım saxta maliyyə cinayətlərində ittiham olunduğu dövrdə polisin evimə qoyduğu 6700 avronu mənim pulum kimi sırımağa çalışıblar. Pulu nə vaxt, necə gətirdiyimlə bağlı heç bir sübut yoxdur. Pullar “Meydan TV”-yə aiddirmi, bu da sübut olunmayıb.

Lap tutalım pullar mənə məxsus idi. Azərbaycan hər zaman özünü regionun ən inkişaf etmiş, çiçəklənən dövləti hesab edir. Məgər 32 yaşlı insanın evində pul olması qəribədirmi? Yoxsa özləri də etiraf edir ki, heç bir gənc onun səriştəsiz idarəçiliyi altında qara gün üçün dala pul ata bilməz? Mən çox rahatlıqla pulların guya mənə məxsus olduğunu deyə və Avropa İnsan Hüquqları Məhkəməsindən bu pulların kompensasiya olaraq mənə qaytarılmasını tələb edə bilərdim. Çünki pulunun olması cinayət deyil. Son 6 ildir ki, beynəlxalq media əməkdaşı olan jurnalistin evində niyə pul olmasın ki? 

Fərz edək ki, mənim qazandığım hər məvacib Vaşinqtondan paraşütlə birbaşa evimə düşüb. İstintaq üçün əlavə hüquq dərsi keçim: ABŞ Hökumətinin yardım proqramları çərçivəsində verilən yardımın, o cümlədən qrantların vergidən azad edilməsini mən həbsxanada darıxıb fikirləşməmişəm. Buna dair Azərbaycanla ABŞ arasında 11 may 2000-ci ildə bağlanmış saziş və sazişin təsdiqi ilə bağlı 18 iyul 2000-ci ildə Heydər Əliyev tərəfindən imzalanmış qanun var. Görünən odur ki, bu işdə qanunun nə dediyi yox, kimə tətbiq edildiyi əhəmiyyətlidir. Tənqidçinizdirsə, qanun ondan yan ötüb keçir.

Bir tərəfdən dövlət özü müəyyən ABŞ yardımlarını vergidən azad edir, o biri tərəfdən istintaq pulun hansı hüquqi əsasla əldə edildiyini müəyyənləşdirmədən, “vergisini ödəməmisən” deyib, cinayət düzəldir. Belə çıxır ki, Azərbaycanda hüququn da məzənnəsi var: siyasi sifariş istiqamətinə uyğun dəyişə bilir.

15 may 2025-ci il tarixli, 5(103)-31/2025 saylı qərarın 4-cü səhifəsinin 6-cı abzasında məhkəmə qeyd edir ki, axtarış ona görə qanunidir ki, o, məhkəmə qərarı əsasında həyata keçirilib və həmin qərar ləğv edilməyib. Mahiyyəti belədir ki, Apellyasiya şikayətinin predmeti məhz Xətai Rayon Məhkəməsinin həmin qərarının qanunsuz olması idi. Apellyasiya məhkəməsi “Qərar ona görə düzgündür ki, o mövcuddur” məntiqi ilə çıxış edə bilməz. Məhkəmə ilkin qərarın faktiki əsaslarını yoxlamaq əvəzinə, onun prosessual mövcudluğuna istinad edərək məsuliyyətdən yayınıb. Bu, klassik tautologiyadır, yəni eyni fikrin, eyni məzmunun mənaca təkrar edilməsi.

Axtarış protokollarından kənar, mənə qarşı istifadə edilə biləcək digər bir sübut da şahid ifadəsidir. Lakin İttiham aktında qaçaqmalçılıq ilə bağlı ifadə verən heç bir şəxsin ifadəsində adım belə keçmir. Mənim adımın keçdiyi tək şahid ifadəsi sevgilimin ifadəsidir. Onun ifadəsi isə şahid ifadəsi olaraq dəyərləndirilə bilməz. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs CPM-nin 95.1-ci maddəsinə əsasən şahid sayılır və iş üzrə çağırılıb dindirilə bilər. Bu işin mahiyyəti jurnalistlərə qarşı açılan qaçaqmalçılıq ittihamıdır. O isə bu ittihama dair heç nə bilmir, ifadəsində də bu ittihamla bağlı heç nə yoxdur. Sevgilimi birgə yaşadığımız evdə saxlayıb BŞBPİ-nə gətiriblər. Hətta bilsəydi belə, o heç yerə çağırılıb ifadə verməyib. Barəsində CPM-nin 178-ci maddəsinə uyğun məcburi gətirilmə tətbiqi həyata keçirilib və heç nə protokollaşdırılmayıb. Halbuki, CPM-nin 178.2-ci maddəsinin məcburi gətirilmə halının tətbiq etdirəcək dörd halından heç biri mövcud olmayıb, olsaydı da CPM-nin 7.0.18-ci maddəsinə əsasən, şahid cinayət prosesinin iştirakçısı deyil və məcburi gətirilmə mahiyyətcə şahidə aid bir institut deyil.

Axtarış protokoluna görə əməliyyat 07 may gecə saat 02:10-da bitib. Şahidin dindirilməsi isə səhər saat 10:45-də başlayıb. Sevgilim evə buraxılmayıb, səhərə qədər bölmədə saxlanılıb. İstintaq “səhər gəldi, ifadəsini verdi” görüntüsü vermək üçün şahidləri adətən səhərə qədər saxlayır. Şahid statusunda olan şəxsin iradəsi ziddinə, heç bir rəsmi protokol olmadan polis idarəsində 8 saat saxlanılması “de-fakto həbs” və ya “qeyri-rəsmi saxlanma” hesab olunur. “Fərhad Əliyev Azərbaycana qarşı” işinin 166-cı bəndində də AİHM bəyan edib ki, şəxsin sənədləşdirilməyən saxlanılması Konvensiyanın 5-ci maddəsinin (Azadlıq hüququ) kobud pozuntusudur.

Ümumiyyətlə, sevgilim və hal şahidlərindən biri həmin otaqda olmayıb. Pul aşkarlanarkən haradan aşkarlandığını görməyiblər. Onlar pulu sadəcə müstəntiqin əlində sayarkən görüblər. Şahidlik etmək — hadisəni (faktı) görmək deməkdir. Əgər sevgilim pulun çantadan çıxarılma anını görməyibsə, o, pulun orada olduğuna şahidlik edə bilməz. O, yalnız müstəntiqin əlində pul olduğuna şahidlik edə bilər. Nə Ramin, nə də mən pul gördüyümüzü inkar edirik, amma evin hansısa nöqtəsində deyil, məhz müstəntiqin əlində görmüşük. Aktivistin cibindən narkotik, jurnalistin evindən avro çıxaran istintaq orqanının özünü Copperfield kimi aparan polislərinin bizim evimizdən çıxardığı pulun öz sübutetmə yükünə uyğun olaraq bizə aid olduğunu sübut etməsini istəyirik. 

Axtarış protokolunda 4 sətirlik yer var idi deyə mən pozuntularla bağlı hissəni bitirə bilmədim. Sevgilim də heç bir qeyd yaza bilmədi, bununla yanaşı baxıram ki, şahid ifadəsi protokolunda evdə baş verən pozuntularla bağlı ona heç bir sual verilməyib, ondan qanunsuz müsadirə elədikləri cihazları haqqında bir cümlə belə keçirməyiblər. İfadənin sonunda da “zorakılıq olmayıb” yazıblar. Məgər sevgilimə “səni vuran polis ərk edib vurub, onun yerinə mən üzr istəyim, məsələ bağlansın” deyən müstəntiq özü bu sözləri unudubmu?

Azadlıqdan məhrum olunmağım barədə məhkəmə qərarını prokurorun təqdimatı ilə bərabər təhlil etdikdə 70 faizinin eyni olduğunu görürük. Eks-hakim Sülhanə Hacıyeva həbs qərarında Ramin Cəbrayılzadənin mindiyi taksinin markasından tutmuş sürücünün adının Mirpaşa olmasına qədər detallı şəkildə yazır. Lakin mənim barəmdə həbs qətimkan tədbirinin niyə seçildiyini yazmır. Bu mətn müstəntiqin “ümumi iş” (şablon) faylından kopyalanıb. Hakim hətta bu lazımsız detalları silmək zəhmətinə belə qatlaşmayıb. Deyim biləsiniz ki, “Nikolaishvili Gürcüstana qarşı” işinin 79-cu bəndində AİHM qərarı əsaslandırarkən şablon, standart ifadələrdən istifadə edib, sadəcə Cinayət-Prosessual Məcəlləsinin mətnini təkrar/parafraz edib, amma faktlara uyğunlaşdırmamalarını da pozuntunu təşkil edən elementlərdən biri sayıb.

Qərarda həbsin əsasları sadalanır, lakin tətbiq edilmir. Hakim mənim həbsimi əsaslandırmaq üçün “ölkə hüdudlarını tərk etmə… ehtimallarının yüksək olmasını” göstərir. Məhkəmədə bəyan eləmişəm ki: “16.01.2025-ci il tarixindən ölkədən çıxışıma qadağa qoyulub”. Sərhədi keçməyim fiziki olaraq mümkün deyilsə, hara qaçacağam? Üstəlik, ölkədən çıxışa qoyulan qadağa ilə bağlı şikayətlərimə həbs qətimkan tədbiri barədə qərar verən eks-hakim Sülhanə Hacıyeva baxıb, detallardan xəbərdar olmama ehtimalı da yoxdur. Yeri gəlmişkən, Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən, şahidin ölkədən çıxışına qadağa qoyula bilməz. İstintaq 4 ay mənim ölkədən çıxışıma qanunsuz olaraq qadağa qoyub. Bu ilin aprelində AİHM bu qərarla bağlı Azərbaycan hökuməti ilə kommunikasiya başladıb.

Sonuncu dəfə 2024-cü ilin dekabrında ölkəni tərk edib yanvarın 4-də Azərbaycana qayıtmışdım. Yanvarda ölkədən çıxışıma qadağa qoyulub. Həbsim isə 6 mayda baş tutub. Gizlənsəm o 4 ayda gizlənərdim, həmin tarixdə həbs edilməsəm də, mənim yerim, yurdum bəllidir, məhkəmələrin önü. Hətta həbs olunduğum 6 may tarixində də “Abzas Media” və Tofiq Yaqublunun məhkəmə proseslərini işıqlandırmışdım. Həmin gün isə artıq izlənildiyimi hiss etmişdim.

Məhkəmə “Smirnova Rusiyaya qarşı” işindəki standartı pozaraq, mənim konkret şəxsiyyətimi və vəziyyətimi (ölkədən çıxış qadağası) nəzərə almadan, şablon ifadələrlə mücərrəd bir risk uydurmuşdur.

Məhkəmə qərarında niyə həbsdən başqa, daha yüngül qətimkan tədbirlərinin (məsələn, ev dustaqlığı və ya girov) tətbiq edilmədiyinə dair bir cümlə belə yoxdur. AİHM-nin “Buzadji Moldovaya qarşı” qərarına əsasən, həbs ən son çarə olmalıdır. Məhkəmə alternativ tədbirləri müzakirə etmədən birbaşa ən ağır tədbiri seçibsə, bu qərar avtomatik olaraq qanunsuzdur. Mənim daimi yaşayış yerim var, istintaqdan yayınmamışam, lakin məhkəmə bu halları nəzərə almayıb.

Əmim Bəylər Eyyubov deyil deyə səhhətimdəki problemlərə əhəmiyyət verilmir. 5 milyon dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan Ruslan Eyyubov ev dustaqlığına buraxılıb. Adamın gərək səhhətinin də “əmisi” olsun! 

İnsanların evini başına uçuran “Melisa Grup”un rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılaraq azadlıqdadır. Hadisə yerindən xəbəri işıqlandıran ilk jurnalistlərdən biri olan mən günahsız yerə həbsdəyəm. 

18 kiloqram qızıl qaçaqmalçılığında ittiham olunan Sərhəd Xidmətinin əməkdaşları azadlıqdadır, Dubaydan 190 min manat dəyərində qızıl qaçaqmalçılığında ittiham olunan Gömrük əməkdaşları azadlıqdadır, “Location” gecə klubundakı partlayışda vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan FHN-nin əməkdaşı azadlıqdadır, Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiyada ittiham elədiyi general Əfqan Nağıyev belə azadlıqdadır.

2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmişdi, azadlığa buraxılan 5 nəfər arasında XİN-nin konsulluq idarəsinin rəisi Faiq Bağırov da var idi. Hakim heyətinə sədrliyi, bizim işə çox da yad olmayan Azər Tağıyev edirdi, həmin xəbəri işıqlandıran mən həbsdəyəm. Məni onlardan daha təhlükəli edən nədir, cənab Azər Tağıyev? 

Mənə də maraqlıdır ki, mən bu saydıqlarımdan hətta bir kriminal aləm üzvündən necə daha təhlükəli ola bilərəm? Adam yaralamaqda ittiham olunan Oleq Krapivin belə azadlıqdadır, mən yox. Yəqin məhkəmə düşünür ki, qələm qılıncdan daha kəskindir. Sizə haqq verirəm, mən jurnalist fəaliyyətimlə çoxlarını “yaraladığımın” fərqindəyəm!

Hakim qərarda “Mürrey Birləşmiş Krallığa qarşı” işinə istinad edərək yazır ki, “şübhə obyektiv faktlara əsaslanmalıdır”, lakin hakim özü bu prinsipi kobud şəkildə pozub. Mənim qaçaqmalçılıq etdiyimi sübut edən hansı “obyektiv fakt” var? Sərhəd keçmə qeydimdə sərhədi keçərkən pozuntu törətdiyimi göstərən fakt yoxdur, saxtalaşdırdığım gömrük bəyannaməm yoxdur, kamera görüntüsü yoxdur. Yeganə “fakt” evimdən qanunsuz axtarışla özlərinin qoyub, özlərinin “tapdığı” puldur.

Məhkəmə qeyd edir ki, “cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs Həsənov Ülvi Fəxrəddin oğlu tərəfindən vəsatət və təqdimatda göstərilən hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas verir”.

Bu qərar o qədər fiaskodur ki, qərarın 6-cı səhifəsində yuxarıdakı abzas yer alır. Hətta məhkəmə qərarının tərtib edilməsi üçün belə əziyyət çəkməyiblər. Şablonun üstünə yazıblar, orda isə Ülvi Həsənovun adını silməyə əriniblər. Ülvinin “Meydan TV” işinə aidiyyəti yoxdur, “Abzas Media işi” üzrə həbs olunub. Lakin bu onu göstərir ki, məhkəmə katibinin kompüterində sırf jurnalistlər üçün ayrıca qovluq var və oradan rahat hüquqi əsaslandırmasız, sadəcə şəxs adlarını dəyişərək qərarlar verə bilirlər.

Müstəntiq qərarın təsviri hissəsində mənim müxtəlif protokollara yazdığım 12-dən çox fərqli və konkret faktı (vəkilsiz axtarış, gecə vaxtı sorğu-sual, pulun mənə aid olmaması, siyasi motiv, fiziki təzyiq və s.) sadalamışdır. Lakin qərar hissəsində bu fərqli qanun pozuntularının hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verməmişdir. O, sadəcə bir şablon cümlə ilə kifayətlənmişdir: “yazılı qeydlər… əsassız olduğundan tam rədd edilsin”. Həmin qeydlər müstəntiqin həyatda mövcudluğundan daha əsaslıdır. CPM-nin 121.2-ci maddəsi imperativ şəkildə tələb edir: “Vəsatətə… əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”.

“Vəkilim yox idi” iddiası ilə “pul mənə aid deyil” iddiası fərqli hüquqi faktlardır və fərqli əsaslandırma tələb edir. Onların hamısını bir cümlə ilə rədd etmək, qərarın əsaslandırılmamış olduğunu sübut edir. CPM-nin 121.2-ci maddəsinin ikinci cümləsi deyir: “Cinayət təqibi ilə bağlı olan bütün halların… hərtərəfli, tam və obyektiv araşdırılmasına… yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz”.

Müstəntiq qərarda yazır ki, Ülviyyənin iddiaları “özünü müdafiə xarakteri daşıyan və hər hansı dəlillərlə təsdiqlənməyən mülahizə” kimi qiymətləndirilir. Dediyim şeylər sadəcə özünü müdafiə deyil, bu, işin obyektiv halları barədə məlumatdır. İndi üzümü “Böyük Qardaşa” tutub deyirəm: Şərləyirsinizsə, heç olmasa bir az professional şərləyin.

CPM-nin 121.2-ci maddəsi tələb edir ki, qərar faktlara əsaslanmalıdır. Qərarın əsaslandırılması iş materialları ilə ziddiyyət təşkil edə bilməz. Müstəntiq qərarında iddia edir ki, “təqsirləndirilən şəxsin hüquqi yardım almaq, müdafiə və sair hüquqları tam təmin edildiyindən…”. O, həmçinin qeyd edir ki, vəkil Zibeydə Sadıqova ölkədə olmadığı üçün gələ bilməyib.

Bu arqumentasiya Axtarış Protokolu ilə daban-dabana ziddir. Axtarış Protokolunda açıq şəkildə “Axtarış vəkilsiz aparılıb” yazılıb. Müstəntiq Zibeydə Sadıqova məsələsini qabartsa da, izah etmir ki, niyə axtarış zamanı vəkil çağırılmayıb? Zibeydə xanıma zəng olunduğu saatda artıq axtarış yekunlaşmışdır. Vəkilim iştirak etmiş olsaydı, axtarış protokolunda vəkilin imzası olardı, bu, öz sənədləri ilə təsdiqləndiyi halda, müstəntiqin “hüquqlar tam təmin edilib” yazaraq vəsatəti rədd etməsi, qərarın saxta əsaslara söykəndiyini göstərir.

Mənim baxımımdan maddi sübut evimdən “tapdıqları” 6700 avrodur. Lakin bu valyuta üzərində mənim sahibliyim olmayıb və valyuta mənə aid deyil. Sahiblik hüquqi vəziyyətini belə izah edim ki, faktiki hakimliyimin ola biləcəyi bir ərazidə tapılsa da, mənim bu valyuta üzərində iradəm olmayıb və sahiblik elementlərindən birinin belə olmaması, pulun mənim sahibliyimdə olmadığını deməyə imkan yaradır. Son 5 ildə 20-ə yaxın səyahətim olmasına baxmayaraq, heç birində sərhəddə tutulmamışam, üzərimdən valyuta aşkarlanmayıb. Son səyahətimdən yanvarın 4-də qayıtmışam. Pul gətirmiş olsaydım, hamının evindən istintaqın pul “çıxardığı” bir dövrdə 4 ay bu pulu evdə saxlayardım?

Həbs olunandan sonra 7 may tarixində Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən Samir adlı polis mənimlə təhdid dilində danışdı. Zorakılıq və təcavüzlə hədələdi. Daha sonra dedi ki, Bakı Apellyasiya Məhkəməsinin 6 may tarixində Tofiq Yaqublunun məhkəməsinə aid görüntüləri izləyib. 

Mən isə məhkəmədən çıxıb qaça-qaça telefonumu dəhlizdəki dolabdan götürməyə gedirdim ki, xəbəri ictimailəşdirim. Samir kamera görüntülərini izləyəndə bərk qaçmağımdan yıxılacağımı düşünüb guya narahat olduğunu dedi. Lakin Samir məni təhdid edərkən bundan heç narahatlıq duymadı.

Əgər mən qaçaqmalçılığa görə həbs olunmuşdumsa, kamera görüntüləri gömrükdən olmalı idi. Niyə həmin əməkdaş peşə fəaliyyətimi yerinə yetirərkən çəkilən kamera görüntülərinə baxırdı? Məni necə qatı cinayətkar hesab edirlərsə, Xətai Rayon Məhkəməsinə aparılanda qoluma qandal vurmuşdular, hətta fotosu belə var.

“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 2 iyun 2016-cı il tarixli Plenum qərarının 19-cu bəndinin son abzasında da qeyd olunur ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra onları qəbul edən şəxsin həmin cinayətin törədilməsində iştirakı müəyyən edilmirsə, o, qaçaqmalçılığa görə məsuliyyət daşımır. Yəni qaçaqmalçılıq ittihamı üçün əvvəlcə sərhəddən konkret keçirmə əməli sübut olunmalıdır. Bizim işimizdə isə istintaq bu ən sadə mərhələni belə keçə bilməyib.

İndi ittiham tərəfi izah etsin: mən bu pulu hansı sərhəd-keçid məntəqəsindən, hansı tarixdə və hansı üsulla keçirmişəm? Kamera görüntüsü haradadır, gömrük yoxlaması haradadır, skan qeydi haradadır? Hansı gömrük əməkdaşı məni görüb, hansı sənəddə pulun sərhəddən keçirilməsi qeydə alınıb? “Yəqin keçirmişdi” cinayət sübutu deyil. Cinayət-Prosessual Məcəlləsində “biz belə düşünürük” adlı ayrıca maddə də yoxdur.

Ölkəyə pul keçirmişəmsə, həmin tarixdə gömrük orqanında açılmış bir araşdırma varmı? Hamı bu qədər rahatlıqla pul keçirə bilirsə, gömrük orqanı barəsində hər hansı intizam və ya digər məsuliyyət tədbiri görülübmü? Xeyr. Çünki istintaqın özü də yaxşı bilir ki, ortada nə sərhəddən pul keçirilməsini göstərən fakt var, nə də həmin pulların mənə aid olduğunu sübut edən etibarlı dəlil.

2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən “qaçaqmalçılıq” ittihamı üzrə çıxarılmış 10 qərar var, bunlardan ikisi elə “Meydan TV” işinə sədrlik etmiş Aytən Əliyevanın icraatında olub. 1(101)-739/2025, 1(101)-691/2025, 1(101)-195/2025, 1(101)-556/2025, 1(101)-522/2025, 1(101)-1602/2025, 1(101)-1602/2025, 1(101)-1176/2025, 1(101)-556/2025, 1(101)-1510/2025 nömrəli qərarların hamısında şəxslər sərhəddə saxlanılıb. Cinayət işinin istintaqı gömrük orqanı tərəfindən aparılıb. Yəni məhkəmə normal qaçaqmalçılıq işinin necə göründüyünü çox yaxşı bilir.

Bizim işimizdə isə nə sərhəddə saxlanılma var, nə gömrük protokolu, nə bəyan edilməmiş valyutanın aşkarlanması, nə kamera görüntüsü, nə də həmin tarixə aid hər hansı inzibati və ya cinayət araşdırması. Pul aylar sonra evdən “tapılır”, sonra isə istintaq həmin pulu geriyə doğru xəyali şəkildə sərhəddən keçirməyə başlayır. Görünür, sübut tapa bilməyəndə zaman maşını da istintaq hərəkəti hesab olunur.

Aytən Əliyeva ötən il fevralın 5-də çıxardığı qərarı oxumuşdusa, görə bilərdi ki, hətta 2020-ci ildən HI-SCAN texnologiyası gömrükdə tətbiq olunur. Bu avronu gömrük nəzarətindən kənar necə keçirmiş ola bilərəm? Texniki nəzarət infrastrukturu illərdir mövcuddursa, onda ittiham tərəfi konkret sübut göstərməlidir: hansı keçid məntəqəsi, hansı tarix, hansı yoxlama, hansı görüntü, hansı qeydə alınmış hadisə? Bunların heç biri yoxdursa, “pul evdən tapılıb, deməli sərhəddən də sən keçirmisən” hüquqi məntiq deyil. Qaldı bu pulun evimdən aşkarlandığı axtarış protokoluna. Bu qədər prosessual pozuntu ilə əldə edilən sənədi əsas götürüb, üstündən bir də sübut olunmamış sərhəd-keçmə hekayəsi qurmaq hüquqi əsaslandırma deyil. Sadəcə bir fərziyyəni başqa fərziyyənin üstünə qoyub adına ittiham deməkdir.

İronik tərəfi budur ki, “Meydan TV işi” kimi hüquq faciəsi olan cinayət işini icraata götürən hakim Aytən Əliyeva indi Bakı Apellyasiya Məhkəməsində fəaliyyət göstərir. Yəni hüququn anasını daha yuxarı instansiyada ağlatmağa davam edəcək. 

Sübut olaraq dəyərləndirilən digər sənəd 23 may 2025-ci il tarixli 25/871 nömrəli ekspert rəyidir. Ekspert rəyində sual pul əsginaslarının üzərində barmaq izinin olub-olmamasıdır. Pula son toxunan şəxs Əlibala Hacıyevdir. Lakin nə zaman toxunduğum bilinmədiyi halda, 4 əsginasdan mənim barmaq izim çıxıb, fəqət pulları əlcəksiz sayan Əlibala Hacıyevin barmaq izi çıxmayıb. 

Üzərində sağ əlimin adsız barmağının izi tapılan EA6598403227 seriyalı 100 avro əsginası 15-ci, sağ əlimin orta barmağının izi tapılan WA0080734798 seriyalı 100 avro əsginası 27-ci, sol əlimin orta barmağının izi tapılan VB7854063454 seriyalı 50 avro əsginası 68-ci, sol əlimin şəhadət barmağının izi tapılan RR4665204835 seriyalı 20 avro əsginası 81-ci sırada yerləşmişdir. Rezinlə bağlanmış pul bükməsini çantama qoymuşamsa, niyə aşağıdakı və yuxarıdakı pula deyil, dördünə toxunmuşam? Bəs bunlar niyə bükmədə təsadüfi mövqelərdə — biri 15-ci, digəri 81-ci sırada — yerləşir? Əgər saydığımı iddia edirlərsə, digərlərində barmaq izim haradadır? İstintaq Fatimə Mövlamlının da 4 ədəd barmaq izini tapıb. Məndə olan digər 91 əsginasın üzərində niyə heç barmaq izi aşkarlanmayıb? Əlibalanın barmağının toxunduğu hissələr buna imkan yaratmayıbmı? Azərbaycan müstəqil ekspertizanı ən son Elçibəyin dövründə görüb. Nə təsadüf ki, bu rəyi verən Hüseyn Həsənov polis kapitanıdır və cinayət işini aparan qurum kimi Daxili İşlər Nazirliyinə bağlıdır. 

Bundan əlavə, evimdən çıxdığı iddia edilən 50 avroluq əsginasların 7 ədədi (Z34617067983, S13152575599, X21628189622, X33866414597, S30717033334, S17235101842, X52990399181) 2017-ci ilin aprelindən, 20 avroluq əsginasların isə 5 ədədi (U38454137213, S19497504517, U55240584692, S20215987423, S23044142086) 2015-ci ilin noyabrından etibarən emissiyası dayandırılmış əsginaslardandır. İstintaq qərar versin, mən qaçaqmalçıyam, yoxsa kolleksionerəm? Yaşı az qala Bakı Ağır Cinayətlər Məhkəməsi ilə eyni olan bu valyutalar məndə hardandır? 

İstintaq 25 avqust 2019-cu ildə …2343 sonluqlu nömrəyə yazdığım “100 avronu xırdalayıb özümə götürüm, qalanını da avro kimi sənə verim, hə?” və “yoldayam, gəlirəm” mesajlarını sübut kimi dəyərləndirib. Hamının nömrəsinin Getcontact tətbiqindən çıxarışını ittiham aktına çox önəmli sübut tapmışcasına əlavə edən istintaq qrupu bu nömrənin sahibini yazmayıb. Nömrənin sahibi hazırda məhkəmə prosesində iştirak edir. Bəli, anam.

Ola bilsin ki, qadın jurnalistləri həbs edərkən cinsi qısnamaya, zorakılığa və təcavüz təhdidinə məruz qoyan ailəsinin xeyirsiz övladlarına anama kömək etməyim cinayət əməli kimi gəlib.

Belə başa düşə bilərik ki, müstəntiq Samir İsmayılov mənə gələn mesajlarda avro sözünü görən kimi “yapışdır getsin” prinsipinə əməl edib, lakin məsələnin mahiyyətinə varmayıb. SMS-lərin birində görünür ki, nömrə rominqdədir, yəni mən xaricdəyəm. Avropada olanda kartıma edilmiş avro mədaxilini sübut qismində dəyərləndiriblər. Keçmiş vəkilimdən Fransaya viza almağın yollarını dilənən Samir İsmayılov üçün əlavə məlumat verim ki, Avropa İttifaqının rəsmi valyutası avrodur. Hüquq biliyinlə özünü Azərbaycanda biabır etmisən. Gedib Avropada manat işlətməyə çalışıb bizi də biabır eləmə. Belə baxıram ki, məndən də gözləntin belə olub.

Digər bir sənəd isə sərhədkeçmə sənədimdir. İttiham tərəfi iddia edir ki, mənim Aynur Qənbərova, Xəyalə Ağayeva və digərləri ilə birgə səyahət etməyim “cinayət əlaqəsidir”. Həm 2022, həm də 2023-cü ilin sentyabrındakı səfərim eyni məqsədə xidmət edirdi: Biz “Meydan TV” media qurumunun təşkil etdiyi tədbirdə iştirak etməyə gedirdik. Mən həmin tarixlərdə (18-25 sentyabr 2022 və 16-24 sentyabr 2023) dövlət sərhədini rəsmi qaydada keçmişəm. Gömrük orqanları məni yoxlayıb və buraxıb. Əgər o vaxt cinayət tərkibi var idisə, niyə saxlanılmamışam? İndi, aradan illər keçdikdən sonra, heç bir görüntü, heç bir maddi sübut olmadan “onun cibində pul var idi” demək hüquqi ittiham yox, fərziyyədir. Yenə üzümü kameralara tutub soruşuram: Adama deyərlər, “yatıb indi ayılmısınız?!”

Dünyanın hər yerində bir təşkilatın əməkdaşlarının və ya dəvətli qonaqlarının eyni tədbirə getmək üçün eyni reysdən istifadə etməsi “cinayət” yox, korporativ normadır. Əgər tədbirdə iştirak etmək cinayət törətmək kimi dəyərləndirilirsə, “Məclis İnfo” işində İmran Əliyev həbsdə olduğu halda, 29 yanvar 2022-ci ildə “Məclis İnfo”nun tədbirində iştirak edən deputat Elman Nəsirov niyə hələ də azadlıqdadır?

Son 5 ildə 20 dəfə səfər etmişəm, ikisi “Meydan”ın jurnalistləri ilə olub deyə, bu bizi mütəşəkkil dəstə eləmir. Digər 18-i niyə bərabər deyil bəs? Utanmasanız, biz uçarkən təyyarəni idarə edən pilotu da tutub gətirəcəksiniz, hərçənd sizdə utanan üz də yoxdur. İttiham tərəfinin mütəşəkkil dəstənin sıx birləşmiş şəxslərdən təşkil olunmalı olduğunu bilməməsi məni bunu bu qədər uzun izah etməyə məcbur edir.

İstintaq orqanının mənimlə Aytac Əhmədova, Xəyalə Ağayeva, Aysel Ümüdova və Həbib Müntəzirin birgə olduğu fotoşəkli “cinayət əlaqəsinin sübutu” kimi təqdim etməsi hüquqi cəhətdən absurddur və sübutetmə standartlarına cavab vermir. Fotoşəkil yalnız bir faktı sübut edir: tanışlıq. Tanışlıq isə cinayət deyil.

Onların mənimlə bağlı tapdıqları “sübutlar” bu qədərdir. Halbuki tapmalı olduqları şeylər bununla kifayətlənmir. 

Mənə “qrantçı” deyirlər, amma Ədliyyə Nazirliyinin özünün 25 iyun 2025-ci il tarixli rəsmi cavabı (cild 23, vərəq 36-38) qara şriftlə üzünüzə çırpır ki, adıma nə qrant, nə xidmət müqaviləsi, nə də ianə var! Mənə “qrantçı” deyirlər, lakin bir dənə də olsun qrant müqaviləsi aşkarlanmayıb. Bəs mən olmayan, dövlətin belə tapa bilmədiyi xəyali vəsaitin nəyini qeydiyyata aldırmalı idim – aldığım havanı, yoxsa gördüyüm yuxuları? Olmayan qrantı “qeydiyyata aldırmamısan” iddiasını irəli sürmək müstəsna həyasızlıq nümunəsidir. 

Qanunsuz şəkildə açılmış cihazlarımdan istintaq əhəmiyyətli heç nə çıxmayıb. Prosessual pozuntu olmadan heç bir istintaq hərəkəti aparılmayıb barəmdə. Bizə “mütəşəkkil dəstə” deyirlər, tapdıqları 2 ədəd fotoşəkil, 2 ədəd bilet, 26 zəngdir. Halbuki onlar mənim həmkarlarımdır və bunların olması deyil, bu qədər az olması təəccüblü gəlməli idi. 

Evimdən götürdükləri şeylərdən biri jurnalist vəsiqəmdir, o da “Amerikanın Səsi”nə aiddir. İstintaq sirrini pozub yayımladıqları videoya Bakı İstintaq Təcridxanasında baxdım, orada da jurnalist olduğum vurğulanır. Barəmdə hazırlanmış və qarayaxma kampaniyası ehtiva edən bu reportajda da “Amerikanın Səsi” üçün neçə reportaj və xəbər müəllifi olduğum xüsusi qeyd edilib. Hələ bu videoda pozulan təqsirsizlik prezumpsiyasından danışmıram.

Sonuncu dəfə məhkəmədə Aytac Tapdığa bununla bağlı sual verəndə isə dövlət ittihamçısı Vüsal Abdullayev cavab vermək əvəzinə, sualın protokoldan çıxarılmasını istədi, məhkəmə də bunu təmin etdi. Deməli, istintaq materiallarını hökumət mediasına ötürüb bizim haqqımızda qarayaxma materialları hazırlamaq olar, amma bunun səbəbini məhkəmədə soruşmaq olmaz. Şəxsi məlumatlarımızı televiziyada göstərmək problem deyil, həmin davranışın izahını tələb edən sualı protokolda göstərmək problemdir.

Görünür, bu cinayət işində yeni bir prosessual üsul da kəşf edilib: cavab verə bilmədiyin sualı protokoldan sil. Kağızdan silinəndə, sualın özü də yox olacaq deyə düşünürlərsə, yenə yanılırlar. İstintaq materiallarını mediaya servis edən də onlar idi, indi həmin faktı məhkəmə protokolundan təmizləməyə çalışan da özləridir. Cinayət işində sübut çatışmaya bilər, əsas odur ki, protokolda bunu sorğulayanın olduğu bilinməsin.

Video isə onun etirafıdır ki, “Amerikanın Səsi”nə cinayət işi açmaq hünərində olmayıblar. Məni başqa cinayət işinə calayıblar. İstintaq materiallarından da görünür ki, bu saxta cinayət işində mənimlə bağlı yazılanlar yamaq kimi adamın gözünü deşir. Materiallar həm də onu göstərir ki, mən kiminsə yaxını olaraq hədəf seçilməmişəm, məhz müstəqil jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Gülməli bir nüans da qeyd edim. Əlibala Hacıyev mənə və vəkilimə təqsirləndirilən şəxs qismində tanındığımı elan edəndə “siz Toplum TV-də işləyirsiniz?” sualını verdi. “Meydan TV” ilə bağlı əleyhimə sübut tapa bilməyən istintaq şansını başqa cinayət işində sınamağa çalışırdı.

İttiham tərəfi məni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqda ittiham edərkən, “mütəşəkkil dəstə” anlayışının hüquqi mahiyyətini kobud şəkildə təhrif etmişdir. Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarına əsasən, mütəşəkkil dəstə sadəcə insanların bir araya gəlməsi deyil; o, sabitlik, iyerarxiya, rolların bölgüsü, ümumi kassa və psixoloji birlik tələb edən mürəkkəb bir strukturdur.

Lakin bu iş üzrə toplanmış sübutlar (ekspert rəyləri, telefon analizləri və ifadələr) göstərir ki, bizim fəaliyyətimizdə bu əlamətlərin heç biri mövcud deyil. İttiham tərəfi peşəkar jurnalist həmrəyliyini və işgüzar münasibətləri süni şəkildə “cinayətkar birlik” kimi qələmə verməyə çalışır. 

Mütəşəkkil dəstənin varlığı üçün üzvlər arasında intensiv, davamlı və sabit rabitə olmalıdır. Dəstə üzvləri gündəlik əməliyyatları müzakirə etməli, planlar qurmalıdırlar. Lakin iş materiallarındakı 25 avqust 2025-ci il tarixli “Diskə baxış protokolu” bu “sabitliyi” kökündən inkar edir. Mənimlə “dəstə rəhbəri” olduğu iddia edilən Aynur Qənbərova arasında 6 il ərzində (2019-2025) 26 telefon zəngi olmuşdur.

Həmin müddətdə cəmi bir SMS yazılmışdır. Bu bir SMS-in məzmunu isə “sabitliyi” yox, “yadlığı” sübut edir: “Aynur xanım… taksini hara çağırım bilmirəm. Deyə bilərsiniz hara gəlim?” Neçə illik qruplaşmanın daimi məskunlaşdığı bir yer belə yoxdur. 6 ildə bir dəfə ünvan soruşmaq üçün mesaj yazan şəxslər arasında hansı “sıx birlikdən” və ya “sabitlikdən” söhbət gedə bilər? Rabitənin olmaması strukturun və sabitliyin olmamasını sübut edir. 

Ortada heç bir qaçaqmalçılıq olmadığından, digər ittihamları xırdalamıram. Çünki onlar qaçaqmalçılıq maddəsinin törəməsidir.

Bakı Jurnalistika Məktəbi ilə bağlı materiallarda adım bir dəfə də olsun keçmir. Absurda baxın ki, Ülvi Tahirovun adını ilk dəfə o həbs olunanda eşitmişəm. Özünü isə ilk dəfə məhkəmədə görmüşəm. İstintaq təqsirləndirilən jurnalistlərin telefon kontaktlarında bir-birinin nömrəsinin qeyd edilməsini sübut kimi təqdim edib. Məsələn, heç Ülvi Tahirovla bir-birimizin kontaktında olmamışıq. Bütün bunları sadalayaraq soruşuram: bir-birini heç tanımayan şəxslər necə mütəşəkkil dəstə ola bilərlər?

Mütəşəkkil dəstədə subordinasiya (tabeçilik) olmalıdır. Bir nəfər əmr verir, digəri icra edir. Mən ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Amerikanın Səsi” (VOA) radiosunun müstəqil əməkdaşıyam. Subordinasiya baxımından işlədiyim qurumun rəhbəri olaraq göstəriş verəcək şəxs Michael Abramowitzdir, Aynur Qənbərova deyil. İttiham tərəfi mənim kimdənsə təlimat aldığıma, “ciddi intizama” tabe olduğuma dair bir dənə də olsun sübut təqdim edə bilməyib. 

Konstitusiya Məhkəməsi “Cinayət qazanclarının bölüşdürülməsi və xüsusi pul fondunun yaradılması”nı mütəşəkkil dəstənin özəyi hesab edir. Bu bənd barədə ittihamın bir cümlə belə olsun qeydi yoxdur. Heç bir sübut yoxdur ki, kiminləsə gəliri bölüşdürmüşəm.

İstintaq materiallarında bizim media reyestrindən qeydiyyatdan keçməməyimiz bəh-bəhlə, böyük qəbahətmiş kimi qeyd edilir. Yəni Azərbaycan dövləti bununla bizi jurnalist saymadığını demək istəyir. Elə bir neçə il əvvəl bu qanuna etiraz etməyimiz də, hazırkı vəziyyətin yaranmasına qarşı idi. Məhz bizim səylərimiz nəticəsində media reyestrində qeydiyyatdan keçmək məcburi deyil, könüllüdür. İstintaq isə qanunu manipulyasiya edir. Onlar üçün jurnalist Prezident Administrasiyasından gələn tezisləri dərc edən, insanlara şər atan, istintaq materiallarını qanunsuz şəkildə yayan, ölkədəki korrupsiyaya, insan hüquqları pozuntularına, özbaşınalığa göz yuman, suspayı olaraq isə dövlətdən ev, medallar alanlardır. Onlar jurnalist deyillər, sadəcə internetləri və şərin qarşısında əyilən qamətləri var.

İfadəmi daha da uzadıb digər bütün maddələrlə də əlaqəmin olmadığını ortaya qoymaq istəyərdim. Lakin istintaq özü belə mənim vergi, leqallaşdırma, sənəd saxtalaşdırma, qanunsuz sahibkarlıq maddələri ilə əlaqəmi ortaya qoymağa cəhd belə etməyib ki, inkar da edim. Bu yolda vicdanınızı o qədər itirmisiniz ki, məhkəmədə Əhməd Muxtarın ev dustaqlığı ilə bağlı vəsatətinə “onu həbsdə saxlamaq üçün kifayət qədər əsas var” deyirsiniz, ifadəsini bitirdikdən sonra isə sual vermək üçün işlə yetərincə tanış olmadığınızı bildirirsiniz. 

Bu gün mənə istədiyiniz qədər sual verə bilərsiniz, mən hamısına cavab verməyə hazıram, lakin sizi bura öyrədib göndərən Prokurorluq özü belə Norveç mediasından gələn suallara cavab verə bilməmişdi. İşlədiyiniz orqana sual verirlər ki, 6700 avronun qaçaqmalçılıq yolu ilə əldə edildiyini göstərən hansı sübut var, yazırlar ki, onun vəkili var. Məgər pulun qaçaqmal olmasının sübutu mənim vəkilimdir? 

Həbs olunarkən Bakı Şəhər Baş Polis İdarəsində başımdan 7 yumruq vurulub. İki polis tərəfindən saçlarım iki fərqli istiqamətdə yolunub. Təcavüz təhdidinə məruz qalmışam. Həbsdə isə keyfiyyətli tibbi yardımdan məhrum edilirik. İfadəmdə saxta cinayət işini, törədilən qanunsuzluqları bir-bir ifşa elədim. Gördüyünüz kimi, mən sizə zorun dili ilə yox, ancaq qələmimlə cavab verirəm. Çünki əsl cinayətkar, mütəşəkkil quldur dəstəsi, siyasi sifarişli həbslərin qərarını verənlər, saxta cinayət işini düzüb-qoşanlar və nəhayət icraçılarıdır.

İstintaq materialları ilə tanış olanda istintaq qrupunun baş müstəntiqi Samir İsmayılov bizə pislik arzulamadığını dedi. Samir İsmayılov ən böyük pisliyi bu işə rəhbərlik edərkən elə özünə edib. Deyirlər “ölünü özbaşına buraxanda kəfənini bulayır”. “Meydan TV işi” ilə bağlı istintaq qrupunda 55 müstəntiq var. İstintaq materiallarının 55 nəfər tərəfindən bu qədər qeyri-peşəkar, bisavad, heç bir məntiqə sığmayan və hüquqi faciə şəklində qurulması əslində Azərbaycandakı özbaşınalığın ən yaxşı sübutudur. 

Bu cinayət işi Azərbaycanda müstəqil mətbuata qarşı törədilmiş cinayətlərdən sadəcə biridir. Həbsimiz siyasi sifarişdir və bunu deməyə kifayət qədər əsasımız var.

Əgər bir ölkədə hakimiyyət müstəqil jurnalistikanı susdurmaq üçün mürtəce qanunlar qəbul edirsə və bu qanunlar onları döymək üçün “dəyənəyə” çevrilirsə, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq. 

Əgər bir ölkədə müstəqil jurnalistlər dövlətin saxtakarlıqlarını ifşa etdiyi üçün təqiblə üzləşirsə, boğazına bıçaq dirənirsə və ağzına güllə sıxılırsa, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq.

Əgər bir ölkədə istintaq materialları hökumət medialarına servis edilərək müstəqil jurnalistlərdən cinayətkar yaratmaq şousuna çevrilirsə, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq. 

Əgər bir ölkədə həbsxanada da jurnalist fəaliyyətimizə davam etdiyimizə görə məhrumiyyətlərlə, təzyiqlərlə üzləşiriksə, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq.

Əgər bu ölkə Azərbaycan, dövlət başçısı isə İlham Əliyevdirsə və o da “dünyada müstəqil mətbuat yoxdur” deyəcək cəsarəti özündə tapırsa, bəli, biz siyasi sifarişlə həbs olunmuşuq!

Ana səhifəXəbərlərÜlviyyə Əli: Bizim həbsimiz İlham Əliyevin siyasi iradəsidir